149 il öncə əkilən toxumlar gülüstan yaratdı


22 İyul Azərbaycanda Milli Mətbuat Günüdür. Mübarək olsun! Milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabini, onun qələm yoldaşlarını, maarifçi silahdaşlarını, demokratik fikir ortaqlarını, milli mətbuatımızın inkişafına xidmət etmiş bütün fədakar aydınlarımızı dərin sayğılarla anırıq. Haqq dünyasında olan mətbuat fədailərimizə rəhmət oxuyarkən, yaşayıb-yaradan (və yaşadan!) mətbuat işçilərimizi, jurnalistlərimizi sevgi ilə salamlayır, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!

Gələn il 150 illik əlamətdar yubileyi bayram ediləcək milli mətbuatımız ağrılı-acılı, xeyirli-uğurlu, sevincli və kədərli dönəmlərdən keçib, senzuralar, qapanmalar görüb, Xalq Cümhuriyyəti dönəmində “Azərbaycan”a dönüb – daha çox Azərbaycanlaşıb, dövlətləşib, cümhuriyyət məzmunu qazanıb; sonra 28 Aprellə başlayan işğal, ardınca sovetləşmə dönəmi, Stalin repressiyası, Allahsızlar cəmiyyəti və o cəmiyyətin mətbu orqanı daxil olmaqla travmatik proseslər baş verib... Sonra sovet sisteminin özündə belə durulmağa, sistem təzələnməsinə ehtiyac duyulub, repressiya qurbanlarına rəsmi bəraət dönəmləri gəlib, 60-cı illər yumşalması müşahidə olunub... Daha sonra Azərbaycanda yeni dönəm başlayıb – bu dönəm ümumölkə inkişafı, o cümlədən mətbuatın inkişafı dönəmidir və Heydər Əliyevin adı ilə sıx bağlıdır. 55 il öncə başlayan həmin dönəm Azərbaycanın həyatında bütün əməli çalışma sahələri üzrə yeni fəsil açmış oldu. Mətbuatımız da ölkəmiz kimi çiçəklənməyə başladı – öz yaddaşı, öz irsi və gələcəkyönümlülüyü ilə!.. Ümummilli liderin özünün dediyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”...

XIX yüzildə “Əkinçi”nin (22 iyul 1875 – sentyabr 1877), XX yüzildə Cümhuriyyətimizin ömrü (28 may 1918 – 28 aprel 1920) iki il çəkmiş olsa da, hər iki əziz illərdə əkilmiş toxumlar milli ruhumuzu, milli qürurumuzu, əzmimizi, ümid və inamımızı cücərtmiş oldu. Çəkilən zəhmətlər, axıdılan alın təri torpağın mayalanmasına və havalanmasına, Günəşin daha dərin nöqtələrə şəfəq saçmasına, mədəniyyət iqlimimizin daha çox ünvan qazanmasına, xalqımızın mədəni səviyyəsinin yüksəlməsinə ciddi təsirlər göstərdi. Nəhayət, 70 ilə yaxın çəkən sovet dönəmi başa çatdı, sağlam toxumlar öz bəhərsini verməyə başladı. Millətin ölməz ruhunun işığı hər yerə yayıldı...

İşə elə gətirdi, qarşımıza yenə qara buludlar çıx(arıl)dı, dolu döydü, tufan qopdu, fəlakətlər yaşandı amma ana torpaq, ulu Günəş, ölməz milli ruh milləti, ölkəni ayağı torpaqda, başı Günəşdə olmağa, ayağını yerə bərk basmağa çağırdı, gələcəyə inam aşıladı.

Cümhuriyyətimiz elan olunmamışdan öncə də, dövlət müstəqilliyimiz bərpa edilməmişdən öncə də milli mətbuatımız vardı; müstəqillik haqqında yazarkən, yalnız 28 may 1918 – 28 aprel 1920-ci il aralığını və 18 oktyabr 1991-ci ildən sonrakı dönəmi vurğulamırıq. Mümkün olan hər məqamda xalqa, doğma vətənə, müstəqillik eşqinə xidmət edən mətbuat xadimlərimiz olub, əlbəttə. Əlbəttə, müstəqilliyin bərpasından sonrakı dönəmdə də yenə Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qaylıdışının gətirdiyi əvəzolunmaz yenilikləri qədirşünaslıqla yad edirik. Bütün digər dəstəkləri, fərmanları bir qırağa qoysaq belə, ölüm hökmünün və senzuranın ləğvini xatırlatmaq Heydər Əliyev uzaqgörənliyini, dühasını göstərmiş olur. Ölüm hökmü və senzura! – Bütün qalan addımlar bu iki böyük addım (iki tarixi Fərman!) olmadan nəyə yarardı?.. Heydər Əliyevin adını milli mətbuatımızla, ümumən Azərbaycan adı ilə yanaşı çəkməyimiz məhz bu böyük işlərə minnətdarlığın ifadəsidir.

“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”. – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu yüksək qiyməti mətbuatımıza həm şərəf həm də məsuliyyət gətirir. Çox şadıq ki, ölkəmizin, xalqımızın son illər yaşadığı ən böyük hadisələrdə - II Qarabağ müharibəsində, postmüharibə dönəmində mətbuatımızın həm sevdalı həm peşəkar fəaliyyəti o şərəf və məsuliyyətə nə dərəcədə cavab verməsini şəkilləndirmiş oldu.

Azərbaycan mətbuatı artıq qlobal informasiya şəbəkəsinin bir parçasıdır. İndi milli mətbuatımız qalib Azərbaycanın həqiqətlərini yayır, təbliğ-tərənnüm edir. Könül dostlarımızın sözü ilə desək, biz xarici mətbuatı da ölkəmizə “gəldim, gördüm, yazdım” forumulu üzrə çağırırıq. – Gəlsələr, görsələr sevəcəklər, sevərək yazacaqlar, yazaraq sevəcəklər. O ki qaldı qərəzkarlara – onlar üçün fərqi yoxdu – görsünlər ya görməsinlər – onların öz bədnam missiyası var: qaralama!.. Ancaq bu əsl mətbuatın missiyası deyil, əlbəttə! – Əsl mətbuat aydınlatmalıdır!

Beləliklə, qalib Azərbaycanın mətbuatı yeni görəvlər üstlənməlidir. – Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”!

Bayrağımız uca, qəzetimiz, dərgimiz oxunar, radiomuz eşidilər, televizyamız baxılar, saytlarımız da rəqabətədavamlı olsun!

Əziz media mənsublarımızın peşə bayramını ürəkdən təbrik edirəm!

Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri


MANŞET XƏBƏRLƏRİ