Yusif DİRİLİ (Mahmudov)
Ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru
(əvvəli BU LİNKDƏ)
Xaqani “Quşların söhbəti” adlandırdığı “Mədhiyyə”lərinin birində müxtəlif quşların dili ilə bəzi bitkilərin xüsusiyyətlərini açmağa cəhd etmişdir:
İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,
Dedi: - Acı yarpaqda şəkər yığır bizimçün.
Məlumdur ki, işıq enerjisinin təsiri altında bitkilərin yaşıl hüceyrələrində qeyri-üzvi maddələrdən üzvi maddə olan nişastanın sintezi həyata keçirilir. Sonra nişasta şəkərə-qlükozaya çevrilərək bitkinin digər orqanlarında toplanır. Fotosintez adlanan bu proses nəticəsində ətraf mühitə çoxlu oksigen və su buxarı daxil olur. Beləliklə, ətraf mühitdə karbon qazı ilə oksigenin nisbəti balanslaşır. Atmosfer havasının vaxtaşırı çirklənməsinə baxmayaraq, tərkibindəki karbon qazının miqdarı demək olar ki, sabit qalır. Ona görə də yaşıl bitkilərin bol olduğu ərazinin havası təmiz və sərin olur. Xaqani “acı yarpaqda şəkər yığır”, dedikdə bitkilərin yarpaqlarında hazırkı elmi anlamda fotosintez prosesininin getdiyni nəzərdə tuturdu. Əlbəttə, bitkilərin əhəmiyyəti yalnız bununla bitmir:
Bu otlardan, güllərdən hansına üz tutsaq biz
Bu şahların içində hansıdır daha əziz...
Biz də sənə bir zaman verdik əgər dərdi-sər
Güllər ətir yayanda dərdi, qəmi sildilər.
Şair burada bitkilərin şəfaverici xüsusiyyətlərinə diqqəti yönəltmişdir. Məlumdur ki, tibb elminin kifayət qədər inkişaf etmədiyi orta əsrlərdə əhali xəstəliklərin müalicəsində türkəçarə üsullarından bəhrələnmişdir. Ona görə də, təbiətdəki dərman bitkilərini yaxşı tanıyır, onlardan dərman hazırlanması və müalicə üsullarını bilirdilər. Belə bitkilərdən qızılgül daha faydalı hesab edilirdı. Bizə görə, xoş iyi, gözəl görkəmi, müalicə əhəmiyyəti, uzun müddət çiçək açması və digər səbəblər qızılgülə əhalidə daha çox maraq yaratmış, onu müqəddəsləşdirmə səviyyəsinə çatdırmışlar. Xaqaninin aşağıdakı misraları belə nəticəyə gəlməyə əsas verir:
İstəyirəm güllərdən qızılgülün xətrini
Peyğəmbərin tərindən alıbdı öz ətrini.
Qızılgül və başqa bitkilərin müqəddəslik-toxunulmazlıq simvolu kimi təqdim edilməsinin (məsələn, “qızılgülün qoxusunu peyğəmbərin tərindən aldığı” deyimi) ətraf mühitin qorunmasında əhəmiyyəti olub. Analoji hallar heyvanların mühafizəsinə də müsbət təsir göstərib. Şübhəsiz, hədislərdə və dini rəvayətlərdə pişiyin, göyərçinin, hörümçəyin və bəzi başqa heyvanların (o cümlədən bitkilərin) Məhəmməd Peyğəmbərin və imamların onlara xoş münasibəti ilə qorunması arasında bağlılıq vardır.
X.Şirvaninin yaradıcılığında müxtəlif bitki və heyvan adlarına çox rast gəlinir; quşlardan bülübül, qumru, sar, səlsəl, teyhu, tuti, bubbu, ənqa, göyərçin, qarğa, kəklik, qırğı və b., bitkilərdən süsən, lalə, sərv, nərgiz, ağ çiçək, yasəmən, qızılgül və s. təsviri şairin yaşadığı orta əsrlərdə mövcud olmuş bir çox müasir bitki və heyvan növlərinin adlarının doğru olduğunu göstərir. Göründüyü kimi, o dövrdə müasir məzmuna uyğun gəlməyən növmüxtəliflikləri də az deyildir.
Biosenozu təşkil edən canlı orqanizmlər daim bir-birilə müxtəlif münasibətdə olurlar. Təbiətdə qida uğrunda geniş əlaqələrin tipik nümunəsi kimi rəqabət, yırtıcılıq, parazitizmi və s. göstərə bilərik. Bu məsələ Xaqaninin şeirləri üçün səcciyəvidir:
Pəncə atıb ceyranın boynunu sındırdı şir,
Göyərçində şahinin caynağında xar olub.
Burada yirtıcı heyvanlardan şir və şahinin qidalanma xüsusiyyəti açıq bildirilir.
Orta əsr Azərbaycan ədəbi simalarından olan Xaqani bəşəriyyətin bədii fikir tarixində əbədi olaraq ad qazanmış dahi şairlərdən biridir. Zəmanəsində söz mülkünün xaqanı olan Xaqani geniş dünyagörüşlü sənətkar kimi məlum kimyəvi maddələrin xassələrini öyrənmiş, yaradıcılığında fəlsəfi fikirlərinə məna vermək üçün onlardan ustalıqla istifadə etmişdir. O, kimya elminə yüksək qiymət verirdi:
Dünyanın kimyası verilsə mənə,
Bunu bir kimsəyə satmaram yenə.
Kimya elminə münasibəti şairin bir sıra maddələrin xassələri haqqında düzgün fikirlər söyləməyə inkan verirdi. Qeyd ediyimiz kimi, burda ona əldə etdiyi elmi biliklər də kömək edib. Xaqani poyeziyasında bənzətmə məqsədilə ən çox qızıl, gümüş, qurğuşun kimi elementlərdən istifadə etmişdir. O, tamahkar adamların qızıl toplamalarına həris olduqlarına işarə edərək gözəl bir bənzətmə işlətmişdir.
Tamah fikrindən geyinsən paltar,
Qızıl paltarına miqnatis olar.
Yəni maqnit dəmiri özünə çəkən kimi, tamahkar adamları da qızıl özünə daha çox cəzb edir. Fiziki xassəsinə görə dəmir möhkəm olub, ağırlığa davam gətirən metaldır. Həyat tərzindən şikayətlənən şair, düçar olduğu böyük məhrumiyyətlərə tablamasını bədəninin dəmir kimi möhkəm olmasında görür.
Bədənim dərd üçün kor quyudur,
Həm dəmir dağıdır, qürurla durur.
XII əsrdə dəmir və poladdan istifadə olunmasa da, misin emalı dəmir və polada nisbətən daha asan və ucuz başa gəlirdi. Bu, misin ərimə temperaturunun dəmirə nisbətən aşağı olması ilə əlaqədardır.
Bir odlu nalə edərsən dəmir kimi candan,
Civə kimi əriyər hər dəmir bu əfqandan.
Yaxud poladın daha çox möhkəm olmasına işarə edərək yazırdı:
Bu təəccüb deyil, əgər bir qurşun olmaz qıra,
Hünər ona deyərəm ki, olmaz polad sındıra.
Şair burada dəmirin və poladın möhkəmliyini bənzətmə obyekti kimi vermiş, digər tərəfdən diqqəti civənin aqreqat halının maye olduğuna, gümüşün ərimə temperaturuna yönəltmişdir. O, bunu bədii şəkildə obrazlı misallarla oxucunun diqqətinə çatdırır. Xaqani bunu özünün düşdüyü çətin durumu ilə müqayisə edir, ona bənzədir, yəni vəzyyətinin çətinliyi şairi gümüş tək əridir, qəmi isə onu civə tək əzir:
Gümüş tək əridir gah bədənini,
Gah da qəmlə əzir bir civə kimi.
Bütün bunlar göstərir ki, Xaqani Şirvani yaradıcılığında yalnız ətraf mühitə təsir göstərən faydalı və zərərli faktorların adlarını çəkməklə, onlara münasibət bildirməklə kifayətlənmir, həm də canlı və cansız orqanizmlərin əsasını təşkil edən kimyəvi maddələrə də, faydalı qazıntı nümunələrinə də toxunur. Onun əsərlərində bu məsələyə yanaşma kompleks təşkil edir.
Aristotel də daxil olmaqla, qədim dünya filosoflarından başlayaraq varlığın əsasında suyun, odun, torpağın və havanın dayandığı fikrini Xaqani də qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, Günəş həyatın özüdür O, bu qənaətində haqlı idi. Elmi baxımdan da Günəş həyatın varlığında başlıca amildir. Başqa sözlə, Günəşsiz həyat mövcud ola bilməz. Yəni işıq və istilik mənbəyi kimi Günəş həyatın əsasında dayanır.
Geniş və dərin təfəkkürə malik, XIV-XV əsr Azərbaycanın klassik, Cahanşümul şairi İmadəddin Nəsimi 700 ilə yaxındır ki, qoca Şərqin fəlsəfi fikir tarixində və ədəbi sənət aləmində özünün layiqli yerini tutub. Yaxın Şərqdə daha çox mökəm iradə, sarsılmaz güc rəmzi, ideya mücahidi və əqidə uğrunda mübariz kimi yüz illərdir yaddaşlara hopmuş Azərbaycan şairi İ.Nəsiminin üstün keyfiyyətlərini xarakterizə edən akademik Həmid Araslı yazırdı: “Şərq xalqları tarixində öz məsləki uğrunda ölümə gedən, ölüm ayağında belə fikrindən dönməyən dəmir iradəli şəxsiyyətlər olmuşdur...
(ardı var)
Ekologiya və ətraf mühitin mühafizəsi;
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur