İstiqlalımızın bayraqdarı


Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

Bütün təzyiq və təhdidlərin davam etdiyi bir zamanda Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura dövlət quruculuğunu durmadan həyata keçirərək qısa bir zamanda hakimiyyət bölgüsünün əsaslarını yaratmağa nail oldular. 1918-ci il dekabrın 7-də parlamentin ilk təsis iclasını açan M.Ə.Rəsulzadə millət vəkillərinə müraciət etdi: “Möhtərəm millət vəkilləri! Azərbaycan Cümhuriyyətinin ilk parlamentini açmaq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə fəxr edirəm. Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti də dəxi elan etmiş oldu. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqlarıdır... Səadət – hürriyyət və istiqlaldadır. Bunun üçün də, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç rəngli bayrağı Milli Şura qaldırmışdır. Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu bayraq daima başlarımızın üstündə dalğalanacaqdır. Bir dəfə qaldırdığımız bayraq, bir daha enməyəcəkdir!”

Azərbaycanın siyasi rəhbərləri dünyanın mürəkkəb və ziddiyyətli zamanında idarəetmə formasına görə, plyuralist mövqelərə, çoxpartiyalılıq və hakimiyyət bölgüsü prinsiplərinə əsaslanan Parlament Respublikasının klassik nümunəsini yaratdılar. Azərbaycan Parlamentində qəbul edilmiş Seçki Qanununa əsasən, “seçki gününə kimi 20 yaşı tamam olmuş hər iki cinsdən olan Respublika vətəndaşları” Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak hüququ aldılar, səsvermədə kişi və qadınların hüquq bərabərliyi təmin olundu. Hələ həmin dövrdə, müasir parlamentarizmin bir çox parametrlərinə görə, gənc dövləti mütərəqqi qanunlar üzərində qurmaq təşəbbüslərinə görə, Azərbaycan Parlamenti dünyanın ən qabaqcıl ölkələri sırasında dayanırdı. Milli Şuranın sədri və Azərbaycan Parlamentində hakim partiyanın rəhbəri Məhəmməd Əmin Rəsulzadə dövlətin tərəqqisinin parlamentarizm yolunu o dövrün ən optimal variantı hesab edir və bu parlamentdə mühüm qanunların hazırlanması və millət vəkillərinin ümumi səs çoxluğu ilə qəbul edilməsi üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan Parlamentində demokratiyaya siyasi-hüquqi əsasların yaradılması bu prosesin cəmiyyətin içərilərinə doğru yayılmasına, genişlənməsinə və dərinləşməsinə təkan verirdi. Məhəmməd Əmin Rəsulzadə bu prosesin güclənməsi üçün parlamentdən mətbuata qədər bütün vasitələri hərəkətə gətirməyə çalışırdı. O, demokratik mükalimədən doğan həqiqətin daha inandırıcı olacağına, cəmiyyətdə dəstəklənəcəyinə əmin idi. Çünki demokratiya prosesinin özü cəmiyyəti fakt və hadisələr üzərində düşünməyə və sərbəst nəticə çıxarmağa kökləyir. O əmin idi ki, insanlar demokratiyanın doğuluşunu görməsələr, onun həqiqətinə və bu həqiqətin qələbəsinə inanmayacaqlar. Ona görə də böyük siyasətçi göydən endirilən demokratiyanın yox, təfəkkürdən, real işdən doğulan demokratiyanın tərəfdarı idi. M.Ə. Rəsulzadə həm də demokratiyaya – insanlığın, bəşəri dəyərlər sisteminin inkişafına təminat yaradan vacib amil kimi yüksək dəyər verirdi. Lakin İstiqlalımızın düşmənləri yenicə yaranmış dövlətimizi məhv etmək məqsədlərində olduqca inadkar idilər. Ona görə də Milli Şuranın sədri M.Ə.Rəsulzadə yenicə müstəqillik qazanmış Azərbaycan Xalq Cümhuriyyətində milli təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini onun “dirilik şərti” kimi irəli sürürdü. Məhz onun təşəbbüsü və təklifi ilə Azərbaycan Parlamenti “Dövlətin müdafiəsi məqsədilə Hökumətin tərkibində fövqəladə səlahiyyətlərə malik xüsusi orqanın yaradılması” haqqında qərar qəbul etdi. Həmin qərara əsasən, 9 iyun 1919-cu ildə Dövlət Müdafiə Komitəsi yaradıldı və iyunun 14-dən etibarən bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Ermənistanın Qarabağ və Naxçıvana, Gürcüstanın isə qərb bölgələrimizə iddiaları Azərbaycanın bütün sərhədləri boyunca vəziyyətin son dərəcə ağır olduğunu göstərirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hərbi qüvvələrinin ayıq-sayıqlığı, getdikcə güclənməsi, həm də Qafqaz regionunda Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yeritdiyi praqmatik xarici siyasət nəticəsində ölkəmizin indikindən xeyli böyük olan o zamankı sərhədlərini Sovet hakimiyyəti illərinədək qoruyub saxlamaq mümkün olmuşdu. Fəqət yüz illik əsarətin doğurduğu ağrı-acıların sağalmağa başladığı, milli-mənəvi yaraların sarındığı Cümhuriyyət ömrü öz sonuna yaxınlaşırdı.

28 aprel 1920-ci il. Rusiya imperiyası bu dəfə çar qoşunları ilə deyil, XI Qırmızı Ordu ilə Azərbaycana soxuldu, beynəlxalq birliyin tanıdığı müstəqil dövləti – Azərbaycan Xalq Cümhuriyyətini devirdi. Hərbi müdaxilə prosesində amansız işğal, talan, özbaşınalıq, hətta rus-erməni alyansı tərəfindən soyqırım həyata keçirildi. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin adına bağlı nə vardısa dağıdır, bütün etiraz və üsyan dalğaları rəhmsizliklə yatırılırdı. Azərbaycan xalqının müstəqil düşüncə sahiblərinin böyük əksəriyyəti 1937-1938-ci illərdə kütləvi şəkildə, daha sonra isə ayrı-ayrılıqda repressiyaya uğradıldı. Məmməd Əmin Rəsulzadə və onun ölümdən qurtulmağa macal tapmış məsləkdaşları qürbətə - sonu görünməyən mühacirətə üz tutmalı oldular. Lakin onların Türkiyə və Avropa dövlətlərinə sığınması sadəcə məcburi mühacirət deyildi. Bu, sözün əsl mənasında Vətənlə birgə mühacirət idi. Onlar Azərbaycanı özləri ilə birgə ürəklərində qürbətə aparmış mücahidlər idi. Mühacirətdə olduğu, minbir çətinliklə qarşılaşdığı 35 illik bir zaman kəsiyində “Mücahidlər öndəri” Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyinin ideoloqu missiyasını daha böyük mübarizə ruhu ilə yerinə yetirdi. Onun mühacirət həyatı, özünün dediyi kimi, “Azərbaycan davasına” həsr olunmuş fırtınalı bir ömür yoluna çevrildi. Cümhuriyyətin mücahidləri, xüsusilə M.Ə.Rəsulzadə 1950-ci illərin ortalarına qədər həm o zamankı milli-demokratik dövlətimizin mənafelərini, həm də yenidən rus əsarətinə düşmüş xalqımızın mənafeyini beynəlxalq miqyasda fəal siyasi-diplomatik fəaliyyətləri ilə müdafiə etdilər. İyirminci əsrin birinci yarısında, xüsusilə 1930-1950-ci illərdə dövlətlərarası münasibətlərin barışmaz siyasi-ideoloji mübarizə ilə müşayiət olunduğu bir zamanda M.Ə.Rəsulzadə sanki Azərbaycan dövlətinin xaricdə rəsmi səlahiyyətə malik olan nümayəndəsi kimi onun milli mənafelərini beynəlxalq miqyasda müdafiə edirdi. İkinci Dünya müharibəsi ərəfəsində, müharibə illərində və hətta müharibədən sonra beynəlxalq münasibətlərin kifayət qədər dramatikləşməsi, SSRİ-nin dünya savaşından qalib çıxması, Şərqi Avropanı işğal edərək burada sosialist rejimləri qurması, bütün qonşu dövlətlərə meydan oxuması və beynəlxalq sistemin kommunist dövlətləri qütbünü yaratması, “soyuq” müharibənin başlaması dünyada nə qədər gərginlik yaratsa da bu illərdə ölkədən-ölkəyə mühacirət etmək məcburiyyətində qalan M.Ə. Rəsulzadə sarsılmaz bir qətiyyətlə “Azərbaycan davasını” beynəlxalq müstəvidə davam etdirmək yolundan geri çəkilmədi. “Azad və məhkum insanlar”, “azad və məhkum xalqlar” təzadını yer üzündən silmək iradəsilə, millətinə və bəşəriyyətə yalnız fayda verməyi düşünən və bu amalın “milli dövlət” və “dünya birliyi” formasında “dialektik açarını” taparaq, bütün fəaliyyəti ilə onun reallaşmasına çalışan M.Ə. Rəsulzadə XX əsrdə humanizm əsaslı klassik milli ideologiyanın yaradıcılarından biri kimi dünya humanitar mədəniyyəti tarixində özünəməxsus yer qazandı.

Böyük Azərbaycan ideoloqu M.Ə.Rəsulzadə qardaş Türkiyədə, ölümündən bir neçə gün əvvəl yazdığı son şerində də Azərbaycan istiqlalına bütün varlığı ilə bağlılığının zərif, duyğusal, həm də məğrur poeziyasını yaratdı:

... Milli fikir toxumları səpildi,

İslatdı torpağı axan qızıl qan.

Bu əkindən sabahkı bir baharda,

Əlbət bitər bir yeni Azərbaycan.

Tarixin yenə gözəl bir çağında,

Qaranlıq qış keçib, bahar gələcək.

Hər hansı bir ilin aydın günündə,

Azərbaycan İstiqlala girəcək!

Əbədi müstəqilliyimizin o aydın və işıqlı günü yalnız 36 il sonra gəldi – 1991-ci ilin 18 oktyabrında. Məhəmməd Əmin Rəsulzadənin və digər Cümhuriyyət liderlərinin ömrünün sonunadək qəlblərində yaşatdıqları milli müstəqillik və respublikaçılıq idealları səksəninci illərin sonu və doxsanıncı illərin əvvəllərində yenidən xalqımızın milli-azadlıq hərəkatına ruh verdi – Yer üzünə Cümhuriyyətin varisi kimi möhtəşəm Azərbaycan Respublikası doğuldu. Böyük Rəsulzadə Mücadiləsi Əbədi İstiqlalımızın gəlişi ilə sona çatdı.

Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti, intəhasız yaradıcılığı Azərbaycanda, Türkiyədə, Avropada, eləcə də dünyanın digər ölkələrində öyrənilir və araşdırılır. Təkcə Azərbaycanın deyil, dünyanın onlarla qəzet və jurnalı, nəşriyyatı məhsuldar yaradıcılığı qibtə doğuracaq M.Ə.Rəsulzadənin böyük yaradıcılıq irsini indiyədək çap edib və etməkdədir. Əsərlərindəki konseptual mövqeyini həm yığcam fikirlərində, həm də geniş tədqiqatlarında Vətənə məhəbbət eşqi ilə sərgiləyən M.Ə. Rəsulzadənin Azərbaycanda 24, Türkiyədə 22, İranda 3, Rusiyada 1, Avropa ölkələrində (Polşa, Almaniya, Fransa, Britaniya) 8 kitabı nəşr olunub.

Siyasət, mədəniyyət və mənəviyyat tariximizin ayrılmaz bir parçası olan, 130 illiyini ehtiramla qeyd etdiyimiz M.Ə.Rəsulzadənin uca şəxsiyyətinə onu yaxşı tanıyanların, müasirlərinin, məsləkdaşlarının verdiyi dəyər Azərbaycanın mütəfəkkir siyasətçisinin monumental obrazına realist bitkinlik verir. Onun insanlarda dərin inam və etimad doğuran kamil xarakterinin və natiqlik məharətinin üstün keyfiyyətlərini hələ Azərbaycan Parlamentinin ilk iclasında müşahidə etmiş yeni dövr mədəniyyətimizin yaradıcılarından biri - dahi Üzeyir bəy Hacıbəyli M.Ə.Rəsulzadəni “nikbin”, “açıq” və “gülərüz”, “yerə baxmaq adəti olmayan”, “sözlərinin dəruni-qəlbdən söyləndiyini eşidənlərə hiss etdirən”, “hər cümləsinin axırında alqışlar yağan” bir şəxsiyyət kimi yüksək dəyərləndirirdi.

M.Ə. Rəsulzadənin yaxın silahdaşı, istiqlal yolunun davamçısı Mirzə Bala Məmmədzadə Cümhuriyyət liderinin dəfn mərasimində - bütün türk dünyasının görkəmli nümayəndələrinin və fikir adamlarının iştirak etdiyi matəm mərasimində deyirdi: “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal! – deyə dünyaya göz açdı və “İnsanlara hürriyyət, millətlərə istiqlal! – deyə yenə həyata göz yumdu. O, prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda fədakarlıq, əzm və səbatın da timsalı idi. Çünki o, tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi”.

Özümdə cəsarət tapıb bu böyük İnsanın şərəfinə deyilmiş sözlərdən daha uca, daha şərəfli bir söz tapmağa çalışırkən nəzərlərim evimin pəncərəsindən mavi Xəzərə tuşlanır, onun qoynundakı bir ucalıqda ləpələnən üçrəngli bayrağı seyr edirəm. Xəzri əsəndə Qərbdən, gilavar əsəndə Şərqdən görünən möhtəşəm İstiqlal bayrağımız sanki Məhəmməd Əmin ruhuna layla çalırmış kimi dalğalanırdı. Onun qayəsi də, onun həyat amalı da elə bu deyildimi?!

Bəli, tariximizin ən həlledici məqamında ucaldılmış Cümhuriyyət bayrağımız bu gün başımız üstündə qürurla dalğalanır – Müstəqil Dövlətimizin bir də heç zaman enməyəcək bayrağı! Müasir Azərbaycanımızın banisi Heydər Əliyevin müstəqillik ideallarına sədaqətlə tarix meydanına yenidən gətirdiyi və ona əbədi ömür bəxş etdiyi Cümhuriyyət bayrağı.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ