“Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən mübaribəsi və antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra daha müasir və güclü texniki təchizat məsələlərinə önəm verir. İtaliya istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin alınaraq ölkəmizə gətirilməsi də bu məqsədə xidmət edir. “Azərbaycanın hərbi aviasiya parkını gücləndirməsi labüddür”.
Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin təqdimatı haqda danışarkən söyləyib.
Millət vəkili bildirib ki, hərbi qüvvələrimizin arsenalına qəbul olunan bu təyyarə bir xıra xüsusiyyətlərinə görə çox qiymətlidir: “Təqdimatda da təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq”.
A.Məmmədov qeyd edib ki, Fransanın xüsusi canfəşanlığı, Hindistan, İran kimi ölkələrin dəstəyi ilə Ermənistanın ağır, öldürücü silahlarla silahlandırılması fonunda, Azərbaycanın öz müdafiə qüdrətini artırması, bizim suveren hüququmuzdur: “Müharibədən sonrakı dövrdə cənab Prezident bir neçə dəfə bəyan edib ki, əgər Ermənistana Azərbaycan üçün təhlükə törədən silahlar, texnikalar verilsə, onlar Azərbaycan silahlı qüvvələrinin legitim hədəfləri olacaq. Azərbaycan ordusu bu missiyanı Ermənistan ərazisində icra etməyə qadirdir. Bunu bilə-bilə Ermənistanı nümayişkar şəkildə silahlandırmaq Cənubi Qafqazda münaqişə və müharibə alovunu yenidən qızışdırmağa xidmət edir. Hazırda, Azərbaycanla Ermənistan sərhəd xəttinin müəyyənləşdirilməsi üzərində aktiv iş aparırlar. Hər iki ölkənin xarici işlr naziri bu gün verdikləri açıqlamalarda, sülh müqaviləsi üzərində işlərin getdiyini bəyan ediblər. Son 30 ildə mövqelərin və sülhün yaxın olduğu belə bir məqamda Fransa Ermənistanı silahlandırmaq yolunu tutur. Azərbaycan əlbəttə ki, Fransanın bu cür hərəkətlərindən narahatdır və buna qarı etirazlar ən ali formada ifadə olunub. Eyni zamanda, Azərbaycan dövləti ona qarşı yönələn hər hansı hərbi təxribata anında və qətiyyətli cavab verməyə qadirdir. Bunu, Ermənistanı yenidən uçruma sürükləyənlər yaxşı bilməlidirlər”.
Eltac Zülfqaroğlu/Turkustan.az