Millət vəkili pezidentlərin Suriya müzakirəsi haqda: "Azərbaycan aktiv siyasi aktordur"


“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəngində Suriyada baş verən hadisələrin müzakirəsi, Türkiyənin bu proseslərdə uğurunun qeyd edilməsi, Türkiyə ilə birlikdə humanitar fəaliyyətdə iştirakla bağlı verilən mesajlar iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi bu məsələdə də ortaq mövqeni bölüşməsinə işarədir”.

Bu fikirləri Turkustan.az saytına açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Millət vəkili bildirib ki, Suriyada baş verən hadisələr, Bəşər Əsəd rejiminin süqutu, müxalifətin hakimiyyəti ələ keçirməsi Yaxın Şərq regionunda yeni şəraiti formalaşdırır: “Uzun illərdir ki, Suriyada dünyanın böyük güclərinin toqquşması, maraqları uğrunda mübarizə bu dövləti artıq bir neçə hissəyə parçalayıb. İndiki prosesləri həm də Türkiyənin uğuru saymaq olar. Həm də ona görə ki, Türkiyə ərazisində 4 milyondan artıq suriyalı qaçqın var. Türkiyə uzun illər həmin qaçqınlara hər cür yardımını himayəsini göstərdi. Artıq, qaçqınları öz ölkələrinə ləyaqətli bir şəkildə göndərmək missiyası var”.

V.İskəndərovun sözlərinə görə Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə telefon danışığında qardaş ölkə ilə birlikdə humanitar fəaliyyətdə iştirakla bağlı verdiyi mesajlar aktiv siyasi aktor kimi region və dünya siyasətindəki iştirakımıza işarədir: “Bu, dünyada yeni formalaşan geosiyasi münasibətlər sistemində Azərbaycanın da aktiv iştirakının bariz nümanəsidir. Dəfələrlə güclü Azərbaycan dünyada baş verən hadisələrə özünün çevik reaksiya verməsi ilə, eyni zamanda humanizm dəyərlərinə xüsusi önəm verməsi ilə fərqlənib. Cənab Prezident Qoşulmama Hərəkatının sədri olanda da dünyadakı humanitar böhranlara qarşı prinsipial mövqeyini nümayiş etdirib. Suriya ilə ciddi əlaqələrin olmasına baxmayaraq indiki çətin anda bu ölkənin suverenliyinin, ərazi bütövlüyünün dəstəkləməsi, qardaş Türkiyə ilə birlikdə humanitar fəaliyyətdə iştirak niyyətinin bəyan etməsi ölkəmiz üçün böyük bir addımdır. Yəqin ki, bu sahədə birgə fəaliyyətə şahid olacağıq”.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ