Xəbər verdiyimiz kimi, Azərbaycana məxsus 3 gəmi heyətləri ilə birlikdə Eritreya dövlətinə aid sularda həbs edilib. 2 aydır ki, 30 nəfərlik heyətin ac-susuz olduğu bildirilir.
Dövlət Dəniz və Liman Agentliyindən Bakupost.az -a bildirilib ki, gəmilərin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BMT-yə, Eritreyanın BMT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib. Həmçinin qeyd olunub ki, dərhal Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ilə əlaqə saxladıq. O, Bakupost.az -a açıqlamasında bildirib ki, hazırda bu məlumatla bağlı araşdırma aparılır.
"Gün ərzində əlavə məlumat verəcəyik", deyə A.Hacızadə qeyd edib.