“O vaxt Qızıl Orda, indi də Azərbaycan...” – Aleksandrov qorxdu


Rusiya heç vaxt Azərbaycanın müttəfiqi olmayacaq, Azərbaycan Türkiyənin müttəfiqidir.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib.

Onun sözlərinə görə, Azərbaycan qarşısında zəif durumda olan Ermənistan sülh müqaviləsini imzalamağa çalışır, bu ölkədə heç kim döyüşmək istəmir.

Aleksandrovun fikrincə, indi Rusiya Ermənistanla müqayisədə Azərbaycanla əməkdaşlıqda daha çox maraqlıdır:

“Təəssüf ki, Rusiya ilə işlər yaxşı getmir. Rusiya rəhbərliyini Azərbaycana yönəlməyə nə sövq edibsə, bilmirəm. Fikrimcə, bu, Serj Sərkisyan dövründə, prezidentimiz Medvedev olanda baş verib. O zaman Azərbaycana silah tədarükü ilə bağlı ilk böyük müqavilə imzalanmışdı. Ola bilsin ki, Ermənistanın hərəkətlərində Rusiyanın nəsə xoşuna gəlməyib. O zaman belə bir ehtimal irəli sürmüşdüm ki, Ermənistan Gürcüstana qarşı müharibədə bizə o qədər də dəstək verməyib. Bundan sonra Sərkisyan Saakaşviliyə medal verdi. Əlbəttə, bu, simvolik idi, blokadada olan Ermənistan ən azı Gürcüstanla münasibətlərini qorumalı idi, amma bu, Moskvada yaxşı qaşılanmadı. Sonra Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması ilə bağlı danışıqlar aparıldı. Amma Ermənistan mövqeyini kəskin şəkildə dəyişərək Avrasiya İqtisadi Birliyinə üzv oldu.

O zaman Rusiya siyasəti yenidən Ermənistana üz tutmalı idi, amma bu baş vermədi. Ya Azərbaycan lobbisi rol oynayıb, ya da Rusiya rəhbərliyinin Ermənistanla bağlı müəyyən şübhələri vardı”.

Ekspert iddia edir ki, yaxşı əlaqələrə baxmayaraq, Rusiya heç vaxt Azərbaycanın müttəfiqi olmayacaq, Azərbaycan Türkiyənin müttəfiqidir.

Azərbaycanla bağlı iddialarında irəli gedən Aleksandrov vaxtilə bugünkü Rusiyanın böyük hissəsini əhatə edən, 260 il bu ərazilərdə hökmranlıq etmiş Qızıl Orda dövlətini də xatırlayıb.

Politoloq Azərbaycan – bir türk dövlətinin güclənməsinin Rusiya üçün “təhlükəli” olduğunu iddia edir:

“İqtisadi nöqteyi-nəzərdən Rusiyanın Azərbaycanla münasibətləri Ermənistanla müqayisədə daha sərfəli ola bilər, bir çoxları bu arqumentlərdən istifadə edir: Azərbaycan böyük ölkədir, iqtisadi cəhətdən inkişaf edib, neft hasilatçısıdır, tranzit potensialına malikdir, onunla əməkdaşlıq bizim üçün faydalıdır. Ancaq əsas şeyi unuduruq - təhlükəsizlik. Orta Asiyaya, sonra Şimali Qafqaza və sair yerlərə çatacaq pantürkizmin genişlənməsi Rusiya üçün çox ciddi təhlükədir. Bu, ikinci Monqol-Tatar Ordasının doğulması ola bilər”.

Aleksandrov Ermənistanın İranla hərbi əməkdaşlıqdan çəkindiyini də söyləyib:

“Qərb Ermənistanın İranla ittifaqa getməsini istəmir. Belə olsa, Qərblə münasibətlər kəskin şəkildə pisləşəcək. Paşinyan heç də asan vəziyyətdə deyil.

Rusiya da Ermənistana silah tədarükünü əngəlləyir. Bunu həm də onunla izah etmək olar ki, indi əlavə silahlarımız yoxdur. Qərb də Ermənistana aktiv şəkildə silah vermir. Fransa kiçik, simvolik təchizat vəd etdi. Hindistan yaxşı haubitsalar verdi, amma bunlar kifayət deyil. İrandan almaq olar, amma Nikol Qərbin qəzəbindən, Azərbaycana dəstək olaraq sanksiyalar tətbiq edəcəklərindən qorxur”.

Mixail Aleksandrov bu fikirləri Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində səsləndirib. Rus ekspert müsahibə ərzində Azərbaycanın ünvanına təxribatçı fikirlərini də dilə gətirib və bu, ilk dəfə deyil. Aleksandrov ötən ilin yanvarında belə - təxribatçı fikirlərinə görə işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan (MDBMİ) qovulub. Ermənipərəst ekspert Moskvanı Bakını bombalamağa çağırmışdı. Bundan sonra Azərbaycan Baş Prokurorluğu cinayət işi açaraq, Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edib.

1243-1502-ci illərdə mövcud olmuş Qızıl Orda türk-monqol dövləti idi. Çingiz Xanın nəvəsi Batı Xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən Qızıl Orda öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövlətlərindən biri olub. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ