Aynur Turan
Göy Qurşağı” jurnalının redaktoru
(əvvəli BU LİNKDƏ)
Əliabbas Müznib Sovet hakimiyyəti illərində yazdığı tərcümeyi-halında vətənin və xalqının rus çarizmi tərəfindən başına gətirilən hadisələr barədə yazırdı: “1813-cü ildə İran və Rusiya arasında bağlanmış “Gülüstan müahidənaməsi” mövzusunda Hüseynqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrəbasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilmişdir. Cəbr, sürgün, edam edilməkdən müzayiqə olunmamışdır. Rusiya hökuməti on üç il Bakıda yerləşmişlər.
Qətliam şəhərdə həftələrlə davam etmişdir. Azyaşlılar belə qılıncdan keçirilmişdir. “Yeddi ev bir güvəcə möhtac oldu” zərbül-məsəli bu tarixi hadisənin şahidi idi”. Bu faciəli hadisələr dövründə Ə.Müznibin yad etdiyi faciəli hadisələr onun ata-babalarının yaddaşından heç zaman silinmir, bir acı xatirə kimi nəsildən-nəslə nəql edilir. Bu xatirələrin doğurduğu dəhşətli vahimə hətta üstündən az qala yüz il keçdikdən sonra da onun atasının çar hökumət orqanlarına qarşı qəzəb və barışmazlıq hisslərini soyuda bilmir. Bu xatirələr o zaman kiçik Əliabbasın da həyatında öz silinməz izlər buraxır. Atası onun çar üsul-idarəsinə məxsus yeni üsullu məktəbə getməsinə belə razılıq vermir. Ə.Müznib həmin hadisələrin tarixçəsini belə nəql edir. “O zaman atam tikilməkdə olan bir məktəbdə daşyonan işləyirdi. Mən bir iş üçün onun yanına getmişdim. Təsadüfən tikintiyə hamilik edən Hacı Zeynalabdin Tağıyev gəlib çıxır, məni görüb xoşlayır. Atama deyir:
-Kişi, oğlunu ver, uşkollaya oxudum. Lakin atam Hacının bu fikrinə razı olmur.
-Mənə urusdan gələn xeyir lazım deyil,-deyə cavab verir.
Ata-babasının çarizmin müstəmləkə əsarətinə qarşı belə barışmazlığı təkcə Əlabbasın deyil, Mütəllib kişinin digər uşaqlarının da həyatında öz təsirini göstərir. Ə.Müznibin kiçik qardaşı, gələcəkdə görkəmli şair, nasir, publisist və türkoloq alim kimi tanınan Əmin Abid də öz həyatını Azərbaycan xalqının milli-azadlıq hərəkatına həsr edib. O da 1937-ci il qurbanlarından biri kimi məhv olur.
Əlabbas Müznib təxminən otuz illik bir yaradıcılıq yolu keçir. Bu illər içərisində o, yüzlərlə poetik əsərlər, publisist məqalələr yazır. Təxminən on adda qəzet və jurnala naşir və redaktor olur, tərçüməçilik sahəsində də uğur əldə edir. Azərbaycan xalq ədəbiyyatının bir sıra görkəmli nümayəndəsinin ədəbi irsini ilk dəfə olaraq toplayıb nəşr edir, onlar haqqında bu gün belə əhəmiyyətini itirməmiş diqqətəlayiq tədqiqatlar yazır. Lakin nə zaman, nə işlə məşğul olmasından asılı olmayaraq Ə.Müznib bütün fəaliyyətində özünü həmişə bir məqsədə-vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr edir. O, məhz bu məqsəd yolunda da həyatını qurban verir.
Əliabbas Müznib Mütəllibzadənin həyat və mübarizə yolu sovet repressiya burulğanında sona çatandan sonra, təbii ki, adının müsbət mənada çəkilməsi də qadağan edilmişdir. Yalnız ədib siyasi bəraət aldıqdan sonra, 1970-ci illərin əvvəlində ədəbiyyatşünas alim, filologiya elmləri doktoru İslam Ağayevin Ə.Müznibin şəxsiyyəti və fəaliyyəti haqda təqdiqat xarakterli məqaləsi çap olunmuşdur. Ondan sonra isə filologiya elmləri doktoru Ağarəfi Zeynalzadə ədib və ictimai xadimin nəşr etdiyi mətbuat orqanları (Daha çox “Hilal” qəzeti və “Şihabi-Saqib jurnalı) ilə senzura münasibətləri fonunda onun çarizmə qarşı barışmaz mübarizəsi barədə apardığı elmi araşdırmalarının nəticələrini çap etdirmişdir. Bundan sonra Ə.Müznibin şəxsiyyəti diqqət mərkəzində olmuş, akademik Ziya Bünyadov, filologiya elmləri doktoru Cəlal Qasımov və b. onun haqqında repressiya qurbanı kimi bəhs etmişlər.
Ə.Müznibin romantik yardıcılığında çarizmlə, zülm və ədalətçiliklə barışmazlıq duyğusunun daha çox zəmanədən şikayət və zəhmətkeşlərin acınacaqlı vəziyyətlərin poetik təsviri yolu ilə üzə çıxdığını qeyd edən İslam Ağayev satirada həmin vəziyyətin kəskin ifşaçılıq tərzində üzə çıxdığını göstərir. Qeyd edək ki, Əliabbas Müznib satirik yaradıcılığında “Molla Nəsrəddin” ədəbi məktəbinin, Sabir satira ənənələrinin təsirindən başqa onun öz romantizmindən və islami dünya-görüşürdən irəli gələn bir lirizm və həzinlik də özünü göstərir. Ədibin hətta “Əkinçi”, “Dilənçi”, “Fəhlə” və s. kimi mübariz və barışmazlıq duyğusu ilə aşılanmış şeirləridə də bu ruh aydınca duyulmaqqdadır.Azərbaycan Cümhuriyyətin qurulmasında Əliabbas Müzniin fəaliyyətinin dəyəri, sovet hakimiyyəti illərindəki fəaliyyəti, habelə hər iki – çarizm və sosializm imperiyası tərəfindən repressiyaya məruz qalması da monoqrafiyada öz əksini layiqincə tapmışdır.
Görkəmli şair, nasir, publisist və ədəbiyyatşünas, Stalin repressiyaları qurbanı Əliabbas Müznib (1883-1938) özündən sonra böyük bir irs qoyub getmişdir. Onun ədəbiyyatımız, ədəbiyyat tariximiz qarşısındakı xidmətləri son illərdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərtərəfli tədqiq edilir, əsərləri üzə çıxarılaraq nəşr edilir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Müznibin zəngin ədəbi irsi, XX əsrin əvvəllərində çapdan çıxmış kitabları (tədqiqatçıların bildirdiyinə görə, ötən əsrin əvvəllərində onun altmışa qədər kitabçası nəşr edilib), ədibin əli ilə müxtəlif mənbələrdən köçürüb tərtib etdiyi topluları saxlanmaqdadır. Klassik ədəbiyyatımızın gözəl bilicisi, tariximizin, ədəbiyyat tariximizin araşdırıcısı Ə.Müznibin tərtib etdiyi bəzi toplular əski dövrlərdə əlyazma şəklində yazılıb yayılan çüng, məcmuə və bəzən də təzkirələri xatırladır.
Yazıçının arxivində öz əli ilə yazdığı iki hissəli “Bakı” kitabı şəhərin tarixinə dair müxtəlif mənbələrdən toplanmış məlumatlar toplusudur. Son dövrlərdə müəyyən edilib ki, 1928-ci ildə Azərnəşrdə çap edilmiş “Natəvan Xurşudbanu” kitabının müəllifi Ə.Müznibdir (redaktor və ön söz müəllifi Hənəfi Zeynallıdır). Bu kitabı və onun həcmcə daha böyük olan ikinci nəşrinin əlyazmasını müəyyən mənada cüng, antologiya kimi nəzərdən keçirmək olar. Burada Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar toplanmışdır (1934-cü ildə tamamlanmış bu əlyazmanı kitab halında nəsr etdirilmişdir). Toplu barədə dediklərimizə onu da əlavə etmək istərdik ki, müəllifin araşdırma xarakterli qeydləri ona həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir.
Əliabbas Müznib zəngin irsi və dərin psixologizm, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm rolu olmuşdur. Belə bir qiymətli irsi öyrənmək, onu nəsillərə çatdırmaq böyük insanpərvər və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir. Əliabbas Müznib “ədəbi” , “həmişəyaşar” deməkdir. O, bu gün dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirlərilə, səhnələrdəki mənzum əsərləri ilə yaşayır. Əliabbas Müznib həyatı bitəcəksiz bir ömürdür.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur