“Ucuz xəbər arxasınca qaçmaq mətbuatı da ucuzlaşdırır” - Baş redaktor


“Son illər gənc və istedadlı jurnalistlərin mətbuata axın etməsi müsbət haldır. Bir və ya bir neçə xarici dildə yazmağı və danışmağı bacaran, informasiya texnologiyalarının “dilindən” anlayan, tükənməz enerjiyə malik olan gənc həmkarlarımızın mediada təmsil olunması bütövlükdə bu sektorun gələcəyinə ümidləri artırır. Azərbaycan mətbuatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Yaxın illərdə ölkəmizdə yeni dövrün çağırışlarına cavab verən peşəkar mətbuat institutunun formalaşacağına şübhəm yoxdur".

Turkustan.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yernisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist bildirib ki, həllini gözləyən problemlər də var. Mətbuat daha ciddi mövzulara maraq göstərməlidir. Mövzu seçimi rəngarəng olmalıdır. Şablonlardan qurtulmağın vaxtı çatıb. Heç bir ictimai yükü olmayan xəbərlərlə vidalaşmaq lazımdır. Təəssüf ki, bu gün saytların manşetindən, qəzetlərin səhifəsindən Elgiz, Elza, Zaur kimi şou-biznes nümayəndələri boylanır. Ucuz xəbər arxasınca qaçmaq mətbuatı da ucuzlaşdırır. Oxucunun rəyini əsas götürmək başadüşüləndir. Amma bunu bəhanə edib saytları, qəzetləri sarı rəngə boyamaq təslim olmaq, kütlənin arxasınca sürünməkdir. Sürünməkdən, iməkləməkdən qurtulub yerimək, həm də iri addımlarla yerimək lazımdır”.


MANŞET XƏBƏRLƏRİ