Qalib xalqın mətbuat bayramı


Qarşıdan milli mətbuat günü gəlir. Əziz gündür, özəl və gözəl gündür. Nə xoş təvafüqlükdür, milli mətbuatımızı quran kişinin adı da məhz gözəl anlamındadır. Həsən kimi bəy, bəy kimi Həsən - Həsən bəy Zərdabi! Ruhu şad olsun!

Bu günün sevincindən, bayramlığından hamıya pay düşür, əslində. Əslində, yalnız media mənsublarını deyil, bütün vətəndaşlarımızı, xalqımızı təbrik etmək olar. O taylı-bu taylı Azərbaycanın, ümumən Dünya Azərbayanlılarının ilk milli qəzetinin işıq üzü gördüyü gündən söhbət gedir. Onda müstəqil milli dövlətimiz yox idi. Doğrudur, Arazdan o tayda soydaşlarımızın xanədanlığı, hakimiyyəti davam edirdi lakin ona milli dövlət deməyimiz düzgün olmazdı. Üstəlik, Qacarlar dövlətinin milli mətbuatı yox idi…
Mətbuat istər o dönəmdə istər çağdaş dönəmdə özünəməxsus mandat-missiyaya sahibdir. İKT-nin inkişafına görə bu gün mətbuatın şəkli, forması dəyişib, əlbəttə; əlbəttə (hər yeni nəsil telefonu olan və ya) hər sosial şəbəkə istifadəçisi (necə deyərlər), fərdi, müstəqil mətbuatçılıqla məşğul ola bilər yaxud mətbuatdan keçən işini fərdi qaydada özü bir şəkildə işıqlandıra, tirajlaya bilər; amma XlX yüzildə bu mümkün deyildi. Heç XX yüzildə də bu günkü münbit mətbu ortam yox idi. Bax, ən azı buna görə, milli mətbuat qurucularımızı sonsuz sevgiylə yad edirik. Üstəlik, o dönəmdə gürcülər, ermənilər artıq milli mətbuat qurmuşkən bizim qəzetsiz olmağımız qəbul ediləcək hal deyildi. Bunu dəyərləndirən və işə peşəkarcasına girişən demokratik-maarifçi babalarımızın o dönəmki çalışmaları ən yüksək dəyərə malikdir.
Bir yerdən başlamaq lazım idi - Həsən bəy (və qələmdaşları, amaldaşları) “Əkinçi”dən başlamağı uyğun bildi - doğru bildi, yapdığını da, adı kimi gözəl yapdı! Əkin varsa, toxum var, əkən, səpən, becərən vardır!
“Əkinçi” yalnız aqrar məzmun daşımadı, o, necə deyərlər, məktəbləşdi, yaşıllandı, dallandı, böyüdü, başqa fəaliyyət sahələrinə də sirayət elədi. 1918-ci ildə qurulan Cümhuriyyətimiz, bütün digər fədakar xidmətlərlə yanaşı həm də milli mətbuatın bəhrəsiydi!
Cümhuriyyətimiz 2 illik çox qısa ömrününün ardından işğala uğradı, yerini sovetlər tutdu. Ancaq onlar milli hökumət ola bilmədilər, təbii.
Təbii, sovetlər dönəmində mətbuat çox inkişaf etdi lakin o, sosrealizm mətbuatıydı. O şərtlər, şərtsizliklər içində belə millətə, həqiqətlətə xidmət edən, ən azı bununçün çalışan mətbuatımız oldu. O dönəmdəki, bütün dönəmlərdəki mətbuatımızın fədakarlarını sayğı ilə anarkən, mətbuata yüksək qayğı-diqqət örnəyinin yaradıcısı - Ümummilli liderimiz Heydər Əliyevi rəhmətlə, minnətdarlıqla anırıq. Ruhu şad olsun!

Ümummilli liderimiz sovet dönəmində, sonra müstəqillik illərində mətbuata özəl diqqət-qayğı göstərdi, bu sahənin inkişafına atalıq şəfqəti ilə yanaşdı. Heydər Əliyevin layiqli davamçısı - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə mətbuata dövlət dəstəyini institutlaşdırdı. Ümummilli liderin və cənab Prezidentin mətbuatla bağlı Fərman, Sərəncamları xüsusi araşdırmaların mövzusudur. Çox şadıq ki, alimlərimiz bu mövzuya biganə deyil və hələ bundan sonra da, neçə-neçə araşdırma yazıları, monoqrafiyalar, konfrans materialları yayınlanacaqdır.

Bəli, Milli Mətbuat Günümüzü zəngin yaradıcılıq, irs və mətbuata dövlət qayğısının çoxsaylı faktları energetikasında, işığında qeyd edirik. Mübarək olsun! Qalib xalqın - işğalçılar üzərində şanlı Zəfər qazanmış xalqın, ölkənin bayramı bir başqadır! Bu zəfəri qürurla, şövq ilə, peşəkarlıqla işıqlandırmış mətbuatımıza eşq olsun!

Mətbuatımızın bütün təmsilçilərini, onların fədakar kollektivlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, iş avandlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Fikrət ƏLİYEV,
YAP Binəqədi rayon təşkilatının “UNİTY-Company” ərazi partiya təşkilatının sədri


MANŞET XƏBƏRLƏRİ