Türkiyə I Qarabağ Müharibəsində harada idi? - Və ya, İlham Əliyev Türkiyənin qətiyyətlə Azərbaycanı dəstəkləməsinə necə nail oldu...


Elbəyi Həsənli

II Qarabağ Müharibəsində Azərbaycan möhtəşəm bir Zəfər çaldı. Bu fakt Azərbaycanın hətta düşmənləri tərəfindən də etiraf olunur. O da vurğulanır ki, bu qələbənin əldə olunmasında Türkiyə, İsrail, Pakistan və xüsusən Böyük Britaniyanın xüsusi rol oynayıb. O da aydındır ki, Türkiyənin birmənalı dəstəyi olmasaydı Azərbaycana bu miqyasda erməniləri cəzalandırmağa imkan verilməzdi...

I Qarabağ Müharibəsində isə Azərbaycan biabırçı məğlubiyyətlə üzləşdi. O vaxt Türkiyə harada idi? Bu suala cavab verməyə çalışacağıq. Bu məsələ ilə bağlı hələ də dildə-dodaqda gəzən belə bir epizod var: Deyilir ki, Kəlbəcərin işğalı ilə bağlı Əbülfəz bəy Türkiyənin Baş naziri Süleyman Dəmirələ müraciət edir. Qadın və uşaqları qırğından qurtarmaq üçün 4 ədəd helikopter istəyir. Türkiyə Əbülfəz bəyin bu xahişini rədd edir. Əslində isə çıxışlarının birində Əbülfəz bəy deyir ki, mən bu məsələ ilə bağlı Rusiya, İran və Türkiyəyə müraciət etdim. Bu dövlətlərin heç biri Azərbaycana 3-4 ədəd helikopter (özü də müvəqqəti, yəni insanları təhlükəli zonadan çıxardıqdan sonra helikopterlər geri qaytarılacaqdı) vermədilər. Əlbəttə, Rusiya və İranın Azərbaycana ”yox” deməsi basadüşüləndir. Ancaq Türkiyənin...

1607627772416891628.jpg

Ümumiyyətlə, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə necə münasibət bəsləyirdi? Bir daha diqqət edək:

Söhbət 1990-cı illərdən gedir. Şübhəsiz ki, o vaxtın Türkiyəsi ilə indiki Türkiyə arasında ciddi fərq var. Ən azı ona görə ki, o vaxt ABŞ Türkiyəni istədiyi kimi “fırladırdı”. Amerika Türkiyədə dəfələrlə hərbi çevriliş törətmişdi. Və Türkiyə Amerikanın icazəsi olmadan bir addım ata bilməzdi. Hə, Türkiyə 1974-cü ildə Şimali Kiprdə türklərin müdafiəsi üçün adaya qoşun yeritmişdi. Ancaq bu, istisna bir addım idi. Eyni zamanda bu addım onu da deməyə əsas verirdi ki, Türkiyə Azərbaycana görə də hərəkətə keçə bilər. Yəni bu ehtimal vardı. Bəs bu ehtimal nə qədər yüksək idi? 2020-ci ildə Ermənistanın beyin məkəzlərindən olan “aniarc.am” saytı “Turkey Prepared to Invade Armenia – 1993” (Türkiyə Ermənistanı işğal etməyə hazırlaşır – 1993) geniş araşdırma yazısı təqdim edib. Təəssüf ki, Azərbaycanda bu kimi araşdırmalar nadir hallarda aparılır. Halbuki bu kimi araşdırmalara ciddi ehtiyac var...

Sözügedən məqalədə deyilir ki, Turqut Özalın ölümündən sonra 1993-cü il mayın 16-da parlament seçkilərinin üçüncü mərhələsində Türkiyənin ən uzunömürlü siyasi xadimi Süleyman Dəmirəl Türkiyənin 9-cu prezident seçildi. İyunun ortalarında o, Doğru Yol Partiyasının başqanı Tansu Çillərdən yeni hökuməti qurmağı xahiş etdi. Türkiyədə ilk dəfə olaraq bir qadın baş nazir oldu...

Turqut Özalın Ermənistan-Azərbaycan savaşına münasibəti ilə bağlı bir önəmli məqama toxunmaq gərəkir. Ömrünün son günlərində Amerikada səfərdə olan cənab Özal Amerika mediasına demişdi ki, Türkiyə Ordusu hərbi təlim keçirərkən 1-2 bomba gedib Ermənistana da düşə bilər. Şübhəsiz ki, bu, Ermənistana qarşı açıq təhdid idi. Özü də bu təhdid birbaşa Amerikada səsləndirilirdi...

Maraqlıdır ki, Azərbaycan torpaqlarının işğalına baxmayaraq beynəlxalq konfranslar çərçivəsində Ermənistan-Türkiyə təmasları davam edirdi. Dağlıq Qarabağda müharibəsinin miqyası daha da genişlənmişdi. Belə bir ortamda iyunun ortalarında Azərbaycanda prezident Əbülfəz Elçibəy hakimiyyətdən uzaqlaşdırıldı. Heydər Əliyev sürətlə önə çıxmağa başladı...

1993-cü ilin yayında erməni qüvvələri Ağdama daxil olanda prezident Dəmirəlin iştirakı ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasdan sonra jurnalistlərə müsahibə verən xarici işlər naziri Hikmət Çətin bildirdi ki, ermənilər Azərbaycanın daxilində mövcud olan qeyri-sabitlikdən istifadə edərək yeni ərazilər ələ keçirirlər. O, bəyan edib ki, ermənilər bu əraziləri əldə saxlaya bilməzlər və bu işğal Ermənistana çox baha başa gələcək.

BU.jpg

1993-cü il iyulun 20-də türk könüllülərinin böyük bir dəstəsi Bakıya gəldi, onların bir hissəsi dərhal Ağdam cəbhəsinə göndərildi. Könüllülər qrupunun liderlərindən biri, Milliyyətçi Hərəkat Partiyasının üzvü Kamal Çakır “Hürriyet”ə açıqlamasında “Ermənilərin dədə-baba torpaqlarımızı ələ keçirməsini qəbul edə bilməzdik. Azərbaycanlı qardaşlarımız müharibədə həlak olarkən biz evdə otura bilmirik”, demişdi.

Türkiyənin keçmiş baş nazir Bülənt Ecevit (1925–2006) Türkiyə Ordusundan Azərbaycanla Naxçıvan arasında dəhliz açmaq üçün hava əməliyyatlarına başlamağı tələb edirdi. Cənab Ecevit deyirdi ki, Türkiyə hava əməliyyatları ilə belə bir dəhliz aça bilər və bu, Ermənistanı Azərbaycanla ədalətli razılaşmaya vadar edə bilər.

Kiçik bir haşiyə çıxaraq vurğulayım ki, indi Zəngəzur dəhlizi adlandırdığımız düşüncə hələ o vaxt da Türkiyə və Azərbaycanda mövcud idi. Çünki bu düşüncə böyük bir ehtiyacdan qaynaqlanır...

Onda Türkiyə prezidenti Süleyman Dəmirəl deyirdi ki, Türkiyə Azərbaycanı xilas etmək üçün müharibəyə başlaya bilməz. Azərbaycan xalqı Ermənistana qarşı əks-hücumları özü həyata keçirməlidir. Türkiyə bu addımı atsa, Rusiya Ermənistanı dəstəkləyəcək və bu, Türkiyə ilə Rusiyanın üz-üzə gəlməsinə səbəb olacaq. Bu isə Türkiyənin maraqlarına ziddir.

1993-cü ilin avqustunda Ana Vətən Partiyasının deputatları hökumətdən Ermənistana qarşı hərbi müdaxilə tələb etdilər. O vaxt “Hürriyət” yazıb ki, 50 min türk döyüşçüsü Ermənistan sərhədi yaxınlığında yerləşdirilib. Böyük Britanlyanın “Reuters” və Çinin “Xinhua” agentlikləri Türkiyə silahlı qüvvələrinin döyüşə hazır olduğunu və Türkiyə hərbi uçaqlarının Ermənistan sərhədləri yaxınlığında müşahidə uçuşları həyata keçirməsi haqqında xəbər yaymışdı...

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ