“Avropa İttifaqı adından Azərbaycana qarşı təxribatlar dayandırılmalıdır” – Milət vəkili


“44 günlük müharibə və antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Qərbin bir sıra siyasi dairələri, həmçinin, özünü beynəlxalq təşkilat adlandıran qurumlar tərəfindən ölkəmizə qarş total hücumlar davam edir”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

29 may 2024-cü il tarixində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən səsləndirilən fikirlərə münasibət bildirən millət vəkili səsləndirilən iddiaları “qərəzli və qəbuledilməz” adlandırıb

A.Məmmədov qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə bəyanatları qərəzli, məsələləri öyrənmədən təktərəfli şəkildə əldə etdiyi informasiyalara, eyni zamanda, ermənipərəst dairələrin təqdim etdiyi qondarma “faktlar”a əsaslanır: “Avropa İttifaqı nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir. Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar”. Millət vəkilinin sözlərinə görə eyni qaydada Qarabağda separatçı fəaliyyətlə məşğul olmuş, aöır cinayət törətmiş şəxslər də, qanuni prosedurlara uyğun şəkildə hüquqlarla təmin olunurlar: “Ona görə də Avropa İttifaqınin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır. Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur. Eyni zamanda, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir”.

A.Məmmədov məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin operativ reaksiyasını təqdir edərək diplomatiyamızıdn daha çevik fəaliyyətinin zəruri olduğunu söyləyib: “XİN bildirib ki, Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır. Biz də hesab edirik ki, Avropa İttifaqı kimi nüfuzlu qurum qərəzli bəyanatlar üçün tribuna olmamalıdır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ