Şirvani və Nəsimi yaradıcılığında bioekoloji fikirlər - Təbiət-insan münasibətləri nümunəsində



Yusif DİRİLİ (Mahmudov)
Ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

Xəlifə cəlladlarının qarşısında mərdanə dayanıb rənginin saralmasını düşmən görməsin deyə üzünü qanı ilə qızardan Babək, “Ənəlhəqq” dediyi üçün X əsrdə Bağdad şəhərində dara çəkilən Mənsur Həllac, dindarların kafir adlandırıb neft tökərək yandırdıqları Eynül-Qüzzat, Əlıncə qalasında Teymurləngin oğlu Miranşahın əmri ilə dara çəkilən, cəsədi at quyruğunda sürüdülən Fəzlullah Nəimi belə mərd insanlardandır. Lakin bunlardan heç birinin edamı böyük ideya maücahidi İmadəddin Nəsiminin ölümü qədər faciəli və əzablı olmamışdır. Məhz buna görə də beş əsrdən artıdır ki, onun şərəfli adı Yaxın Şərqdə mərdlik, fədakarlıq, sədaqət və mətin iradə rəmzi kimi hörmətlə çəkilir, haqqında rəvayətlər və bədii əsərlər yaranır.” Heç də əbəs deyildir ki, Nəsimidən üç əsr sonra yaşamış Sarı Aşıq bayatılarının birində deyirdi:

Gözəllik soy iləndi,
Şahmar da soy ilandı.
Nəsimitək yolunda,
Bu Aşıq soyulandı.

Təsadüfi deyildir ki, bu bayatı indiyədək bir zərb-məsəl kimi yaşamaqdadır. Şübhəsiz, Nəsimi yaradıcılığı bütövlükdə özündən sonrakı ədəbiyyat və fəlsəfi fikir tarixinə çox ciddi təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, şair-filosofun yardaıcılığının əhatəli tədqiqi və dünya elmi-ədəbi ictimaiyyətinə daha yaxşı tanıdılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edilmişdi. Sözsüz ki, İ.Nəsimi yaradıcılığının hərtərəfli araşdırılması və təbliği baxımından bu qərar xüsusi əhəmiyyət kəsb edirdi. Tədqiqatlarımız göstərir ki, həm İmadəddin Nəsiminin, həm də Xaqani Şirvaninin timsalında, klassiklərimizin yaradıcılıq nümunələri ətraf mühitin öyrənilməsinə, təbliğinə və qorunmasına yönəlik zəngin məlumatlar mənbəyidir. Bu baxımdan apardığımız araşdırmanı İ.Nəsimi və X.Şirvani irsinə kiçik bir töhfə hesab eirik.

Məlumdur ki, dünyagörüşü cəhətdən hürufi-panteist olan İmadəddin Nəsimi Allahla təbiəti eyniləşdirmiş, Allahın insanda və təbiət cisimlərində təcəlləsi ideyasını təbliğ etmişdir. Nəsimiyə görə, ruh cansız təbiətdən canlı təbiətə (bitkiyə, heyvana, insana) doğru inkişaf edir. O, gerçəkdən insanı təkamülün son mərhələsi hesab edir, bütün şerlərində insanı təbiəti və həyat gözəlliklərini duymağa, ondan zövq almağa çağırırdı. Deməli, Nəsiminin poeziyasında ətraf mühitin qorunması təbliğ olunmuş, təbiətə məhəbbət və qayğı hissləri aşılanmışdır.

Qeyd etdiyimiz kimi, İ.Nəsimi təbiətə hürufilik təlimi əsasında yanaşır və canlı təbiətin özündən yarandığı fikrini irəli sürürdü. XIX əsrdə Nəsiminin bu ideyası elmi əsaslarla sübut olundu. İnsana ali varlıq kimi baxan şair, panteizm cərəyanının qəbul etdiyi kimi ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək insana doğru inkşaf etdiyi fiktində idi.

Çün xakdan eylər səfər mədən nəbat olur şəcər
Rovşen görür əhli-nəzər kol tömeyi-heyvan gəlir.

Çün tömeyi- heyvan olur, oda ki, insü can olur
İnsana vasil olmağa bi dəstü pa pərran gəlir.

Nəsimiyə görə, insan öldükdə ruhu çıxır, cəsədi torpağa qarışır, bitki şəklində həyata qayıdır. Torpaqdan mədən, mədəndən nəbatət, nəbatətdən heyvanat yaranır. Ümumşərq fəlsəfəsinin əsasını təşkil edən bu cür yanaşma meyarı qədim hind fəlsəfəsində daha qabarıq nəzərə çarpsa da, digər xalqların elmi-fəlsəfi prinsiplərinə də hopmuşdur. Təsadüfi deyildir ki, biz təbiətdə baş verən inkişaf proseslərinə bu cür yanaşmaya Nəsrəddin Tusinin “Əxlaqi-Nasir” əsərində, habelə - Şəhabəddin Yəhya Sührəvərdinin “İşraqilik” təlimində, eləcə də, digər fəlsəfi baxışlarda, habelə klassiklərin bədii yaradıcılıq nümunələrində rast gəlirik. Maraqlıdır ki, biosferdə gedən maddələr dövranı İ.Nəsimi poeziyasında düzgün əsaslandırılıb. Şair təbiətşünaslığın hələ yaxşı inkşaf etmədiyi orta əsrlərdə ortaya maraqlı suallar qoyur: “Odu Su, Torpağü Yel aldı nədəndir Adəm?” Panteist şairin əsərlərində təbiət gözəllikləri tərənnüm edilsə də, onun əsas obyekti İnsandır. Nəsimi belə hesab edirdi ki, təbiət, yer, göy öz xidmətlərini və dəyərini insandan alır. Çünki insan kamil varlıqdır və böyük yaradıcı gücdür. Şairin təbiət görüşlərində abiotik faktor kimi kosmos amillərinə münasibəti də diqqətəlayiqdir:

Günəşin qürsi, nədən yer üzünə şölə verir,
Yenə bir məşəldə nur nədir, nar nədir?

Yuxarıdakı misralardan da görünür ki, Nəsimi canlıların yaşayışında və inkişafında işıq enerjisinin müstəsna faydasına diqqəti cəlb etmiş, birinci olaraq bitkilərin suda inkişafının labüdlüyü məsələsinə toxunmuşdur. Zənnimcə, o, bununla Günəş enerjisinin canlıların həyatında faydasını göstərimək istəyib. İ.Nəsimi dördlüklərinin birində həyatın dörd ünsürdən yarandığını bildirir:

Dörd sütun üstündə qurulmuş bu can,
Varlıq ölkəsində odur hökmran.

Nəsiminin poeziyasında ətraf mühitə münasibət (insanın ekologiyası, canlıların təkamülü, həyatın əmələ gəlməsi və təbii sərvətlər haqqında mülahizələr) xüsusi yer tutur. Şair qəzəl və qəsidələrində təbiətdə baş verən fəsil dəyişikliklərini, o cümlədən yazın gəlişi ilə əlaqədar ətraf mühitdə, xüsusilə bitkilərin həyatında canlanmanın müşahidə edildiyini olduqca təbii vermişdir:

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
Buraxdı qönçələr pərdə, bəşarət bülbülü-zarə.

Şəqayiq pərdədən çıxdı, boylandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü, boyandı rəngi əzharə.

Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən
Açıldı laləvü nəsrin, şükufə gəldi əşarə.

Açıldı nərgisu lalə, tutubdur yasəmən çadır
Söyütlər, ərgəvan titrər, qamışlar mindi ənharə.

Göründüyü kimi, İ.Nəsimi burada diqqəti təbiətin gözəlliklərinə və onun qorunmasına yönəldib. Qeyd etmək lazımdır ki, Ş.İ.Xətainin “Dəhnamə”si də eyni məzmunda qələmə alınıb:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.

Quşlar qamusu fəfanə düşdü,
Eşq odu yenə bu canə düşdü…

…Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.

Yüz dürlü əba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər…

Şübhə yoxdur ki, Nəsiminin təsiri ədəbiyyata yuxarıdakı şeirilə “Bahariyyə” janrını gətirən görkəmli Azərbaycan şairi Şah İsmayıl Xətaidən yan keçməyib. Dahi şair-filosof İmadəddin Nəsimi zamanının yaradıcı şəxslərindən fərqli olaraq, təbiəti tərənnüm edərkən mahiyyətə varır, ondakı gözəlliklərin qədrini bilməyə, onları olduğu kimi duymağa çağırır. Baharın gəlişini təsvir edən şair, ətraf aləmdə baş verən fəsil dəyişkliklərini tamam yeni bir çalarda, yeni bir keyfiyyətdə təqdim edir. Başqa sözlə, o, yazın gəlməsi ilə təbiətdə baş verən gerçək çanlanma hadisəsini bəşərin, yəni təbiət və cəmiyyətin yaratdığı insanın özü ilə bağlayır.
Onu da qeyd etmək lazımdır ki, XI əsrin klassik və görkəmli Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ının əsasını təşkil edən mədhnamələrdə də heyranedici təbiət təsvirləri özünə yer tapmışdır. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemalarında, o cümlədən Məhəmməd Fizulinin, Məmmədhüseyn Şəhriyarın, digər klassiklərimizin əsərlərində də təbiət motivləri həm elmi cəhətdən düzgün verilmiş, həm də əhatəli şəkildə təqdim edilmişdir. XII əsrdə yaşayıb-yaratmış Xaqani Şirvani də ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirmiş, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd etmişdir.

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

İmadəddin Nəsiminin təbiət şeirləri canlıdır: “Bahar oldu, gəl еy dilbər, tamaşa qıl bu gülzarə, Buraхdı qönçələr pərdə bəşarət bülbüli-zarə.”- başlayan qəzəlində də yaz-mövsüm hadisələrinin tipik nümunəsi kimi canlılarda baş verən oyanma-fəallaşma prosesini o qədər real və maraqlı verib ki, heyrətlənməmək mümkün deyildir. Bu, dahi şairin hadisələrə real baxışının nəticəsi kimi ortaya çıxır:

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Ekologiya və ətraf mühitin mühafizəsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ