“Laçın buraxılış məntəqəsi suverenliyimizin bərpasının rəmzidir” – Millət vəkili


“Bu il, aprelin 23-də Laçında Azərbaycan-Ermənistan sərhədində qurulan sərhəd-buraxılış məntəqəsi 30 illik müharibə dövründə ən unikal tarixi hadisə idi. Bu addımla Azərbaycan öz sərhədlərinə nəzarəti tam bərpa etdi. Laçın buraxılış məntəqəsi suverenliyimizin bərpasının rəmzidir”.

Bu fikirləri Turkustan.az saytına açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhər günü ilə bağlı təntənəli mərasimdə çıxışı zamanı Laçın buraxılış məntəqəsinin yaradılmasının müstəsna əhəmiyyəti ilə bağlı tarixi fikirlər səsləndirib: “Cənab Prezident çıxışında bildirdi ki, “Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.

A.Məmmədovun sözlərinə görə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasını heç cür həzm edə bilməyən erməni tərəfi və onun dəstəkçiləri bölgədə vəziyyəti gərginləşdirmək, guya Qarabağ bölgəsində humanitar böhran yaşanması haqda fon yaratmağa çalışır. Amma, Azərbaycan öz haqlarını müdafiə edərək suverenliyinin təmin olunması üçün lazımi addımlar atmaqda davam edir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir: “Bundan sonra həm Qarabağa silah və hərbçilərin daşınması, həmçinin, bölgədəki Ermənistan hərbiçilərinin çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Azərbaycanlılara qarşı vandallıq aktlarını törətmiş Xaçaturyan Vaqif Çerkezoviçin sərhəd-keçid məntəqəsində saxlanılması buna sübutdur”.

Millət vəkili qeyd edib ki, Laçın yolunda maneəsiz hərəkətin təmin olunması ilə bağlı Azərbaycana qarşı təzyiqlər nəticəsini verməyəcək: “Ermənistan hər zaman 9 noyabr üçrətəfli bəyanatına istinad edərək Laçın yolundan sərbəst hərəkətin təmin olunmasından dəm vurur. Amma, nədənsə, Paşinyan özünün də imzaladığı həmin bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvn arasında nəqliyyat xətlərinin açılması ilə bağlı müddəanı unudur. Bu zaman sual olunur, siz biabırçı məğlubiyyətə uğramış bir uğursuz ölkə kimi öz ərazinizdən Naxçıvana sərbəst keçidi 3 ildir yubadırsız, amma, elə düşünürsüz ki, dəmir yumruqla sizin başınızı əzmiş Azərbaycan öz sərhədini sizin üçün açıq tutmalıdır. Bu xülyalar heç vaxt reallaşmayacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ