Rafael Hüseynov
Akademik
(əvvəli BU LİNKDƏ)
Dil bilgisinin açdığı meydan Abbasqulu ağa Bakıxanova müqayisə, mənbələri qarşılaşdırmaq, saf-çürük etmək şəraiti yaradırdı. Elə bütün bunların sayəsində o, yüzdən artıq Şərq və Qərb mənbəyindən istifadə edərək Azərbaycanda ilk dəfə tarixə dair tədqiqat biçimli əsər yazdı.
Azərbaycanlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm”i səlis, asudəcə anlaşılan fars dilində yazması da, sonra həmin əsəri ruscaya tərcümə etməsi də maraqlı göstəricilərdir və bu, şəxsiyyətin elminin səviyyəsinin yüksəkliyinə dəlalət edir.
Arizu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfi kafir, gözləri xunxar gəlsin, gəlmədi.
Hər pərivəş cilve-yi hüsn eyləmiş, mən gözlədim,
Dilrübalər fövcünə sərdar gəlsin, gəlmədi.
Cana gəldim bivəfalar ülfətindən, istərəm,
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
Dərdü möhnət keçdi həddən, bəs ki çəkdim intizar,
Gözlədim ol şux gülruxsar gəlsin, gəlmədi.
Ləhce-yi canpərvərindən şur salsın aləmə,
Əndəlib-i sahət-i gülzar gəlsin, gəlmədi.
İstədim, Qüdsi, deyim vəsf-i camalın dilbərin,
Kuşiş etdim zinət-i göftar gəlsin, gəlmədi.
Dövrünün şeir dili ilə tutuşduranda Abbasqulu ağanın bu qəzəli yetərincə saya təsir bağışlayır. Amma nə qədər rəvan, anlaşıqlı, xalq deyiş tərzinə yaxın bir biçimdə qələmə alınsa da, hər halda Qüdsinin bu qəzəli də və əlimizdəki “Divan”ında yer alan bir çox başqa qəsidə, müxəmməs, məsnəvi, qitə, rübai, mənzum parça da bəlli klassik ənənənin yüzfaizli əsirindədir. Abbasqulu ağa şair babalarının ondan neçə əsr öncədən cızdığı çevrədən addım qırağa qoymur. Amma Qüdsinin təhsilini, tərbiyəsini, zövqünü, dünyagörüşünü, Qərb ədəbiyyatı və musiqisinə dərindən bələdliyini nəzərə alsaq, ehtimal etmək olar ki, o, bəlli çərçivələri sındıra da bilərdi.
Amma etməyib.
Dahi Puşkinin anası Nadejda Osipovna qızına növbəti məktublarından birində yazırdı: “Dünən Abbas bizdə Aleksandr, Sobolevski (A.Puşkinin dostu, alim-biblioqraf – R.H.) və qrafinya İveliçlə (Puşkinlərin qonşusu, savadlı bir xanım – R.H.) nahar etdi. Təbii ki, Lev də onlarla nahar edirdi. Sonra “kapitan”, şair, Məhəmməd övladı və Sobolevski teatra getdilər. Müsəlman dostumuz orada Yer üzündəki balet hurilərinə tamaşa etməkdən ləzzət aldı”.
Şübhə yox ki, Avropada olduğu müddətlərdə Abbasqulu ağa opera həzzini də dadırmış, rus və polyak şairlərini də, fransız poeziyasını da həvəslə oxuyurmuş, amma vətənə dönüncə yenə sabit sözəbaxanlıq və dəyişməz etibarla muğamın, xalq havacatının, dədə-baba şeirinin əyyam-i qədimdən var olan qalasına sığınırmış. Maraqlıdır ki, elmdə Qərb elm həyatında gözünə dəyən yenilikləri, gərəkli saydığı cəhətləri Şərqə tətbiq etməkçün ardıcıl səy etsə də, bu biri istiqamətdə Abbasqulu ağa axıradək ənənəçi olaraq qalıb.
Bu yöndə də təşəbbüslər etsəydi, nə gözəl olardı!
Bütün başqa səmtlərdə varlığında və qələmində avropalıyla asiyalını üzvi şəkildə qovuşduran Abbasqulu ağa şeir-sənət məsələlərində sonacan müsəlmançılığından əl çəkməyib.
Bəlkə onun geniş alim təfəkkürü qətiləşdirdiyi hansısa səbəblərə görə məhz bu yolu daha düzgün sayırmış?
Amma sonrakı zamanların artıq tamam başqa üstün ziyalıları və qələm adamlarının təşəbbüsləri, həmin mütərəqqi təşəbbüslərin sevimli nəticələri açıqca göstərdi ki, hər halda çəpərləri sındırmaq, calaqlar, peyvəndlər etmək faydalı bəhrələr doğururmuş.
Bu yolda Abbasqulu ağa da irəliləmiş olsaydı, yeniləşmə, müasirləşmə, dünyalaşma sarıdan bir neçə onil də qabağa düşmüş olardıq.
…Hələ sağlığında Abbasqulu ağa həm Azərbaycanda, həm Gürcüstanda camaat arasında da tanınan, sevilən bir kişi idi. Onun qəzəlləri, müxtəlif mənzumələri həm xanəndələrin, həm axund və dərvişlərin dilindən düşmürdü.
Polyak Mateuş Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmış “Qafqaz. 12 illik əsirliyin xatirələri” adlı kitabında yazırdı ki, “Abbasqulu ağa Ərdəbildə məscidə girir və axundun onun haqqında danışdığını eşidir: “İndi isə sizə cənnətməkan Abbasqulu ağanın məşhur sözlərini oxuyacağam”.
Və sonra axund kitabı açıb şövqlə oradan parçaları qiraət etməyə başlayır. Oxunanlar dinləyənləri məftun edir və onları həyəcana gətirir. Bunları görən şair ağlayır və onun ağlaması məsciddəkilərin diqqətini cəlb edir. Axund soruşur: “Ey müsafir, sən bizimlə birgə bu kitabdakı bilik qidası və nitq şəhdini dadmaq əvəzinə niyə ağlayırsan?
– Mən sevincdən ağlayıram. Siz bu kitabı tərif edirsiniz. Onu yazan mənəm…”
Hər bir insan üçün həyatda olmayacağı günlərdə necə xatırlanacağını, özündən sonrakıların ona necə qiymət verəcəklərini hansısa sehrlə görməkdən böyük nə səadət ola bilər!.. Amma belə bir qisməti hətta möcüzə şəklində belə ağla gətirmək çətindir. Tale Qüdsiyə bu xoşbəxtliyi də qismət etdi. Əkdiyi xeyirxahlıq toxumlarının, bütün böyük və savab işlərinin müqabilində ulu Tanrı ona elə sağkən sağ olmayacağı çağlardakı şərəfli qismətini, istiqbalını da əyan etdi.
Ərdəbildə baş verən hadisə sanki qaibdən nazil olan güzgüdə görünən gələcək idi…
Böyük Cavad xanın nəticəsi, ilk müstəqil cümhuriyyətimizdə xarici siyasətə başçılıq etmiş görkəmli ziyalımız Adil xan Ziyadxanov təxirsiz dövlət işlərilə yanaşı mənəvi yatırımız haqqında da daim düşünürdü və “Azərbaycan” ünvanlı əsərində Abbasqulu ağa Bakıxanov irsinin xalqa çatdırılması işindəki nigarançılığını gizlətmirdi: “Təəssüf olsun ki, mərhumun əsərləri bu çağacan təb olub çıxmayıbdır. Abbasqulu ağanın qohumlarından mərhum təbib Mustafa xan keçmişdə artıq bir şövq və həvəslə Abbasqulu ağanın əsərlərini yığıb təb etdirmək istəyibdi. Heyif olsun ki, o biçarəyə də əcəldən macal olmadı ki, həmin əsərləri meydana çıxarıb xəlqi də feyzləndirsin. İndi Abbasqulu ağanın nəvəsi və general Bakıxanov Hüseyn ağanın qızı Reyhanət xanım həmin əsərləri yığıb cəm eləməyə şüru etmişdir. Tez bir zamanda biçiz müsəlman şagirdlərinin nəfinə təb və nəşr etdirəcəkdir”.
Bu sətirlər yazılanda yeni – XX əsr təzə başlanmışdı və artıq o əsr köhnəlib qaldı keçmişdə, XXI yüzil asta-asta yaşa dolur. Abbasqulu ağa Bakıxanov və onun yaratdıqları isə əskiləşmədi, boyatlaşmadı. Bu gün bizə bir az da cəlbedici gəlir.
“Üç sandıq kitab göndərdim. Əlbəttə, əlf əlbəttə, onları yaxşı qoruyub saxlayın. Qoymayın nəm çəksin, siçan yesin”. Bu, Abbasqulu ağanın ailəsinə göndərdiyi məktublarındandır. Kitaba bunca sevgi ilə, bunca canıyananlıqla yanaşan Abbasqulu ağa Bakıxanov özü də dəyərini itirməyəcək, əsrlər adlayacaq kitablar yaratdı.
Azərbaycan istiqlalı tarixində adı həmişə yaşayacaq Adil xan Ziyadxanov bunu da yazırdı ki, bakılılar fəxr edə bilərlər ki, Azərbaycanın paytaxtı olan Bakının Əmirhacıyan kəndində əsil və nəcib bir xanəvadədən Mirzə Məhəmməd xan oğlu Abbasqulu ağa dünyaya gəlmişdir.
Bu sözlərlə sonacan barışmaq çətindir.
Abbasqulu ağa ilə tək bakılılar yox, bütün Azərbaycan fəxr edə bilər və edir də.
Millətə başucalığı gətirən insanlardan biri kimi o, həmişə tarixin qızıl yarpaqlarında yaşayacaq.
…Abbasqulu ağa Bakıxanov haqqındakı söyləmələr də, nəslinin elçilərinin yaddaş-yaddaş keçirərək bugünə gətirib çıxardıqları xatirələr də anladır ki, o, Xəzəri çox sevirmiş. Bu sevgini Bakıxanovun Xəzərlə bağlı ən çeşidli araşdırmaları da təsdiqləyir.
1993-cü ildə Abbasqulu ağanın kötükcələri Xəzər Gəmiçiliyi İdarəsinin rəhbərliyinə gəmilərdən birinə Bakıxanovun adının verilməsi ilə əlaqədar xahiş məktubu tərtib etmək üçün mənə müraciət edəndə qələmi tərəddüdsüz götürdüm.
Və haçandır ki, o gəmi Xəzər sularında üzür.
…Xəzərdəki “Bakıxanov” gəmisi öz yerində, amma elm, mədəniyyət, mənəviyyat dənizimizdə də bir Abbasqulu ağa Bakıxanov gəmisi var ki, o, daim güvən yerimiz olacaq, ona həmişə ehtiyac duyacağıq, hər zaman onun görüşünə tələsəcəyik…
Ondan elmin müxtəlif sahələrinə aid bir-birindən qiymətli çoxlu əsərlər yadigar qaldı. Qüdsinin risalələrində Yerlə Göy qovuşurdu. Çünki o, Yerdən, onun tarixi və təbiətindən, özəlliklərindən də yazdı, Göydən də, onun yaraşığı səyyarələrdən də bəhs etdi. Amma Yerdən yazanda da, Göydən bəhs edəndə də onun düşüncə və duyğularının mərkəzində dayanan, o Göylə, bu Yeri birləşdirən İnsan Oğlu idi.
Məşhur “Əsrar ul-mələkut” əsərinin sonunda Abbasqulu ağa üzünü göylərə tutaraq dua edirdi: “Özünə xas olan Sifətlərlə yanaşı, yaratdıqlarının mahiyyəti ilə də dahilərin əqlini Heyran Edənə həmd olsun”.
Gözümüzü göydən çəkib bu sözləri keçmişdəkiləri, indikiləri və gələcəkdəkiləri doğurduqlarıyla həmişə heyran qoymuş və qoyacaq Abbasqulu ağa Bakıxanov kimi qüdsiyyət dolu insanlara da yaraşdırsaq, haqq olar!
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur