Prezident İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Turkustan.az President.az-a istinadən xəbər verir ki, sərəncamla "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 175 (Cild I) 1.1-ci bəndi aşağıdakı redaksiyada verilir:
"1.1. səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə (bundan sonra - Cəmiyyət) Layihələrin səmərəli idarə olunmasını təmin etsin;".
Sənədlə cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının iki faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürülür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.