“Humanitar böhran” şousu artıq ifşa olunub” – Millət vəkili


“Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərə çatdırmaq üçün nəzərdə tutduğu 2 avtomobillə yüklənmiş un hələ də gözləməkdədir. Bunun ardınca Rusiya hökumətinin təşəbbüsü ilə bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən gətirilən ərzaq dolu yük avtomobili də Xankəndiyə keçid üçün gözləyir. Amma, ermənilər bu yardımları qəbul etmək istəmirlər”.

Bu sözləri Turkustan.az-a açqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, dünyada aclıq, humanitar böhran kimi anlayışlar siyasi məqsədlərdən uzaq, sırf insani durumlardır: “Məsələn, bir sıra Afrika ölkələrində aclıq, susuzluq kimi mənzərələri görürük. Bu vəziyyətlərdə insanlar göydən atılan hər hansı ərzağı belə əldə etməyə çalışırlar. Çünki, həqiqətən, bir tikə yeməyə ehtiyacları var. Ermənilərin Qarabağda guya aclıq, humanitar böhran yaşanması haqda iddialar isə beynəlxalq ictimaiyyəti aldatmaq, Azərbaycana qarşı mənfi ictimai fikir formalaşdırmaq, öz separatçı məqsədlərini bu yolla davam etdirmək cəhdidir. Onlar bununla Laçın yolundan heç bir maneə olmadan istifadə etməyə nail olmaq istəyirlər. Bu zaman üçrətəfli bəyanata istinad edirlər. Amma, nədənsə, həmin bəyanatda üzərinə götürdükləri öhdəlikləri, Qarabağdan Ermənistan hərbçilərinin tam çıxarılmasını, Naxçıvana dəhliz açılmasını görməzdən gəlirlər. Yalnız, öz maraqlarına cavab verən müddəanı qabardırlar”.

A.Məmmədovun sözlərinə görə Azərbaycan dövləti çevik və dəqiq düşünülmüş addımları ilə ermənilərin bu təxribatını ifşa edib: “Azərbaycan öz yardımlarını təklif etməklə göstərdi ki, ermənilərin blokadaya alınması, onların aclıqla imtahana çəkilməsi kimi iddialar tamamilə absurddur. Azərbaycan özünə yenidən inteqrasiya etməyə çalışdığı sakinləri blokadaya almaz. Əksinə, onları bir qrup separatçının əsirliyindən qurtarmaq istəyir. Eyni zamanda, Rusiya tərəfindən göndərilən ərzağın qəbul edilməməsi göstərir ki, orada aclıq, humanitar böhran vəziyyəti yoxdur. Bunu ermənilərin özlərinin sosial şəbəkələrdəki paylaşımları da sübut edir. Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti demək olar ki, hər gün Laçın nəzarət buraxılış məntəqəsindən Ermənistana xəstə adı ilə adamlar daşıyır. Qayıdanda isə 10-12 avtomobillə dolu ərzaq, dava-dərman, uşaq yeməkləri Qarabağa gətirilir. Amma, nədənsə, ermənilərin havadarları bu faktları görməzdən gəlirlər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ