Bir Gəray vardı bu dünyada



Aynur Turan
Göy Qurşağı” jurnalının redaktoru

(əvvəli BU LİNKDƏ)

Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün... Azərbaycan ədəbiyyatının elə məşhur imzaları var ki, dünyanın üstümüzə ələdiyi dərdindən-sərindən, kirindən, dedi-qodusundan arınmaq, paklanmaq üçün onların yaradıcılığına dönə-dönə qayıtmaq lazımdır. Bəzən, amansız əcəl, vaxtsız ölüm elələrini sıralarımızdan zamansız aparsa da, onları unutmamaq, gənc nəslə xatırlatmaq, təbliğ etmək borcumuzdur. Belə işıqlı imzalardan biri vətənpərvər, istedadlı şair Fəzlidir.

G.Fəzli bütün ili sanki bir günün həsrəti ilə yaşayırdı, mayın 9-u, Qələbə Günü ilə. Təqvimdə həmin gün çatanda onun üzündə kədərlə sevinc, göz yaşı ilə təbəssüm bir-birini əvəz edərdi. Sevinc – qələbə sevinci idi. Kədər–müharibədə qoyub gəldiyi dostlarının, itirdiyi səsinin kədəri idi. O, yeniyetmə ikən, hələ yaşı çatmamasına baxmayaraq, könüllü olaraq cəbhəyə yollanmış, müharibə dəhşətlərini öz gözlərilə görmüş, səs tellərinə dəyən düşmən gülləsindən səsini itirmişdi. Düşmən yanılmışdı, gülləsi hədəfə dəyməmişdi. Gəray yalnız səsini itirdi. Səsini itirsə də, cəbhədə qazandıqları daha çox oldu: iradə, dözüm, mərdlik, kamillik, ləyaqət, mübarizlik və ən əsas qələbə və qələm!

G.Fəzlinin müharibə illərindən dolğun romanlar yazan yazıçı qələmi, nəğmələrə çevrilən, lirik şeirlər qoşan şair qələmi, heyranedici publisist qələmi müharibə illərindən bəhs edən “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı” romanlarını və xeyli cəbhə şeirlərini yazdı. Bütün bu əsərləri oxuduqca başa düşürsən ki, biz bu günümüz üçün onlara, ölümlə üz-üzə gələnlərə, əbədiyyətə qovuşan hər bir əsgərə, bədənində qəlpələr gəzdirənlərə, həmin bahar günü ilə bizə azadlıq müjdəsi gətirənlərə borcluyuq.

Bir göz baxdı pəncərəmdən,

Dedim: - Kimsən?

Dedi: - Mənəm

Dedi cəbhə yollarında

Çantadakı son tikənəm

Dostlarımla bölüşməli

Bir meh əsdi Ağdərədən:

Dedim: - Kimsən?

Dedi: - Mənəm!

Bir vaxt sənin cəbhə dostun,

İndi isə... sevincinəm,

Gülüşünəm, qəh-qəhənəm.

Gənclik dostları deyirdi ki, Gərayın gözəl səsi var imiş, hətta gözəl oxuyurmuş da. Bu haqda söz düşəndə, deyərdi ki, ürəyimdəkiləri Rübabə xanım, Hüseynağa oxuyur. “Ay günahsız əzizim”, “Sən olmuşam” və neçə-neçə belə həzin mahnılar.

Düşmən doğrudan da yanılmışdı. Gərayın səsi efirdə gedən verilişlərində idi. Televiziya və radioda səslənən, G.Fəzli imzası ilə gedən hər bir veriliş həmişə gur səslənirdi, əks-səda tapırdı, təkrar-təkrar ekranda yer alırdı.

Şairin “Yazıçı xəyalı, oxucu həqiqəti” adlı yazısını gözdən keçirək: “Mən öz tərcümeyi-halıma borcluyam. Bunu deyərkən 1941-45-ci illərə təsadüf edən ən romantik, ən coşqun və eyni zamanda ən yetkin dövrü nəzərdə tuturam... Müharibə deyilən o mənhus tufanın qısa müddətə mənə bəxş etdiyi çox qiymətli keyfiyyətləri nəzərdə tuturam. Doğrudur, böyük qələbənin qazanılmasında mənim kiçik də olsa payım var, ancaq mənim vətəndaş kimi, bir qələm əhli kimi yetişməyimdə həmin qələbənin xidmətləri misilsizdir. Tərcümeyi-halımın “çılpaq faktlar okeanında” rast gəldiyim hər şey xalqımın, Vətənimin, dünyanın taleyi ilə bağlı olduğu üçün mən özümü necə də xoşbəxt hiss edirəm”. Atası sürgün olunduqdan sonra bəy oğlu olan kiçik yaşlı Gəray uşaq evində böyüdü, təhsil aldı, müharibəyə getdi, yaralandı, səsini itirdi, bədənində qəlpə gəzdirdi, qələmə söz verdi, cəbhəçi-yazıçı adını qazandı. Çox nadir bir miras qoyub getdi-cəbhənin odundan-alovundan çıxmış bir miras.

Mən səngərdə öyrənmişəm

Dost yolunda candan keçmək,

El yolunda ölmək nədir.

Düşünürəm cəbhə yolum,

səngər ömrüm

hələ tamam oxunmamış

salnamədir.

O, bu salnamədən hər il mayın 9-da səhifələr açar, həmin gün onun başına yığışan ailə üzvlərinə, dostlarına xatirələr söyləyərdi. Gəray Fəzli ad gününü keçirməzdi. Deyirdi ki, müharibədən qayıdanların doğum günü Qələbə Günüdür. Ona görə də onu sevənlər, dostları, yoldaşları, yaxınları məhz həmin gün onun başına toplaşardılar. Təbriklər, hədiyyələr, xatirələr... Nəvələrindən birini də ona Tanrı məhz mayın 9-da Gələbə Günü bəxş etmişdi. Bu da qəribə bir rəmz idi onun üçün. Bu gün onsuz da yaraşıqlı xarici görünüşə malik olan Gəray daha şux görünür, qürurla gəzərdi. Hərdən də gözlərində sevinc yaşları parlayırdı. O, dünyadan ürəyində dəhşətli bir nisgillə getdi. Axı Şuşanın işğalı xəbəri ona məhz mayın 9-da çatmışdı. Onun Qələbə Gününə kölgə salmışdı, ona arxadan zərbə vurulmuşdu. Bu xəbəri eşidib, eyvana çıxdı, eyvanından bir parça dəniz görünürdü. Gözünü dikdi bu bir parça dənizə, baxdı, baxdı... Nələr keçdi ürəyindən? Dənizə dərdini pıçıldadı, göz yaşını Xəzərin sularına göndərdi. Həmin axşamı sükutla keçirdi. Yalnız səhər cəbhə şeirlərindən bu misraları astadan dedi:

Göynədibdir köhnə yaram

sübhə qədər

Dolaşdıqca bədənimdə od qəlpələr.

Amma hamımız inanırıq ki,

Üfüqləri çiçək-çiçək

Çiçəkləri ləçək-ləçək

Bir bağım var,

Məşəl yanır dövrəsində

May gələndə kövrəkləşən

Buludları seyrəkləşən

Bir dağım var

Məşəl yanır zirvəsində.

Bu məşəl mütləq Şuşa dağlarının zirvəsində yanacaq. Unudulmaz şairimizin ruhu da onda rahat olacaq, vətən torpağında rahat yatacaq.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ