Ömür kitabına poeziya yazılan şair - Sabir Rüstəmxanlı


Aynur Turan

İnsan dünyaya göz açdığı gündən onun “Ömür kitabı” yazılır. Bəlkə elə alın yazısı, tale yazısı dediyimiz müqəddəslikdir ömür kitabı. Elə bir yazı ki, doğrudan da pozulmazdır, tale qismətidir. Burada sevgi, sevinc payımız da var, kədər, qəm payımız da... Həsrətli ürəyin nəğməsi nisgilli olar. Çünki əzab məngənəsi insanı öz qəlbində bişirir, möhkəmləndirir. Həyatın amansız sınaqları insanın şüurunu itiləşdirir. Paslı kilidlərdən, qanlı qandallardan keçən həqiqət döyüşkən ruhunu yaşadır. Yurd yollarınının bu günə bağlı qapılarını açmaq, ürək sirlərini can, qan qardaşlarına daşımaq istəyir. Beləcə yaranır ömür kitabı... Bu kitab zamana, əsrə, bu günə sabaha söylənilən Vətən nəğməsidir. Qəhrəmanlıq nəğməsidir. Hər nəğmənin bir müəllifi, hər müəllifin öz dünyagörüşü və dünyaya baxışı var. Bu yazı vətəndaş bir şairə həsr olunan bir mübariz Azərbaycan oğlunun düşüncələridir. Bu düşüncələr sonu bitməyən bir nəğmədir. Elə bir nəğmə ki, onun not vərəqləri zaman-zaman açılacaq, dillər əzbəri olacaq. Bu Dədə Qorqud, Hörmüz övladı Babək, Cavanşir, Nəsimi ruhlu vətən övladı Sabir Rüstəmxanlıdır.

Kainat boydadır hər qum dənəsi,

Suyun hər damlası okean kimi.

Tarix ölçüsündə bir andır ömrüm,

Tarixlər ömrümdən keçdi an kimi!..

Qəlbi Vətən olan şair Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onillik məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərində başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilmişdir. 1974-1975-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat İnstitunun aspiranturasını bitirmişdir. 1976-cı ildə “Molla Nəsrəddin” və “Folklor” mövzusunda dissertasiya müdafiə edərək Filologiya elmləri namizədi dərəcəsinə yiyələnmişdir. Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1968-ci illərdən “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1976-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi tənqidi, publisistik yazı çap etmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın ədəbi ödüllərinə layiq görülmüş, onun adı bütün türk dünyasında və keçmiş Sovetlər Birliyində tanınmışdır. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqının milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış, 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. kimi şeir kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülmüşdür. S. Rüstəmxanlı Azərbaycanın və türk dünyasının görkəmli fikir adamı, naşiri, içtimai xadimi, millət vəkili, görkəmli ədəbiyyatşünas-alim, dramaturk, tərcüməçi və xalq şairidir. S.Rüstəmxanlı son qırx ildə Azərbaycanın ədəbi-mədəni, içtimai-siyasi həyatında dərin və silinməz izlər buraxmış, sevilən tanınan ədəbi şəxsiyyətlərindən biridir. Onun hər şairə qismət olmayan belə bir ümumxalq məhəbbəti qazanmasının əsas səbəbi ədəbi yaradıcılığındakı yüksək vətənpərvərlik və mübarizə eşqiylə yanaşı, həm də içtimai-siyasi fəaliyyəti, yəni 1988-ci ildən başlanan milli azadlıq hərəkatının əsas liderlərindən biri olması ilə bağlıdır. O, Azərbaycan Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının təşəbbüskarlarından və onu Parlamentdə qəbul etdirən az saylı millət vəkillərindən biridir. S.Rüstəmxanlı 1989-cu ildə Azərbaycanda ilk müstəqil və demokratik mətbuat nümunəsi olan “Azərbaycan” qəzetini təsis etmiş və iki il qəzetin baş redaktoru olmuşdur. Dünya Azərbaycanlılarının hüquqlarını qorumaq sahəsindəki fəaliyyəti, sülh, ədalət, insan haqları uğrunda yorulmaz mübarizəsi onu beynəlxalq aləmdə də yaxşı tanıtmışdır. Şairin Azərbaycanda iyirmi, Türkiyədə, Rusiyada, İranda, Özbəkistanda, İsveçdə isə, üst-üstə, on beşdən artıq kitabı nəşr edilmişdir. 2005-ci ildə ona Azərbaycanın Xalq şairi adı verilmişdir... Polşa Respublikasının Mədəniyyət Nazirliyi mədəniyyət sahəsindəki xidmətlərinə görə onu “Sənətkara şöhrət” medalı ilə təltif etmişdir...

Əsl şair addımından, bircə baxışından da aydın tanınır. Ədəbiyyata “Tanımaq istəsən” (Gənclik,1970), “Sevgim, sevincim” (Gənclik,1974), “Xəbər gözləyirəm” (Gənclik,1979) kitabları ilə gəlmiş S.Rüstəmxanlının şairlik, vətəndaşlıq keyfiyyətləri daha çox “Gəncə qapısı” (Yazıçı,1981), “Sağ ol, ana dilim” (Gənclik, 1983), “Qan yaddaşı” (Yazıçı, 1986) şeir toplularında, Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda 25 aprel 1986-cı il tarixli zəngin məruzəsində, həmin çağlarda meydana çıxmış “Ömür kitabı” əsərində aşkarlanmış və öz yaradıcılığını ədəbi elmi içtimaiyyətə yeni söz deməyi bacaran qüdrətli qələm sahibi kimi tanıtmışdır.

Sal qayanı yarıb çıxan şəffaf bulaq Şairimiz,

Dumanlarda azanlara çıraq, mayaq Şairimiz!

Rüstəmxanlı soyadının üç min əsrin arxasından

Bu günlərə çəkə-çəkə nurlandıran Şairimiz.

Xalq şairi B.Vahabzadə

Qəlbi Vətən çiçəklərindən rəng, Vətən küləklərindən səs alan şairin bu kitabı başdan-başa Vətən onun keçmişi, bu günü və daha işıqlı sabahının tərənnümüdür. Doğma xalqının mənəvi gözəlliklərinə, qəhrəmanlığına, nəcibliyinə, öz məmləkətinin təbiətinə və tarixinin ən işıqlı yarpaqlarına vurulmadan, onun dostlarını və düşmənlərini tanımadan “Ömür kitabı” kimi əsər yaratmaq çətindir. “Ömür kitabı” böyük zəhmət və zəka abidəsidir, nağılvarı nəsrin sıradan çıxdığı, oxunmadığı dövrdə yeni nəsrin, sənədli nəsrin, vətəndaş yanğıları ilə içəridən qızınmış poetik nəsrin meydana çıxdığını xəbər verən nümunədir. Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı” 1985-ci ildən jurnal səhifələrində parça-parça çap edilərək oxucular arasında böyük şöhrət qazanmışdır. 1988-ci ildə qısa vaxt ərzində iki dəfə azəri, bir dəfə rus dilində yüksək tirajla nəşr edilən kitab gənclərin milli şüurunun inkişafında mühüm rol oynamışdır. “Gəncə qapısı” şeirlər toplusu S.Rüstəmxanlı şairliyinin yeni keyfiyyətlərlə zənginləşdiyini, sənətkar-vətəndaş mövqeyinin daha möhkəm əsaslara söykəndiyini, ötkəmlik, mərdanəlik pafosunun dərinliyini aşkarladı. İnsanı xoşbəxt edən, insan mərtəbəsinə qaldıran yalnız xalq və bəşər tərəqqisinə xidmət edən içtimai mübarizə, nəcib mübarizə amalıdır. Bu motiv “Gəncə qapısı” səhifələrindən poeziyanın şah damarı kimi gəlib keçir. “Sağ ol, ana dilim” kitabını şairin yaradıcılığında daha yüksək mərhələ kimi dəyərləndirməliyik. Olduqca nikbin, fərəh saçan, Vətən tarixinin, türk dünyasının əzəmətini öz canında, qanında duyan lirik qəhrəmanın özünü, öz milli varlıgını keçmişi və sabahı ilə birlikdə dərk etməsindən doğan nikbinlikdir. Bu kitab şairin şair kimi yetkinləşdiyini xəbər verir. “Göy tanrı” romanında Azərbaycan və Şərq tarixində böyük rol oynamış Oğuz xanın və qədim türklərin mənşəyi və keçdiyi yollardan, eləcə də təkallahlığın mühüm mərhələsi olan Göy tanrı inancından danışılır. Həm mövzusuna, həm də yazı tərzinə görə əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq. Digər kitablar kimi S.Rüstəmxanlının “Seçilmiş əsərləri” şeir toplusu da öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır. Bu şeirləri oxuyarkən klassik Azərbaycan ilə fəxr edirsən, bu ülviyyətə, bu bütövlüyə qarşı tuşlanmış nə varsa, hamısını yıxmaq, dağıtmaq uğrunda çarpışmalara atılırsan. Kitabın içərisində yer alan hər şeir diqqətəlayiqdir. Kitabxanaçı onlardan bir neçəsini, məsələn, “Tanımaq istəsən” şeirini təhlil etməyə başlayır. Ocaq, torpaq duyğusu qəribə duyğudu. Hər kəs öz üzünə öyrəşdiyi ata-anasına bağlandığı kimi bir parça torpağa da bağlanır. Və orda dünyanın heç bir yerində tapmadığı rahatlıq, xoşbəxtlik tapır. Yaşamaq burda nuş olur, ölmək burda asanlaşır. Dünyanın bütün əzabları, qorxuları əcdadların ruhlarına qovuşmaq adlanan və sözlə ifadə oluna bilməyən sirli sevinclə üz-üzə gələndə vahiməsini itirir; insan ölümə ayrılıqdan çox görüşə gedən kimi gedir, tapdığının itirdiyindən böyüklüyünə inanır...

(ardı var)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ