Qənirə Paşayeva Mədəniyyət Komitəsinin iclasında ötən dönəmlə bağlı hesabatla çıxış edib - VİDEO


Azərbaycan Respublikası Milli Məclisin Mədəniyyət Komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilib.
Gündəlik üzrə müzakirələrdən öncə, son günlər Qarabağda erməni terroru nəticəsində şəhid olan mülki vətəndaşlarımız və hərbçilərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Qənirə Paşayeva Azərbaycan Ordusunun lokal antiterror əməliyyatı haqqında məlumat verdikdən sonra, Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Komitənin gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib.
Komitə sədrinin hesabatını kiçik ixtisarla təqdim edirik:

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dönəmində 5 iclas və 2 dinləmə keçirmiş, keçirilən iclaslarda 8 məsələ müzakirə olunmuşdur. Onlardan 5-i qanun layihəsidir. Həmin Qanun layihələrin hamısı Milli Məclisdə qəbul olunmuşdur.
Yaz və növbədənkənar sessiyalar dönəmində Milli Məclisinin Mədəniyyət Komitəsində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birgə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi üzrə ictimai dinləmə keçirilmişdir.
Milli Məclisin yaz və növbədənkənar sessiyalar dönəmində Mədəniyyət Komitəsində “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilmişdir.
Mən parlamentin sədri Sahibə xanım Qafarovaya bu dinləmələrin yüksək səviyyəli təşkili üçün bir daha Mədəniyyət Komitəsi üzvlərinin təşəkkürünü çatdırıram.
Hər iki dinləmədə uyğunprofilli qurum-quruluşların rəhbərləri, sahə üzrə tanınmış mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etdi, maraqlı müzakirələr aparıldı, müvafiq suallar cavablandırıldı. Bu isə belə demək mümkünsə, mövzular üzrə qət edilmiş məsafənin qiymətləndirilməsinə, mövcud durumun dəyərləndirilməsinə, yol xəritəsinin müəy­yənləşməsinə töhfə oldu.

Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Komitənin ünvanına daxil olmuş 995 məktub, təklif, ərizə və şikayətin 628-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilmişdir. Digərləri isə ya ərizəçi qəbul edilərək, izahat verilərək yaxud vətəndaşla, müvafiq dövlət qurumu ilə telefon bağlantısı yaradılaraq, biləvasitə cavablandırılmışdır.
Yaz və növbədənkənar sessiyalar dönəmində Ko­mitənin sədri tərəfindən Milli Məclisdə vətəndaş qəbulu günlərində 38 vətəndaş qəbul otağında, təqribən bundan iki dəfə çox vətəndaş isə Komitədə qəbul edilmişdir. Vətəndaşların fikirləri, təklifləri dəyərlən­di­rilərək, onların bir hissəsi Milli Məclisin iclasında səs­ləndirilmişdir.

Mədəniyyət Komitəsi yubileyi hesabat dönəminə düşən görkəmli mədəniyyət-incəsənət xadimlərimizin adını ehtiramla anıb, Mədəniyyət Nazirliyinin, bir sıra ictimai birliklərin iştirakı ilə yaddaqalan konfransların təşkilində yaxından iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 illik əlamətdar yubileyi ilə bağlı “Heydər Əliyev və Türk dünyası” adlı tədbir Beynəlxalq Muğam Mərkəzində, türk ölkə və topluluqlarından gəlmiş tanınmış şairlərin, yazıçıların, o cümlədən ölkəmizin tanınmış mədəniyyət işçiləri, incəsənət xadimləri və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə keçirilib, KİV-lərdə də geniş işıqlandırılıb.
Görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın 100 illik əlamətdar yubileyi ilə bağlı Komitənin tərəfdaşlığı ilə keçirilən tədbir, Zərifə xanımın adını daşıyan orta məktəbdə, yenə Türk dünyasından gəlmiş aydınların iştirakı ilə baş tutub. Tədbirdə, Zərifə xanım Əliyeva haqqında da geniş məqalənin yer aldığı “Tarixə adını yazan Azərbaycan qadınları” kitabının I cildi ictimaiyyətə təqdim olunub.
Görkəmli ədib – yazıçı, ədəbiyyatşünas, pedaqoq, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibəti ilə BDU-da Komitənin tərəfdaşlığı ilə keçirilən konfransda, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev və b. daxil olmaqla Türk ölkə və topluluqlarından gəlmiş mötəbər qonaqlar da iştirak edib.
Tanınmış şair İbrahim İlyaslının 60 illik yubileyi Mədəniyyət Komitəsinin dəstəyi, Türk ölkə və topluluqlarından gəlmiş yazarların iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrında keçirilib.
Tatarıstanın Xalq şairi, Tatarıstan Yazçılar Birliyinin başqanı, Dövlət Şurasının üzvü, Azərbaycanın yaxın dostu Rkail Zəydullanın “Ağ yapıncı” kitabı və “Çağdaş Tatar hekayələri” antologiyası Mədəniyyət Komitəsinin tərəfdaşlığı ilə nəşr olunub və Tatarıstanın Azərbay­candakı Daimi Nümayəndəliyində təqdimatı keçirilib.
Bu ilin fevralında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə humanitar yardımların təşkilində, təşviqində Komitə, o cümlədən Komitəmizin dəyərli üzvü Novruz Aslanın rəhbərlik etdiyi Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin yaxından iştirak edib. Qardaş ölkədə baş verən və minlərlə insanın həlak olmasına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılmasında, zəlzələ bölgəsinə humanitar yardımların göndərilməsində Milli Məclisin, ümumən dövlətimizin yüksək həssaslığını burada bir daha minnətdarlıqla qeyd edirik.
Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilində, “Qanun” Nəşrlər Evinin təşkilatçısı olduğu digər kitab festivalının açılışında iştirak etmişik.
Güneyin kükrək səsi, mühacirətdə yaşayan tanınmış ozan Araz Elsəslə Komitədə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişik. Həmin müzakirələrin nəticəsi olaraq, bu ayın 30-da, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında Araz Elsəsin konserti olacaq. Ümidvaram, hamımız orada iştirak edəcək, mühacir sənətçimizə öz mənəvi dəstəyimizi əsirgəməyəcəyik.

Komitəmizin üzvləri ölkəmizdə və xaricdə təşkil olunan çoxsaylı tədbirlərdə iştirak edib. Sədr müavini Fazil Mustafa, görkəmli özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” romanının yeni nəşrinin “Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri” çərçivəsində Özbəkis­tanın və Azərbaycanın Mədəniyyət nazirlərinin iştirakı ilə Milli Kitabxanada keçirilən təqdimatında çıxış edib.
Yeri gəlmişkən, Fazil bəyə qarşı məlum terror hücumunun hər birimizi narahat etdiyini, təqsirləndirilən şəxslərin artıq həbs olunduğunu, istintaq getdiyini də burada xatırlatmaq istərdim. Hörmətli həmkarımıza bir daha keçmiş olsun deyir, möhkəm can sağlığı, ictimai-siyasi fəaliyyətdə uğurlar diləyirəm!

Səfərlər barədə:
Qardaş Qırğız Respublikasında, bu ilin fevral ayının ilk həftəsində Azərbaycanla Qırğız Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə bağlı müxtəlif tədbirlərdə iştirak etmişik. Qardaş ölkə parla­mentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla, qırğız həmkar­larımızla səmərəli görüş-müzakirələrimiz olub.
Həmçinin Qırğızıstan-Türkiyə MANAS Universi­tetinin Ədəbiyyat fakültəsinin Azərbaycanın Qırğızıstandakı Səfirliyi ilə əməkdaşlıq ortamında düzənlədiyi “Azərbay­can-Qırğızıstan-Türkiyə əmək­daşlığının gücləndirilməsində mədəniyyətin rolu” adlı tədbirdə çıxış etmiş, Qırğız Milli Yazıçılar Birliyində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışıq. (Tərəfimizdən Qırğız Milli Yazıçılar Birliyinə bilgisayar dəsti hədiyyə olun­muşdur.)
Qeyd edim ki, mənim layihə rəhbəri və həmmüəllifi olduğum, qırğızcaya çevrilmiş “Qarabağdan doğan Günəş: Xurşidbanu Natavan” və “Qarabağ hekayələri” kitablarının MANAS Universitetində təqdimatı oldu.
Qardaş Qazaxıstanın Almatı şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Dünya Axıska Türkləri Birliyinin (DATÜB) tərəfdaşlığı ilə təşkil olunan konfransda iştirak etmişik. Cari ilin iyununun sonunda baş tutan səfər çərçivəsində bir sıra digər tədbirlər düzənlənib.

Mənim Almatıya səfərim çərçivəsində, Fərabi adına Qazax Dövlət Universitetində, Almatı Şəhər İcra hakimiyyətində, Qazaxıstan Yazıçılar Birliyində, Qazax Milli Kitabxanasında, Əhməd Yəsəvi adına Universitetin nəzdindəki Avrasiya İnstitutunda, Kurmanqazi adına Qazax Milli Konservatoriyasında unudulmaz görüşlərimiz, yaddaqalan tədbir və təqdimatlarımız olub. “Qardaş ölkə Qazaxıstan” kitabı sözügedən tədbirlərdə təqdim olunub, maraqla qarşılanıb.
Həmçinin, görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə əlaqədar qazax dilində, bizim tərəfdaşlığımız və önsözümüzlə çıxmış “Dağların qəlbi” kitabı Milli Kitabxanada, Fərabi adına Universitetdə qazax ədəbi, elmi, pedaqoji ictimaiyyətinə təqdim olunub.

Bu il sentyabrın ilk günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə, Şamaxı və Bakıda keçirilən “Azərbaycan dili və Ədəbiyyatı Forumu”nda Komitə sədri olaraq mən, Komitəmizin üzvləri – Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Millət vəkilləri Aqil Abbas çıxış etdi, Forumun qapanış panelinin aparıcısı Komitəmizin eksperti Əkbər Qoşalı oldu. Ümumən mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla bağlı respublikamızda keçirilən, demək olar, bütün mötəbər tədbirlərdə yaxından iştirak etmiş, bir çoxunda tərəfdaşlıq etmiş, dəstək durmuşuq.
Komitəmizin üzvü, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə xanım Həmzəyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bir önəmli festivala da toxunmaq istərdim. Söhbət, bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan “Naxçıvan Bəşəriyyətin Beşiyi” adlı VI Beynəlxalq Rəsm Festivalından gedir. Festivalın Naxçıvan şəhərindəki Əcəmi seyrangahında keçirilən açılış mərasimində biz də çıxış etdik, ürək sözlərimizi bölüşdük. Haqlı olaraq, vurğulandı ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə daimi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılması diqqətdə saxlanılır.
Xalq rəssamı Arif Hüseynovun 80-ci ildönümü ilə bağlı silsilə tədbirlərdə, hazırlanan nəşrlərdə Mədəniyyət Komitəsi öz mənəvi, yaradıcı dəstəyini göstərib.
Komitənin dəstəyi ilə paytaxtın, Sumqayıt və Abşeronun bir neçə orta məktəbində “Heydər Əliyev İli” münasibəti ilə kitab bağışı aksiyaları keçirilib, bu vəsilə ilə görkəmli ictimai və mədəniyyət-sənət xadimlərimizin yubileylərini məktəbli­lərlə birgə qeyd etmişik. İlk Qız məktəbinin qurucusu Hacı Zeynalabdin Tağıyev, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firudin bəy Köçərli, şair, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi Əliabbas Müznibin, Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi, tərcüməçi Həmidə xanım Cavanşirin, Xalq şairi Cabir Novruzun yubileyləri, eləcə də, 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə keçirdiyimiz və digər tədbirlər pedaqoji kollektiv və məktəblilər tərəfindən rəğbətlə qarşılanıb. Bu yöndə fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.

Bayaq vurğuladığım kimi, hesabat dönəmində Komi­təmizə çoxsaylı müraciətlər daxil olub, bu müraciətləri uyğun dövlət qurumlarına yönləndirib, kömək xahiş etmişik. Bu müraciətlərin bir qismi əsasən, görkəmli mədəniyyət-sənət xadimlərinin adının əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi, əsərlərinin nəşri ilə bağlı olub.
Belə vacib mövzuları Mədəniyyət Nazirliyi rəhbərliyi, Bakı şəhər İcra hakimiyyəti və digər əlaqədar dövlət orqanları ilə davamlı olaraq müzakirə edirik.
Həmçinin şəhid ailələrimizi, qazilərimizi hər vətəndaş qəbulu günündə, digər günlərdə qəbul etmiş, dinləmiş və qaldırdıqları məsələlərə mümkün köməklik göstərilməsinə çalışmışıq.

Bu günlərdə isə qardaş Türkiyədən gəlmiş iki fərqli heyətlə görüş-müzakirələrimiz oldu. Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət İctimai Birliyinin, eləcə də, Türkiyə Qəzetəçilər Federasiyası, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası rəhbərliyi və fəalları ilə 15 sentyabr - Nuru Paşa komandanlığındakı Qafqaz Türk-İslam Ordusunun Bakın azad etməsinin 105-ci ildönümündə görüşümüz, faydalı müzaki­rə­lərimiz oldu.
Qeyd edim ki, Mədəniyyət Komitəsinin tərəfdaşlığı, dəstəyi ilə qarşı günlərdə bir sıra önəmli tədbirlər nəzərdə tutulub. O cümlədən Qazaxıstanın görkəmli yazıçısı Kemal Tokayevin azərbaycanca, Azərbaycanın görkəmli yazıçısı Mir Cəlalın qazaxca çıxmış kitablarının Milli Kitabxanda qazax yazarları, mədəniyyət işçilərinin iştirakı ilə təqdimatı keçiriləcək.
DATÜB-in iştirakı ilə 26 sentyabrda (saat 18.00) Beynəlxalq Muğam Mərkəzində Ümummilli liderin 100 illiyi ilə bağlı Almatıda çıxmış nəfis kitabın təqdimatı və ədəbi-bədii gecə təşkil edəcəyik; sizin hər birinizi həmin tədbirdə görməkdən şad olarıq.

Həmçinin Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədrinin başçılığı ilə gürcü həmkarlarımız qonağımız olacaq. Eyni zamanda Asiya Parlament Assambleyasının Sosial-mədəni məsələlər daimi komitəsinin ilk dəfə Bakıda toplantısı keçiriləcəkdir.

Qeyd edə bilərəm ki, payız sessiyası dönəmində Komitəmiz müvafiq qanun layihələri ilə yanaşı, ölkənin mədəniyyət-incəsənət dünyasında baş verən yeniliklərə biganə qalmayacaq, mədəni irsə diqqət-qayğı göstərilməsi sahəsində öz mənəvi məsuliyyətinə uyğun davranacaqdır. Yaşayan ustad sənətkarlarımızla, istedadlı gənclərlə, ümumən müxtəlif nəsillərə mənsub sənət adamları, yazarlarla görüş və fikir mübadiləsi imkanlarını bundan sonra da dəyərləndirəcəyik.
Düşünürəm ki, görülmüş işlər Mədəniyyət Komi­təsinin ötən hesabat dönəmində fəaliyyətini məhsuldar və səmərəli hesab etməyə əsas verir.
Nəhayət sonda:
Bildiyiniz kimi, bu il Mədəniyyət Nazirliyi İctimai Şurasına növbəti seçkilər keçirildi, iki tur çəkən seçiklər nəticəsində seçilmiş yeni heyətdə, Komitəmizin üzvü, Akademik Nizami Cəfərov Şura sədri, Komitənin eksperti Əkbər Qoşalı sədr müavini seçilib.
Bu il iyulun 12-də Komitənin üzvü Cavanşir Feyziyevin 60 yaşı tamam olub. Cavanşir müəllimi yubileyi və cənab Prezidentin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edirik! İcazənizlə, hörmətli həmkarımıza Komitənin Təbrik məktubunu və xatirə hədiyyəmizi təqdim edim.


MANŞET XƏBƏRLƏRİ