Şirvani və Nəsimi yaradıcılığında bioekoloji fikirlər - Təbiət-insan münasibətləri nümunəsində



Yusif DİRİLİ (Mahmudov)
Ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru

Ekoloji fkirlərin inkişaf tarixi əhalinin ətraf mühitə münasibəti ilə bir başlanıb. Bu, özünü şifahi xalq və yazılı ədəbiyyat nümunələrində açıq şəkildə göstərir. Təsadüfi deyildir ki, müasir ekologiya elminin əsasında folklorda və klassik ədəbiyyatda mövcud olan, bu günümüzə qədər gəlib çatmış elmi fikirlər dayanır. Təqdim etdiyimiz məqalədə Azərbaycan ədəbiyyatında orta əsrlərə mənsub bədii söz ustalarının yaradıcılıq nümunələrində təbiət-insan münasibətlərinin yaranması, formalaşması və inkişafı öz əksini tapıb.

Tədqiqatlarımız göstərir ki, onların irəli sürdükləri fikirlər zaman-zaman reallığa çevrilib. Azərbaycan klassikləri yaşadıqları dövrlərdə elmin müxtəlif sahələrinə dair qiymətli fikirlər söyləyiblər. Onları araşdırdıqca görürük ki, ən qədim dövrlərdən başlamış çağdaş zamana qədər dahi sənətkarlar yaşayıb-yaratdıqları dövr üçün səciyyəvi olmayan maraqlı elmi fikirlər irəli sürüblər. Azərbaycanın yaradıcı mühiti bu baxımdan istisna olmayıb. Təbiət-insan münasibətləri kassik söz sərraflarının əsərlərində daha bariz görünür.

İndiyədək apardığımız nəzəri və praktik tədqiqatlar bizə deməyə əsas verir ki, Azərbaycanda ətraf mühitin qorunmasının tarixi çox qədim dövrlərə gedib çıxır. Qeyd etmək lazımdır ki, ətraf mühiti və onun problemlərini öyrənən fundamental elm sahəsi kimi ekiologiya XIX əsrin II yarısında yaranmışdır. Buna baxmayaraq, orta əsrlərdə əhali canlı və cansız təbiət, onların qarşılıqlı əlaqələri haqqında müəyyən məlumatlara malik idi. Bu dövrdə ekologiya olmasa da, bitki və heyvanları öyrənərkən onların yaşama şəraiti nəzərə alınırdı. Qədim və orta əsr insanlarının gündəlik həyatda apardıqları müşahidələr buna imkan verirdi. Bu dövrlərdə təbiət-insan münasibətləri ən çox ovçuluqda öz əksini tapmışdı. Orta əsrlərdən başlayaraq, ələ öyrədilmiş hepard, qızılquş, qırğı və bu kimi ovçu heyvanlar vasitəsilə ov etmək digər tükrdilli xalqlar kimi Azərbaycan türklərinin də həyatında mühüm əhəmiyyət daşıyırdı. Ov məhsullarının kifayət qədər ucuz olması kütləvi ovlanmaya gətirib çıxarırdı. Bu isə bir sıra nadir növlərin nəslinin kəsilməsinə səbəb olurdu. Belə ki, XI-XII yüzilliklərdə şir və qulanın, XVII yüzillikdə hepardın, XX əsrin 30-cu illərində pələngin ölkəmizin faunasından yox edilməsi qanunsuz ovçuluğun geniş şəkildə fəaliyyəti ilə birbaşa bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının ilk nəşrinə (1989 cu il) daxil edilmiş növlərin sayı ilə müqayisədə, 2013-cü ildə çap olunmuş ikinci nəşrə adları daxil edilən növlərin sayı iki dəfə artmışdır.

Ətraf mühitlə əlaqədar qanun və qərarların mövcud olmadığı dövrlərdə əhalinin heyvanlara (xüsusən, yırtıcı növlərə) neqativ təsiri sürətlə gedib. Bununla belə, əhalinin təbiətə tamamilə biganə qaldığı fikrini söyləmək doğru olmazdı. Bu problemin həllinə müxtəlif sənət sahələri, o cümədən rəssamlıq, heykəltaraşlıq, nəqqaşlıq, tikmə və toxuma, oyma, döymə, misgərlik, dulusçuluq, folklor, din, el adətləri və s. köməklik göstərib. İndiyədək müxtəlif tədqiqatçılar tərəfindən bu problemə toxunulub və bu istiqamətdə əhatəli araşdırma aparılıb. Bədii sözün gücündən məharətlə istifadə edən Azərbaycanın klassik şair və yzıçıları da problemə laqeyd qalmamış, yazdıqları əsərlərdə bu məsələyə öz münasibətlərini bildirməyə çalışmışlar. Şifahi xalq yaradıcılığı kimi, yazılı ədəbiyyat da əsrlər boyu əhalinin ətraf mühitə münasibətində maarifçilik xarakteri daşımış, həm də sayı azalan növlərin qorunması istiqamətində yasaqlayıcı fikirlər irəli sürərək təbiətin mühafizəsində faydalı iş görmüşlər.

Qeyd etdiyimiz kimi, klassiklərimizin yaradıcılığında ətraf mühitə münasibət geniş yer tutur. Məlumdur ki, orta əsr Azərbaycan ədəbiyyatı tarixində böyük ədəbi simalar yetişmişdir. Xüsusilə, XII əsrdə yalnız Azərbaycanda deyil, ümümiyyətlə, Yaxın Şərqdə elm və mədəniyyətin oyanma dövrü olmuşdur. Bu dövrdə, Azərbaycan həm iqtisadiyyatın mədəniyyətin inkişafına görə Şərq ölkələri içərisində daha yaxşı tanınırdı. Boyaqçılıq, dulusçuluq, metal emalı kimi sənət sahələrinin təbabətin inki-şafı ölkəmizdə tətbiqi kimyaya aid biliklərin geniş yayılmasına səbəb omuşdu. XII əsrdə qızıl, gümüş, mis, kükürd, stibium qurğuşun kimi maddələr artıq elmə məlum idi. Belə bir dövrdə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri yazdıqları əsərlərdə bu məsələlərə diqqət yetirir, onlara demək olar ki, bütün yaradıclıq nümunələrində toxunurdular. Şərq ölkələrində fitri istedadı, geniş dünyagörüşü, ensiklopedik biliyi və ideya zənginliyi ilə Xaqani, Nizami və Nəsimi kimi şairlər digərlərindən xeyli dərəcədə fərqlənirdi. Belə ki, Xaqani yalnız bədii yaradıcılıqla məşğul olmur, eyni zamanda, dövrünün bir çox elmləri ilə də maraqlanırdı. Bu isə ona topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində istifadə etməyə imkan verirdi. Dahi Nizami Gəncəvinin bütün yaradıcılığı isə birmənalı olaraq elmi fikirlərlə doludur. Nəsimi poeziyası da bu cəhətdən səciyyəvidir. Onun dərin düşüncəyə malik çoxtərəfli məna kəsb edən əsərlərində elm-fəlsəfi yön maraq doğurur. Əvhədi insanın doğuluşunu, təbiətdə gedən prosesləri, üzvi aləmin təkamülü məsələlərini ciddi əhatəli, həm elmi şəkildə yaradıcılığına gətirən dərin zəkalı bir sənətkar kimi tanınır. Bu klassiklərin hər birinin əsərləri elmi-nöqteyi nəzərdən mükəmməldir. Xaqaninin qəzəl və qəsidələrində, rübailərində, məsnəvilərində, Nəsiminin bütün fəlsəfi və ədəbi düşüncələrində ətraf mühitə qayğıkeş münasibət, onu qorumağa çağırış var. Bu baxımdan adi görünən təbiət gözəllik-lərinin təqdimi də təbiəti öyrənməyə, sevməyə və nəticədə onu qorumağa yönəldilmişdir. Biz bu məqalədə Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığnda ekoloji problemin qoyuluşuna müxtəlif rakursdan yanaşmışıq.

Araşdırmamıza Xaqani Şirvaninin əsərlərində ətraf mühit amilləri və onların təbiətə təsiri barədə bəzi açıqlamalarla başlamaq istərdik. Xaqani bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, dövrünün bir çox elmləri ilə də maraqlanmış, topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində isifadə etmişdir.

Xaqani Şirvani (XII əsr) ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirirdi. Xüsusilə, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd edirdi:

Səninlə bəzənir dünya camalı,

Sayəndə dəyişir aləmin halı.

Ekoloji amillərdən su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu Xaqaninin yaradıcılığında ciddi problem olaraq qoyulmuş, onun əhəmiyyəti qeyd edilmişdir. Belə ki, ətraf mühitin zəruri komponenti kimi su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu onun yaradıcılığında qabarıq verilmişdir:

Sən qara torpağa su versən əgər

Bir ildə gül açar qarşında bostan.

Xaqani burada əkin üçün münbit torpaqdan istifadə etməyi, onu vaxtaşarı suvarmağı məsləhət görürdü. Bildirirdi ki, yalnız bu halda əməyin bəhrə verəcəkdir. Bununla o, suyun cansız və canlı təbiət üçün əhəmiyyətini nəzərə çatdırırdı. Xaqaninin insan ekologiyasına aid fikirləri də maraqlı və düşündürücüdür.

Daxilən əfi ilan, tavus rəngəm zahirən,

Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən.

Bir çox insanlarda neqativ xarakterin formalaşması, zərərli vərdişlərin yaranması şairdə təəsüf doğursa da, bunun yer üzünün hər yerində olduğu qənaətinə gəlmişdir:

Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zənn eləmə

Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.

...İnsanların məcazında insanlığı az axtar ki,

Çalağanın yuvasından qanadlanmaz heç vaxt huma.

Təkcə qloballaşan çağdaş dünyamızda deyil, X.Şirvaninin yaşadığı dövrdə də insana münasibət qanedici olmamışdır. Başqa sözlə, insan ekologiyası problem kimi həmişə yardıcı adamları, mütəfəkkirləri düşündürmüş, ondan çıxış yollarını axtarmış, bütün yaradıcılıqları boyu ibrətamiz fikirlər, nəsihətlər söyləməklə cəmiyyəti, gənc nəsli tərbiyə etmək istəmişlər. Xaqani həmçinin “insanlıq” probleminin yalnız bizim ölkədə yox, bütün dünyada mövcud olduğunu təssüflə qeyd edir. Hazırda bu problem qlobal məsələ kimi aktualdır.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Ekologiya və ətraf mühitin mühafizəsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ