Kənan Hacı
Ağ vərəqlə üzbəüz qalanda adamı sözün vahiməsi bürüyür... Bu hiss yalnız yazı adamlarına xas olan xüsusiyyətdir. Onlar sözdən bal çəkən arı misalı bir ömür yaşayırlar. Sevdiyin şair haqqında yazmaq isə ikiqat çətin olur; sevgi izhara gəlməyən bir anlayışdır. Onu necə izah edəsən?! Şairlər yer üzünün kaşifləridir, bu söz kimyagərlərinin sehrindən qurtulmaq müşkül işdir. Bircə misrayla insanı ovsunlaya bilərlər... Bəs o bircə misrada yan-yana düzülən sözləri şairə hansi ilahi qüvvə pıçıldayır? Bir sözün canında nə qədər rəng çalarları varmış... Bir misranın işığı neçə ömrə bəs edərmiş... Söz şairin taleyidir. Taledən indiyəcən kim qaça bilib ki?!
Elçin Mirzəbəyli mənim sevdiyim şairlərdəndir. Uzun illər bundan öncə mənə “İtirilmiş vaxtın adamı” kitabını bağışlamışdı. O vaxta qədər Elçin müəllimin poeziyası ilə tanış deyildim. O kitab mənə bu şairi sevdirdi. Kitabdakı şeirlərlə mənim o vaxtkı ruhani ovqatım hardasa üst-üstə düşürdü, bu şeirlər nəfəs kimi içimə hopurdu. Həmin kitabı mənəvi relikviya kimi həmişə əlim çatan yerdə saxlayırdım. Onda heç müəlliflə yaxın tanışlığımız belə yox idi, mən sadəcə, onun oxucusu idim. Bir kitablıq şeirin içində mənim ovqatıma sığal çəkən bir şeir də vardı. “Bir gün mən olmasam” şeiri...
Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmii heç?
Bir küləkli axşam...
Ya qış gecəsi
Durub üşüyərsən soba dibində.
Onda boş qalacaq ömrün küçəsi-
...Kimsə fit çalacaq əli cibində.
Bir neçə gün bundan öncə Azərbaycan Yazıçılar Birliyində Elçin Mirzəbəylinin yepyeni kitabının – “Anamın duası” kitabının təqdimatında dəyərli dostum Anar Yusifoğlu da bu şeiri dedi. Anarın da sevdiyi şeirlərdən imiş. Bu şeirin daxili energetikası insanların kövrək, həzin duyğularına xitab etdiyindən həssas, sentimental insanların ruhunda intibalar yaradır. Elçin Mirzəbəylinin demək olar ki, bütün şeirləri hissin, duyğunun ötürülməsinə müvəffəq olur. Şair həzin həqiqətləri şeirin boyuna biçməyi bacarır. Bu şeirlər insan ruhunun reallıqdan qaynaqlanaraq irrasionallığa keçid yoludur. Elə bir yol ki, nə sonu var, nə də əvvəli...
Bu sözlər başlanğıca qayıtmaqdır. Ayrılıqla vüsalın çarpışdığı yerin deyil, onların dost kimi birlikdə yaşadığı dünyanın sözləridir. Minarələrin gümüşü kölgəsi gözlərimiz önündə sayrışır:
Duaların geri dönə,
Bir məzlumun səsi kimi...
Qulağında sur çalına,
Xatirə nəğməsi kimi.
Bir hücrəyə sıxılasan,
Yumruq kimi yığılasan.
Göydən göyə yıxılasan,
Minarə kölgəsi kimi.
Şlaqbaum kimi misralardır! Şair sanki göyü yerə gətirir; sən yer üzündə çəkisizliyə düşürsən və qayıdan duaların fonunda minarə kölgəsi kimi harasa çəkilirsən. Məhz çəkilirsən. Şairin “yıxılmağı” harasa (içinə, tənhalığına və sair) çəkilmək kimidir. Düşüncədə müxtəlif assosiasiyalar doğuran şeirdir. Müəyyən mənada izaha da gəlmir və eyni zamanda müxtəlif yozumlar doğurur. Şeirin özəlliyi də bundadır. Hər dəfə oxuyanda beyindəki neyrocığırlar səni müxtəlif yerlərə aparıb çıxarır. Sözün sehri, əfsunu, cazibəsi də bundadır. Mən bu səpgili şeirləri çox sevirəm; çoxyozumluluğa yol açan, içində çoxlu mənalar sayrışan, bir az da oxucunu təntidən, karıxdıran, amma öz əsarətində saxlayan... Şeirin nüvəsində gizlənən o sirri inadla axtarırsan, axtarırsan... Axı bu şeirdə şair nəyi demək istəyir, nələrə eyham vurur? Suallar səni müxtəlif ünvalara aparıb çıxarır və o ünvanlardan sən heç vaxt əliboş qayıtmırsan, mütləq nələrsə tapırsan, hansısa mətləblərdən agah olursan. Şair gerçəklik qatını adlayandan sonra yerlə göy, bu dünya ilə o biri dünya arasındakı sərhədə yetişir və şeir də məhz bu məqamda yaranır. Elçin Mirzəbəylinin əksər şeirlərində bu keçidləri bir oxucu olaraq fəhm edirsən, sezirsən.
...Nə səsim duyulur, nə dualarım,
Yetişmir kimsənin qulaqlarına...
İlahi, de, hardan atılım indi,
Gəlib düşə bilim ayaqlarına?
Bu məqama yetişmək üçün mütləq o sərhədi görmək lazım gəlir. İlahiylə görüşmək əksər insanların arzusudur. Amma bu qutsal görüşü bu cür orijinal formada ifadə edə bilmək üçün mütləq Tanrıya bir köynək yaxın olmalısan. Tanrı özü şairlərə bu fürsəti verib. İnsanda Tanrının vermədiyi heç bir şey yoxdur. Əks halda onun yaratdığı bəndə sözü bu formada mənalarla süsləməyi bacarmazdı.
Yurdun bütün ağrıları şair ürəyindən gəlib keçir. Mənim çox sevdiyim şeirlərdən olan “Salam, məmləkət” şeiri də o ağrının poetik ifadəsidir.
Gün çıxıb, sən hələ yuxulardasan,
Ömrü yuxularda talan məmləkət.
Min ildi baxıram, görüm hardasan-
Dünyanın küncündə solan məmləkət,
Salam, məmləkət!
Bu şeir 1991-ci ildə yazılıb. Məmləkətin başının üstünü qara buludlar aldığı dövrdə şair öz ağrılarını sözə çevirib. Vətəni Məcnun kimi sevən vətəndaş şairin könül harayıdır bu şeir. Zaman keçdi, xalqımız çox ağır sınaqlardan keçməli oldu, torpaqlarımız işğal olundu. Yaralı vətənin şairi yazırdı:
İçim paramparça, fikrim qarışıq,
Əzabla qolboyun, dərdlə barışıq...
Nə iz var, nə yol var, nə od, nə işıq,
Həsrətin dibindən gəl çıxart məni...
(“Ömür məhbusu” şeirindən)
Xalqın taleyi şairin misralarında ilmə-ilmə toxunub xalıya çevrilir. Hər şeir sanki əlvan naxışları olan bir xalıdır, orda xalqın nisgili, qəmi, kədəri, sevinci, həsrəti, məlalı bir çeşni kimi gözə çarpır. Şair Tanrıyla üzbəüz dayanır:
İlahi, dualarım qara sevda kimidi,
Göy üzündən asılsa, ciyəsi də tapılmaz.
Sənin hər sualına minlərlə cavab çıxar,
Mənim min cavabımın yiyəsi də tapılmaz.
(“İlahi, Yer üzündə şeytan da əzab çəkir” şeirindən)
Tanrıyla bu sonsuz həsb-hal şairlərin gündəlik məşğuliyyətidir. Bu dalğaya düşmək də müşkül işdir, hər şair də Tanrıyla üzbəüz dayanmağa özündə hünər tapa bilmir axı...
Məni ən çox duyğulandıran “Ağdam qatarı” (“Kabus qatar”) şeiri oldu. Bu şeirin birinci hissəsi yazılanda Ağdam işğal altındaydı. Qatarla Gəncəyə gedən Rəşad Məcid bir anlıq keçmişə, Ağdama qatarla getdiyi günü xatırlayır və ona elə gəlir ki, bu qatar da elə Ağdama gedir. Onun keçirdiyi ağır hisləri qələm dostu Elçin Mirzəbəyli son dərəcə təbii şəkildə qələmə almışdı:
“Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, qatar Ağdama gedir...
De, qardaş...
De, yanlış yazılıb “Gəncə” lövhəsi”.
Bələdçi biletə baxır sakitcə,
Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə “Gəncə”di,
Biletdə “Gəncə”,
Gözümdə...
Ağdama gedir bu qatar.
Ağdam işğaldan azad olunanda Elçin Mirzəbəylinin bu şeirini xatırlamışdım. Sənə şükürlər olsun, İlahi!
Sən bizi ümidsiz qoymadın, Allah,
Bilirdik ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün.
Şeirin ikinci hissəsi yazılanda bütün işğaldan azad edilən torpaqlarımız kimi, artıq Ağdam da düşmən tapdağından azad edilmişdi.
Elçin Mirzəbəylinin “Anamın duası” kitabının təqdimat mərasimində Yazıçılar Birliyinin Natavan klubu ağzınacan dolu idi. Tədbir başlamazdan öncə foyedə söhbətimiz zamanı Elçin müəllim dedi ki, çox həyəcanlıyam. Məlum oldu ki, sonuncu kitabının təqdimatından on il keçir. İsti, hərarətli çıxışlar Natavan klubunda sözün əsl mənasında canlanma yaratmışdı. Mənə söz verilsəydi, bu yazıda əksini tapan düşüncələrimi dilə gətirəcəkdim. Bir də onu deyəcəkdim ki, bu şeirlərin hər biri dua kimi oxunası şeirlərdir. Anaya və Məmləkətə oxunan dualar!
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur