İstiqlalımızın bayraqdarı


Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

İyirminci əsrin əvvəlləri. Cəhalətlə oyanışın , qatı mühafizəkarlıqla yeni düşüncənin üz-üzə gəldiyi bir zaman. Bu həm də fanatik qafalarla maarifçi təfəkkürün, para ilə əxlaqın, yabançılaşma ilə özünəqayıdışın, müti təbəəçiliklə milli özünüdərkin və nəhayət, imperializmlə milli müstəqillik ideallarının toqquşduğu bir zaman idi. Bu toqquşmadan sıçrayan qığılcımlar demək olar ki, dünyanın hər tərəfində sosial təlatümlər yaradır, hər yerdə siyasi inqilablar, milli hərəkatlar, hərbi çaxnaşmalar, hətta cəmiyyətləri və dövlətləri üz-üzə qoyan irimiqyaslı savaşlar tüğyan edirdi.

Məhz belə bir zamanda dünyaya göz açan Məhəmməd Əmin Rəsulzadənin gəncliyi zamanın bu təlatümlərinə bir tufan kimi qarışdı. Bu həmin zaman idi ki, sinfi ziddiyyətlərin doğurduğu 1905-1907-ci illər rus inqilabı ictimai-siyasi ədalətsizliyi aradan qaldırmağın əsas ideologiyası kimi sosial-demokratiya platformasını önə çıxarmışdı. Azərbaycanda isə mövcud cəmiyyəti yeniləşdirməyin əsas xəttini Mirzə Fətəli Axundzadə ilə başlayan və sonrakı onilliklərdə xalqımızın tərəqqipərvər nümayəndələrinin fəaliyyəti ilə genişlənən maarifçilik hərəkatı təmsil edirdi. Əsas istiqamətində sırf mədəniyyət hadisəsi olan Azərbaycan maarifçiliyinin gənc yetirməsi - Məhəmməd Əmin Rəsulzadənin məhz sinfi, milli, irqi ayrı-seçkiliyə qarşı mübarizə əzmi onu həm də beynəlmiləl sosial-demokratiya hərəkatına cəzb edir və bu onun inqilabi dünyagörüşünü formalaşdırırdı. Nəticədə hər iki ideologiyanı öz zəkasında dahiyanə şəkildə sintezləşdirən gənc M.Ə. Rəsulzadə inqilabi maarifçilik təfəkkürünə sahib olan bir şəxsiyyət kimi hələ 20 yaşında ikən Azərbaycan sosial-demokratiyasının ilk təşkilatı olan “Hümmət”in yaradıcılarından biri kimi siyasət meydanına atıldı.

Lakin hadisələrin sonrakı inkişafı – sosial-demokratiya hərəkatının bolşevizmə transformasiyası M.Ə. Rəsulzadə və onun silahdaşlarını daha optimal istiqamətdə fəaliyyət göstərməyə sövq etdi. Çünki tezliklə məlum oldu ki, bolşeviklər, həm də onların sırasına qoşulmuş Azərbaycan bolşevikləri, Rusiya imperiyasında siniflərin bərabərliyi ideologiyasından çıxış etsələr də, mahiyyətcə həmin imperiyadan fərqlənməyən sərt bir unitar rejimin tərəfdarıdırlar. Millətlərin müstəqilliyi ideyasını inkar edən bir inqilabi hərəkatı isə Məhəmməd Əmin Rəsulzadə qəbul edə bilməzdi. Onun uğrunda vuruşduğu amal daha böyük, daha möhtəşəm idi.

Gərgin ideya axtarışları Rəsulzadəni türk xalqlarının böyük mədəniyyət və dövlətçilik tarixinə, zamanında bu tarixdə layiqli yer almış Azərbaycanın öz milli varlığına pərəstişə gətirib çıxardı. Məhz bu təməl üzərində Məhəmməd Əmin Rəsulzadənin milli istiqlal ideologiyası təşəkkül tapdı. Dünyada sürətlə cərəyan edən, tamamilə gözlənilməz nəticələr ortaya çıxaran hadisələr Məhəmməd Əmin Rəsulzadəni addım-addım Azərbaycan dövlətinin müstəqilləşməsi labüdlüyünə aparırdı. Onun seçimi “İnsanlara hürriyyət, millətlərə istiqlal!” ideallarını gerçəkləşdirəcək bir mübarizənin yolu oldu. O dünyanı çulğayan sarsıntılar və çaşqınlıqlar içərisində bir an belə tərəddüd etmədən və yanılmadan, müdrik bir zəka ilə öz Həqiqətinə doğru irəlilədi. İrəlilədikcə də öz həqiqətini bütün çevrəsinin, ətrafındakı toplumun, başçılıq etdiyi siyasi birliyin və nəhayət, bütöv bir millətin Həqiqət Yoluna çevirə bildi və özü də bu Möhtəşəm Yolun öndərinə çevrildi. Beləcə, türk dünyasının nicat ulduzu parladı və bütün türk dünyasına nicat yolunu – Milli İstiqlal yolunu göstərdi. Bir an belə nəfəs dərmədən Milli İstiqlal ideyasının tənətənəsinə doğrü yürüdü. Bu yürüş təkcə Azərbaycanın taleyində deyil, özünü tamamilə itirmək təhlükəsi qarşısında dayanan dünya türklüyünün tənəzzülündə möhtəşəm bir dönüş yaratdı, türkün öz böyüklüyünə və möhtəşəmliyinə inamını özünə qaytardı.

Hələ o zaman - “şərqində günəş doğarkən, qərbində günəş batan” nəhəng Rus imperiyasının amansız caynağında ikən, öz xalqını kamil bir millət kimi müstəqil dövlətə sahib etmək uğrunda mübarizəyə başlamaq, bu mübarizədə uğur qazanacağına qətiyyətlə inanmaq, silahdaşlarını və geniş xalq kütlələrini də buna inandırmaq Məhəmməd Əmin Rəsulzadənin ən böyük mənəvi qəhrəmanlığı idi. Lakin onun tarixi missiyası inanmaq və inandırmaqla məhdudlaşmırdı. M.Ə.Rəsulzadə sadəcə Milli İstiqlal yolunu göstərmədi, həm də bu yolun dəqiq xəritəsini cızaraq bu yolda irəliləyən millətin bələdçisinə çevrildi. Zəmanəsinin bütün ictimai, siyasi, ideoloji, mədəni fikir cərəyanlarını, onların reallaşma imkanlarını və aqibətini ciddi şəkildə götür-qoy edərək, nəhayət, azərbaycançılıq ideologiyası üzərində dayandı. O bir siyasətçi və ideoloq missiyası ilə, müsəlman dünyasının milli-azadlıq hərəkatında islamçılığın, türk dünyasının oyanışında isə türkçülüyün mütərəqqi rolunu qətiyyən inkar etmədən, eyni zamanda, islam cəmiyyətlərinin vahid islam dövləti, dünya türklərinin isə vahid türk dövləti yaratmaq ideyasını qeyri-mümkün, həm də irəliyə yox, geriyə doğru addım hesab edirdi. Onun qənaətincə, iyirminci əsrin reallığı – dövləti olmayan xalqların öz müstəqil milli dövlətlərinə sahib olmaq məqsədinə köklənmişdi. Buna görə də Məhəmməd Əmin Rəsulzadə “ümmətçilikdən millətçiliyə” – “ictimai ideologiyasının “dini islamçılıqdan milli türkçülüyə keçidini” zəruri sayır və milli özünüdərkin təkamülü kimi türkçülüyün azərbaycançılığa doğru inkişafının zərurətini əsaslandırırdı. Doğrudan da, tarix sübut etdi ki, M.Ə. Rəsulzadə haqlı idi. Çünki nə o zaman, nə də indi türkçülüklə azərbaycançılıq bir-birini inkar etmir, əksinə, bir-bir ilə vəhdət yaradır: türkçülük – müstəqil türk dövlətlərinin birliyi, azərbaycançılıq isə – türk dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycan dövlətinin təkcə müasir deyil, həm də tarixi türk ənənələri üzərində qərar tutan siyasi ideologiyası kimi məhz Rəsulzadə zamanından özünə real dayaqlar yaratmış oldu.

1917-ci ilin qaynar hadisələrində və 1918-ci ilin əvvəllərində sürətlə bir-birini əvəzləyən ziddiyyətli siyasi gedişlərin burulğanında öz əqidəsindən bir addım belə geri çəkilməyən Rəsulzadə öz məsləkdaşları ilə birgə ilk milli dövlətin yaranmasına doğru əzmkarlıqla irəlilədilər. Bu müqəddəs mübarizə ilkin olaraq 1917-ci ilin aprelində Bakıda keçirilmiş Birinci Ümumqafqaz Müsəlmanları qurultayında M. Ə. Rəsulzadə tərəfindən irəli sürülmüş “Azərbaycan türklərinin milli-ərazi muxtariyyəti” ideyasından boy ataraq 1918-ci ilin 28 Mayında müstəqil Azərbaycan dövlətinin elan edilməsinə qədər gərgin və keşməkeşli bir yol qət etdi. Əvvəlcə Tiflisdə, sonra Gəncədə, nəhayət, Bakıda möhkəmlənən Azərbaycan Xalq Cümhuriyyəti çox amansız tarixi sınaqlar qarşısında ikən, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları varlığına təməl qoyduqları bu dövləti qoruyub saxlamaq üçün gözlənilməz çətinliklərdən keçir, hətta məhv olmağın bir addımlığında yalnız böyük zəka, düzgün seçim, ədalətli və sağlam siyasət, çevik diplomatiya sayəsində yeni doğulmuş kövrək milli dövləti xilas edə bilirdilər. Artıq bu zamandan etibarən M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, əsas ideoloqu və strateqi kimi təkcə milli dövlət quruculuğunun ideya-nəzəri məsələləri ilə deyil, həm də bilavasitə siyasi praktikası ilə məşğul olur.

M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetində müstəqil dövlətimizin qurulmasının bir illiyi münasibətilə yazdığı yubiley məqaləsində, uğrunda can qoyduğu Azərbaycan Xalq Cümhuriyyətini – tarixən sayca 114-cü türk dövlətini (!) islam dünyasının ilk respublikası, türk sivilizasiyasınınsa ilk milli türk dövləti olaraq səciyyələndirirdi: “Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda, Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu bünövrəsinə əsaslanır və bu baxımdan bizim respublikamız – ilk türk dövlətidir”.

Təsadüfi deyil ki, M.Ə.Rəsulzadə tərəfindən imzalanmış ilk beynəlxalq sənəd 1918-ci ilin 4 iyununda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasında bağlanan “Sülh və dostluq haqqında” müqavilə oldu. Bu müqavilə yenicə yaranmış Azərbaycan dövləti üçün həyati əhəmiyyət kəsb edirdi. Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləyən bolşevik-daşnak qruplaşmalarından təşkil olunan və Rusiyadan idarə olunan Bakı Soveti ölkənin paytaxtında və əyalətlərdə təxribatlar törədib, çevriliş etməyə cəhd göstərirdilər. Faktiki olaraq onlar ikihakimiyyətlilik yaradıb, milli hökumətin Bakıya gəlməsinə imkan verməyəndə, vəziyyət daha da gərginləşdi. 1918-ci il iyunun əvvəllərində Bakı Sovetinin silahlı birləşmələri milli hökumətin yerləşdiyi Gəncə üzərinə hücuma keçəndə, hələ yetərincə hərbi qüvvəyə malik olmayan Cümhuriyyət rəhbərləri Osmanlı imperatorluğu ilə bağlanmış məhz həmin müqaviləyə əsaslanaraq, türkləri köməyə çağırdılar. Türk ordusunun dəstəyi ilə Bakı Sovetinin qoşunları məğlubiyyətə uğradılsa da, hadisələrin sonrakı gedişi daha dramatik proseslərə yol açdı. Belə ki, çox mürəkkəb və çətin bir dövrdə həm də “ilhaqçılar” ölkəmizin Türkiyəyə birləşdirilməsini təkid edirdilər. Türk ordusunun komandanı Nuru Paşanın “ilhaqçılarla” razılığa gəlməsi isə vəziyyəti daha da çətinləşdirdi. Lakin Cümhuriyyət rəhbərləri Nuru Paşanı inandıra bildilər ki, Azərbaycanın Türkiyə tərəfindən ilhaq edilməsi Birinci Dünya müharibəsində məğlub durumda olan və müəyyən öhdəliklər qarşısında qalan Osmanlı dövlətinin xeyirinə yox, ziyanına olardı. Türk hərbçiləri ilə kompromis əldə olunduqdan sonra Cümhuriyyət rəhbərləri Britaniya hərbi qüvvələrinin komandanı, əvvəllər “Azərbaycan” sözünü eşitmək belə istəməyən, Azərbaycanı Rusiyanın bir parçası hesab edən general V.M. Tomsonu da əvvəl-axır milli hökumətin tərəfinə çəkə bildilər. Beləliklə, Rusiyanın Birinci Dünya müharibəsində Antanta daxilində müttəfiqi olmasına baxmayaraq, regionda Rusiyanın mövqelərini zəiflətmək və Bakı neftinə sahib olmaq niyyəti ilə Böyük Britaniya Cənubi Qafqaz dövlətlərinin müstəqilliyə keçid prosesinə dəstək verdi.

M.Ə.Rəsulzadə mürəkkəb tarixi zamanda Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və diplomatiyası qarşısında duran vəzifələrin “yeni doğulmuş Azərbaycanın məhvinə yol verməməkdən” ibarət olduğunu göstərirdi. Rəsulzadə və onun məsləkdaşları bu vəzifəni yerinə yetirmək üçün özlərindən çox-çox böyük və qüdrətli qüvvələrin önündə kifayət qədər çevik diplomatik manevrlər etməklə, hətta bəzən “iki pisdən nisbətən əlverişlisini” seçmək, həmin qüvvələrin maraqlarını “Azərbaycan nöqtəsində” uzlaşdırmaq, xüsusilə ölkə daxilində ikihakimiyyətlilik yaratmağa çalışan bolşevik-daşnak (rus və erməni) qruplaşmasını zərərsizləşdirmək məcburiyyəti qarşısında qalırdılar.

1918-ci ilin 24 iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə İstanbula gələn Azərbaycan nümayəndə heyətinin Osmanlı Türkiyəsi ilə apardığı siyasi-diplomatik danışıqlar Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi faktının qəbul edilməsinə və dövlətimizin siyasi subyekt kimi tanınmasına bünövrə qoydu. Nümayəndə heyəti Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni Türkiyədən sonra bu ölkədəki İran Konsulluğuna da təqdim etdi. İstiqlal Bəyannaməmizi geri qaytaran İranın Azərbaycanın Xarici İşlər Nazirliyinə verdiyi notada isə iddia olunurdu ki, İran Azərbaycanı müstəqil bir dövlət kimi tanımır və Cümhuriyyət ərazisi guya İranın ayrılmaz bir hissəsini təşkil edir. Lakin Azərbaycan diplomatiyası İranın bu əsassız mövqeyinin beynəlxalq siyasətdə heç bir dayaq tapmamasına nail ola bildi. Cümhuriyyət liderləri Cənubi Qafqaz dövlətləri arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində də obyektiv mövqedən çıxış etdikləri üçün (mövcud tarixi, siyasi, milli-etnik, coğrafi şərtləri əsaslandırmaqla), özlərinin haqlı olduğunu sübut edir və regionda qarşılıqlı anlaşmaya, sülh proseslərinə yol açırdılar. Nəhayət, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında bir suveren dövlət, müstəqil siyasi subyekt kimi tanınması gənc Azərbaycan diplomatiyasının böyük tarixi qələbəsi oldu.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ