Əsri çiyinlərində daşıyan sənətkar - Ordubadi


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

“Molla Nəsrəddin” məktəbinin istedadlı nümayəndəsi kimi meydana çıxan Məmməd Səid Ordubadi uzun, dolğun, mənalı yaradıcılıq yolu keçən ədib bir sıra tarixi romanların müəllifi kimi daha çox şöhrət qazanmışdır. Hadisələrin təsvirində realizm prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirən Ordubadinin oxucularda böyük maraq və həvəs oyadaraq təsəvvürləri genişləndirən bu əsərləri ədəbiyyatımızda tarixi roman janrının inkişafı sahəsində mühüm təşəbbüsdür. Yazıçının tarixi romanlarından sonuncusu olan “Qılınc və Qələm” də böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanın birinci hissəsində iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkammülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. İçtimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu “Qılınc və Qələm” romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır.

Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şəxsiyyət dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin –xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq “Qılınc və Qələm” adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin sujet xətti əsasında birləşdirən, oxunaqlı və yığcam quruluşlu “Qılınc və Qələm”, şübhəsiz Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır. Ədibin sonuncu romanı olan “Qılınc və Qələm” i yazmağa hazırlaşarkən yazıçı əsərin əsas qəhrəmanı-dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı böyük tədqiqat işləri aparır.Yazıçı hələ 20-30-cu illərdə dövri mətbuatda Nizami haqqında dəyərli məqalələrlə çıxış etmişdi. “Nizaminin dövrü və həyatı” (1939), “Böyük şairin yaşadığı mühit” (1947), “Nizami dövründə ədəbiyyat” (1947), “XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” (1943) və s. məqalələr bu qəbildəndir. Bunlardan əlavə Ordubadi “Nizami” adlı opera mətni (1939) yazmışdı. “Qılınc və Qələm” romanı 1946 (I kitab) və 1948-ci illərdə (II kitab) çapdan çıxır. Qısa müddətdə oxucuların rəğbətini qazanır. M.S.Ordubadi romanda Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlərə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edir. Əsər xalqın mənəvi və fiziki gücünün rəmzi olaraq “Qılınc və Qələm” adlandırılıb. Romanda ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq uğrunda mübarizələrdə ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması iftixar hissi ilə qeyd olunur. Xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların köməyinə də gedir. Mübarizə, müharibə və üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlansa da,onun əsas məsləhətçisi Nizamidir. Böyük şairlə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur. Romanda zəngin surətlər qaleriyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkir, Özbək surətləri baş qəhrəmanın siyasi-içtimai ğörüşlərində dövrün təsvirinə kömək edirsə, Səba xanım Hüsaməddin və başqaları sujet xəttinin davamını təmin edir. Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra sonuncu Eldəniz hökmdarı Özbəyi Əlincə qalasına saldırır. Qalada iki qoca bir-birinə öz başlarına gələn sərgüzəştləri danışır. Onlardan biri Atabəy Məhəmmədin böyük oğlu Qütlüğ İnanc, digəri kiçik oğlu Özbəkdir. Tarixi hadisələrin çox maraqlı şəkildə təsvir olunduğu “Qılınc və Qələm” Məmməd Səid Ordubadinin yaradıcılığına xas macəraçılıq üslubunda yazılıb.

Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin 1911-ci ildə Bakıda nəşr olunmuş “Qanlı illər” əsəri əsrin ilk illərinin içtimai-siyasi gedişatını, millətlərası münasibətlərin vəziyyətini əks etdirən qiymətli mənbədir. Əsərdə daşnakların törətdiyi faciələrin səbəbləri və nəticələri öz əksini tapmışdır. Yazıçı mənfur daşnaksutyun partiyasını doğru olaraq çarizmə nökərçilik edən, Zaqafqaziyada dinc həyatı, əmin-amanlığı pozan fitnəkar, terorçu siyasi cərəyan kimi qiymətləndirmişdir. “Qanlı illər”dəki hadisələr müxtəlif forma və məzmunda davam etdirilməkdədir. Ona görə də “Qanlı illər” bugünkü mürəkkəb içtimai-siyasi hadisələrdən baş çıxarmağa, Ermənistandakı “yalan zavodları”nın, məkrli, yalanpərəst siyasətçilərin iç üzünü açmağa kömək edir.Bircə onu deyək ki, kifayət qədər sənəd, dəlil-sübut, mənbə olduğu halda indiyədək erməni-azərbaycanlı münasibətlərinin elmi-tədqiqat süzgəcindən keçirilmiş obyektiv mənzərəsi yaradılmamışdır, mövcud tarixi faktlara əsaslanan tədqiqat əsəri ortaya qoyulmamışdır. Həmin dövrdəki toqquşmalarla əlaqədar xeyli sənəd və materiallar araşdırılsa da, Məmməd Səid Ordubadinin hadisələrin izi ilə yaratdığı “Qanlı illər” əsəri həm tədqiqatdan, həm də geniş oxucu audotoriyasından demək olar ki, kənarda qalmışdı. Materiallar toplandı, kitab yazılıb qurtardı. Lakin onun nəşrini yeni çətinliklər gözləyirdi. Əsəri çapa vermək üçün vəsait yox idi, var-dövlət sahibləri isə bu gözəl təşəbbüsdən boyun qaçırırdılar. “Qanlı illər” əsəri yalnız 1911-ci ildə Bakı kapitalisti Murtuza Muxtarovun maddi köməyi ilə nəşr olunub yayıla bildi. Əsərdə müəyyən hissələrdə erməni zülmü bariz şəkildə görünməkdə idi. “Küçələrdə qan tökən ermənilər ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb tökməkdə idilər.”

Məmməd Səid Ordubadi ensiklopedik bilik sahibi idi. Ona görə də onun yaradıcılığının mühüm qollarından birini də elmi-publisist məqalələri və elmi əsərləri təşkil edir. Ədibin yaradıcılığı milli mədəniyyətimizi zənginləşməsində, onun inkişafında müsbət rol oynamışdır. Xüsusən qüdrətli sənətkar tarixi romanları ilə ədəbiyyatımızda böyük ənənə yaratmışdır. Məmməd Səid Ordubadi xalqın inkişafı, ölkəsinin dirçəlişi yolunda qəfləti əsas seçmiş, cəhalətdən xilas olmaq üçün ağıla, idraka, elmə, maarifə əsaslanmağı önə çəkmişdir. Onun əsərlərində vətənpərvərlik ruhu yüksək ideya-bədi keyfiyyətlərə malik olan and miqyasında marş kimi səslənir.

Başdan keçib ölməklə Vətən qədrini bilmək,

Ölmək deyil, əlbəttə, odur bir də dirilmək.

Bu tərz ilə düşmənlər ayağında əzilmək,

Tarixdə müstəqbəl üçün ibrət edilmək.

Ölmək budu, bişəkk, əgər olsan da səlamət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

... Yatdıq nə qədər naz ilə, şimdisə ayrılmaq,

Başdan keçib, heysiyyəti-milliyə qazanmaq.

Can ilə təlaş eyləyibən qana boyanmaq,

Bir əmri-müqəddəsdi Vətən qeydinə qalmaq.

Qoy qanını töksünlər, qıl isbati-şəhadət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” jurnalında və XX əsrin əvvəllərində çap olunan digər mətbuat orqanlarında təxminən dörd mindən çox şeir və felyeton çap etdirmişdir. O, böyük demokrat yazıçı Mirzə Cəlilin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin, bu böyük sənət cəbhəsinin ən görkəmli və və fəal üzvlərindən biri idi. Məmməd Səid Ordubadi ardıcıl olaraq, axıradək “Molla Nəsrəddin” jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi realist-satirik ədəbiyyatın, sənətdə tənqidi-realist düşüncənin inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. “Biz ona xatircəm idik və bilirdik ki, bu məcmuə yaşayacaqdır”-deyən Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” məktəbi zəmnində yetişib formalaşmış, lakin Azərbaycan romançılığı sahəsindəki xidmətləri ilə ədəbiyyatda böyük şöhrət qazanmışdır. Bununla belə, “Qəflət”, “Vətən və hürriyyət” kitablarındakı vətənpərvərlik ruhunda yazılmış şeirlər geniş mənada Məmməd Səid Ordubadinin böyük ədəbiyyata gəlişinin ilkin qüvvətli ədəbi tezisləri kimi mühüm əhəmiyyət kəsb edir.

: Məmməd Səid Ordubadinin şəxsi həyatı bir o qədər də uğurlu olmamışdır. Sürgün illərində hər iki valideynlərini itirən Taisiya adlı gənc bir qızla ailə qurmuş, Şəfiqə adlı bir qızları dünyaya gəlsə də, bələkdə ikən ölmüşdü. Sonra onların Maqsud adlı bir oğlu olur. Maqsud da atasının ölümündən iki il sonra (1952) 32 yaşında dünyasını dəyişir. Məmməd Səid Ordubadi həyat yoldaşını “Nura” deyə çağırarmış. Ədibin şirinli-acılı günlərinin şahidi olan qadın səmimiyyətli, xeyirxahlığı ilə bu gün də xoş xatirələrlə yad edilir. Məmməd Səid Ordubadinin simasında öz xalqına və bütün qabaqcıl bəşəriyyətə xidmət etməyin parlaq nümunəsini görürük. Onun həyat və yaradıcılığı göstərir ki, öz istedadını inqilab işinə həsr edən əsl yazıçı gələcək nəsillərin xatirəsində əbədi yaşayır. Vətənə, xalqımızın sarsılmaz, qranit birliyinə möhtəşəm himn kimi səslənən, “min arzu, min xəyal, min dadlı istək” dən yaranan Məmməd Səid Ordubadi sənəti həmişə rayihəli qalacaqdır.

Məmməd Səid Ordubadi uzun sürən xəstəlikdən 1950-ci ilin 1 mayında Bakıda dünyasını dəyişmiş, və Fəxri xiyabanda dəfn olunmuşdur. Dövlətimiz sənətkarın ədəbi-içtimai fəaliyyətini yüksək qiymətləndirərək onu orden və şərəf nişanı və medallarla təltif etmişdir. Ədəbiyyat və incəsənət sahəsindəki görkəmli xidmətlərinə görə ədibə Əməkdar incəsənət xadimi adı verilmiş, o, zəhmətkeşlər tərəfindən Azərbaycan Ali Sovetinə ilk seçkilər zamanı (1937) Ordubaddan bir neçə dəfə deputat seçilmiş, mətbuat və dövlət qulluğu sahələrində geniş içtimai iş aparmışdır. Xalqımız böyük ədibin xatirəsini əbədiləşdirmək üçün bir sıra mədəniyyət ocaqlarına Ordubadinin adını verilmişdir.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ