Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Prezident İlham Əliyevin sərəncamı ilə seçkilər sentyabr ayının 1-nə təyin olunub.
Ölkəmizdə parlament seçkiləri bu ilin noyabr ayında keçirilməli idi. Ancaq həmin tarixdə Bakı qlobal əhəmiyyətli beynəlxalq tədbirə - COP29-a ev sahibliyi edəcək. Bunu nəzərə alaraq hakim partiyanın deputatları prezidentdən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasını xahiş edib. Konstitusiya Məhkəməsi sözügedən xahişin ana qanuna uyğun olduğu barədə qərar qəbul etdikdən sonra prezident parlament seçkilərini 1 sentyabra təyin etdi.
Artıq parlament öz işini yekunlaşdırıb və sonuncu iclasını keçirib. Mövcud qanunvericiliyə görə, Azərbaycan Milli Məclisinin səlahiyyət müddəti 5 ildir. Ancaq VI çağırış Milli Məclisin səlahiyyət müddəti 5 ildən az, 4 il yarım oldu.
Modern.az-ın məlumatına görə, yeni seçilən deputatların da səlahiyyət müddəti 5 ildən az olacaq.
Çünki, Konstitusiyanın 98-1-ci maddəsinə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Sentyabrın 1-də seçiləcək deputatların səlahiyyət müddətinin beşinci ili 2028-ci ilin sentyabr ayında başlayacaq və mövcud qanunvericiliyə görə seçkilər həmin ilin noyabr ayında keçirilməlidir. Konstitusiya parlamentin səlahiyyət müddətinin 5 ildən artıq olmasına icazə vermədiyi üçün (xüsusi hallar istisna olmaqla) seçkilərin 2029-cu ildə keçirilməsi mümkün deyil.
Beləliklə, konstitusiyada nəzərdə tutulan müddəa dəyişdirilməsə və yenidən növbədənkənar seçkilər keçirilməsə, yeni parlamentin "ömrü" 4 il 1 ay olacaq.