Adı və əməlləri hər zaman yaşayacaq maarifçi - Sultanməcid Qənizadə


Aynur Turan

Azərbaycan maarifçilik cərəyanı XIX əsrin sonları, XX əsrin əvvəllərində özünün ən ilk çağlarını yaşadı. Təsadüfi deyil ki, 1875-ci il “Əkinçi” qəzetinin çapı ilə start götürən Milli Azadlıq Hərəkatı 1918-ci ilin 28 mayına, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu günə qədər davam etdi. Sonra da istiqlal bəyannaməsi kimi şanlı bir tarixlə nəticələndi. Bu, təbii ki, öz-özünə meydana gəlmədi. O dövrün ziyalılarının gərgin əməyinin məhsulu idi. Hansı ki, onlar çox böyük çətinliklərə baxmayaraq, xaricdə təhsil alıblar və Avropanın Demokratik, intelektual dəyərlərini Şərq ölkəsi olan Azərbaycana da gətiriblər. XIX əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultanməcid Qənizadə olub. Sultanməcid əfəndi XIX əsrin sonu XX əsrin əvvəlindəki ziyalıların bəzilərindən fərqli olaraq, çoxşaxəli fəaliyyəti ilə seçilib. Dahi şəxsiyyət, sözün həqiqi mənasında elm fədaisi, vətənin dəyərli, ziyalı övladı Sultan Məcid Qənizadə. Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Sultanməcid Qənizadə Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan-ədəbiyyat fədailərindəndir.

Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında Şamaxı şəhərində tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultanməcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultanməcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultanməcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayıldı. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi. Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki” (1902), “Samouçitel tatarskoqo yazıka” və başqa kitablar S. Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultanməcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla "Mirzə Məcid" deyə müraciət ediblərmiş. Sultanməcid Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olmuşdur. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir. Sultanməcid Qənizadə tərcüməçi idi. 1894-cü ildə o, Lev Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur”. O da məlumdur ki, Sultanməcid Qənizadə öz müasiri Lev Tolstoyla sıx əlaqədə olmuş, məktublaşmışlar.

Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes “Qönçə xanım” adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultanməcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr də yazmışdır. Ən sanballı bədii əsəri isə “Məktubati-Şeyda bəy Şirvani” adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.

Sultanməcid Qənizadə eyni zamanda böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə yazıları ən çox “Dəbistan” jurnalında çap olunardı. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultanməcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz S. Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri "Molla Nəsrəddin"in yazarları haqqında araşdırmalar apararkən Sultanməcid Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib "Molla Nəsrəddin" jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultanməcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.

Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli yazırdı: “Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”. Bir çox həmkarından fərqli olaraq S.Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Sultanməcid Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili”ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi. Sultanməcid Qənizadə bütün bunlardan sonra o dövrün tələbi ilə “xalq düşməni” adlandırıldı. Onun tərcümeyi-halında oxuyuruq: “S.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir”. Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultanməcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultanməcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək “xalq düşməni” kimi güllələdilər.

Yazarın Əli İskəndər Cabbarovla birlikdə yazdığı “Kəlili ədəbiyyat” (müntəxabat), “İstilahi Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)” və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, “Axşam səbri xeyir olar” əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri “Məktubati Şeyda bəy Şirvani” ümumi başlığı altında yazdığı “Müəllimlər iftixarı” hekayəsi və “Gəlinlər həmayli” romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur. S.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun “Əvvəlinci şərabçı” əsəridir. Sultanməcid Qənizadə yaradıcılığında körpəlik pedaqogikası, Azərbaycan pedaqoqu və maarifçisi, tərbiyə, cismani tərbiyə, mənəvi tərbiyə, valideyinlər və milli tərbiyə əsaslı yer tutur. Belə ki, ümumi pedaqogika başqa elmlərə nisbətən müstəqil bir elm kimi son zamanlar formalaşmasına baxmayaraq, onun tarixi çox qədimə söykənir. Bütövlükdə, “Pedaqogika” yunan sözü olub ədəbiyyatda “uşaq ötürən”, “uşaq himayə edən” və yaxud “yönəldirəm, tərbiyə edirəm” mənasında işlənir. Sultanməcid Qənizadə isə bu sözü “lələ” adlandırır. O yazır: “Pedaqogika ləfzi yunan dilində “lələ” deməkdir ki, ibarətən tərbiyə elmi zəmnində istemal olunur”.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ