QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
I Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Ceyhun Hacıbəyli (1891- 1962) Şuşada anadan olmuş, gənc yaşlarından jurnalist və müəllim kimi fəaliyyət göstərmişdir. Sorbonna Universitetində ali təhsil alan Hacıbəyli Cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin redaktoru və təsisçilərindən biri olmuşdur (1918-ci il, 15 sentyabr – 1919-cu il yanvar). 1919-cu ilin yanvarında Cümhuriyyət hökumətinin Versal Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin tərkibində o da, var idi. Həmin ilin sonunda Hacıbəylinin Parisdə "İlk Müsəlman Respublikası Azərbaycan" adlı əsəri işıq üzü görmüşdür. Cümhuriyyətin süqutundan sonra Azərbaycana dönə bilməyən Hacıbəyli bir müddət Parisdə (Fransa), yaşamış, burada fransız qəzet-jurnalları ilə əməkdaşlıq etmiş, "Kavkaz" jurnalının fransız nəşrinin redaktoru olmuşdur.
1943-cü ildə Almaniyada yaranmış Azərbaycan Milli Birlik Məclisinin idarə heyətinin aparıcı simalarından biri olan Hacıbəyli həmin təşkilatən Münhendə nəşr olunan "Azərbaycan" jurnalının (Azərbaycan türkcəsi və rusca) bir müddət (1952-1954) redaktoru olmuşdur. Eyni zamanda, o, "Azadlıq" radiosunun yaradıcılarından, SSRİ-ni Öyrənmə İnstitutunun fəal üzvlərindən olmuşdur.
Hacıbəyli vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayaraq Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulamışdır. Hər cür qruplaşmaya qarşı olduğunu bildirən Hacıbəyli dostuna vəsiyyət edirdi ki, mühacirləri bir yerə toplamaq lazımdır. Bununla bağlı "Mücahid" jurnalının 1963-ci il nömrəsində H.Xəzərin "Ceyhun bəyin vəsiyyəti" adlı məqalə də dərc olunub.[1]
Onun əsas əsərləri aşağıdakılardır: 1) "İlk Müsəlman Respublikası Azərbaycan"; 2) "Azərbaycan mətbuat tarixi"; 3) "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları"; 4) "XIX əsrin əvvəllərinin Azərbaycan tarixçisi A.A.Bakıxanov"; 5) "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)" və b.
Onun dünyagörüşündə türkçülük/azərbaycançılq və islamçılıq məsələləri mühüm yer tutmuşdur. Hacıbəylinin dünyagörüşündə başlıca yer tutan türkçülük/azərbaycançılıq ideyası üç mərhələdə - Cümhuriyyətəqədərki, Cümhuriyyət və mühacirət dövründə öz əksini tapıb.
Onun Cümhuriyyətəqədərki dövrdə "Kaspi", "İrşad", "Tərəqqi", "Proqres" və "Baku" qəzetlərində dərc olunan məqalələri diqqəti cəlb edir. Hacıbəyli "Kaspi" qəzetində dərc olunan "Həsən bəy Məlikovun xatirəsi" və "Yeddi il" adlı məqalələrində Həsən bəy Zərdabinin timsalında Azərbaycan xalqının milli simasını ifadə etməyə çalışmışdır. "Həsən bəy Məlikovun xatirəsi" məqaləsində C.Hacıbəyli yazırdı ki, Zərdabi qaranlıqlar üzərinə əsl ziyalı kimi getmişdir. Hacıbəyli yazırdı: "Onun məramı, məqsədi o qədər möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya bilməzdi. Həsən bəy çörək qədər həyati məsələlərdə belə öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda – yəni Qafqazdan kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi".[2]
C.Hacıbəyli məqaləsində Zərdabinin nə şəxsiyyəti və tərcümeyi-halını, nə də Türk-Müsəlman cəmiyyətinin onun əməyini necə qiymətləndirməsini deyil, Azərbaycan xalqı üçün müqəddəs bir insan olmasından bəhs etmişdir. Hacıbəyli yazırdı: "Mərhum Həsən bəyin şəxsiyyəti və tərcümeyi-halına aid keyfiyyətlərdən danışmayacağam; bütün həyatını doğma Vətənə və ölkəyə həsr edən adamın hansı vəziyyətdə bizi tərk etdiyindən, dünyasını dəyişdiyindən danışmayacağam; müsəlman cəmiyyətinin bu insanın xatirəsinə və ondan sonra qalan ailəsinə təəccüb doğuran münasibətindən danışmayacağam. Həsən bəyin xatirəsini heç olmasa, adi qəbir daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə təkrarlayan ziyalıların nümayəndələrindən soruşmayacağam ki, bəs fikirlərinizə, ideyalarınıza nə oldu, niyə onlar söndü? Şəxsi məmnunluğun rəhnini ictimai səadətdə görən mərhumun baxışlarında qalmamaq arzusu ilə bütün bu suallardan mən sükutla yan keçirəm. Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz Bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə yaratmaq olar. Elə bil ki, Həsən bəyin həyatı da, ölümü də cəmiyyət üçün qurbanlıq idi. Bu vəziyyətdə hansısa bir sirr, müəmma var. Biz o xalqıq ki, xan və müstəbidlərin zorakılığından bizi xilas edən cəngavər igidlərin şərəfinə şeir qoşur, onları minnətdarlıq hissi ilə yad edirik".[3]
C.Hacıbəyli Zərdabiyə həsr etdiyi "Yeddi il" adlı məqaləsində də yazırdı ki, müsəlmanların mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olsa da, hələ də Zərdabinin ortaya atdığı millət yolu nəinki yetərincə iləri getmiş, üstəlik Zərdabinin özü belə az qala unudulmağa başlamışdır. Hacıbəyli yazırdı: "Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 7 il keçir. Hələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə həmin gün o çıxışları sovurub apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-burda danışdılar, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini verdilər – vəssalam".[4]
Hacıbəyli hesab edirdi ki, xalq öz ziyalısına sahib çıxmalı və onu lazımınca dəyərləndirməlidir: "Bütün hallarda, iş yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də, vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin ailəsinə nəinki yardım göstərilmir, əksinə, bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına yaşamağa maneçilik törədilir. Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. Yoxsa, öz can yandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır…"[5]
Azərbaycan Cümhuriyyəti dövründə nəşr olunan "İttihad" və "Azərbaycan" qəzetində redaktor işlədiyi dövrdə bu və ya digər formada Azərbaycan Milli İdeyasını özündə əks etdirən məqalələr yazmışdır. Bizcə, "Azərbaycan" qəzetində redaktor işlədiyi dönəm Hacıbəylinin Azərbaycan milli ideyasını mənimsəməsi baxımından çox önəmli olmuşdur. Artıq o, "Azərbaycan" qəzetində yayınlanan məqaləsində "Azərbaycan", "azərbaycanlı", "Azərbaycan türk milləti", "Azərbaycan milləti" kimi ifadələrə yer verirdi
Onun Cümhuriyyəti dövründə Azərbaycan Milli ideyası istiqamətində gördüyü ən mühüm işlərdən biri də Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etdiyi zaman Parisdə "Azərbaycan ilk müsəlman Respublikası" kitabını nəşr etdirməsidir. O, bu əsərində "Azərbayan" ideyasını geniş şəkildə açıqlayaraq dünya ictimaiyyətinə, o cümlədən Versal sülh konfransının iştirakçılarına çatdırmağa çalışmışdır. Burada başlıca məsələ Azərbaycanın müstəqillik yolunda atdığı addımlar, eyni zamanda ilk müsəlman və türk ölkəsi kimi respublika yolunu seçməsi idi.
C.Hacıbəyli Parisdə yaşadığı ilk illərdən bacardığı qədər Azərbaycan Milli ideyasını özündə əks etdirən milli ruhlu məqalələr yazmışdır. Onların arasında Hacıbəylinin 1928-ci ildə "Aziatik" jurnalında A.A.Bakıxanov haqqında dərc etdiyi məqalələr, o cümlədən 1933-cü ildə "Aziatik-revyu" jurnalında yayımlanan, bu gün də əhəmiyyətini itirməyən "Qarabağ azərbaycanlılarının dialekti" adlı elmi məqaləsi diqqəti cəlb edir. Onun mühacirət dönəmində qələmə aldığı əsərləri arasında "Azərbaycan mətbuat tarixi" və "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları"adlı iri həcmli tədqiqat əsərləri də mühüm əhəmiyyət kəsb edir. Bu onun göstəricisidir ki, C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə Azərbaycan milli ideyası amalından dönməmiş, son nəfəsinədək Sovet imperiyasına qarşı ideoloji mübarizə apararaq Azərbaycanın istiqlalı uğrunda mücadilə vermişdir. O, 1950-ci illərdə F.Düdənginskiylə birlikdə Milli Birlik Məclisinə rəhbərlik etmiş, Azərbaycanın istiqlalına çalışmışdır. Düdənginski Hacıbəyli haqqında yazırdı: "sovetlər... bu gün Milli İstiqlal Hərəkatımızı idarə edən C.Hacıbəylini isə xalqımıza büsbütün unutdurmağa qərar veriblər".[6]
Milli Birlik Məclisinin əsas mətbu orqanıC.Hacıbəylinin və F.Düdənginskinin redaktorluğuyla 1950-ci illərdə Almaniyada-Münhendə yayımlıanan "Azərbaycan" jurnalı idi. Bu jurnalın əsas məqsədi SSRİ imperiyasına qarşı təbliğat işləri aparmaq, kommunist ideologiyasının zərərli ideologiya kimi gec-tez məhvə məhkum olmasını göstərməklə yanaşı, Azərbaycan milli ideyasını yaşatmaq idi. Bunu, C.Hacıbəylinin "Azərbaycan" juranlında yazdığı məqalələrdən –"Azərbaycan davam edir", "Visbadendən – Ştarnberqə", "Şamaxı məhkəməsi", "Koordinasyon Mərkəz", "İkinci mərhələ", "Hürr Dünya türk xalqlarını sovetlərin zülmündən qurtarmalı", "Bir millətin namusu" və başqalarından da görmək olar.
Münhendə nəşr olunan "Azərbaycan" jurnalının ilk sayında C.Hacıbəyli "Azərbaycan davam edir" (1951-ci il, №1) baş məqaləsində yazırdı ki, bundan 32 il əvvəl idarə etdiyi milli "Azərbaycan" qəzetini qardaşı Üzeyir Hacıbəyliyə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəlmişdi. Hacıbəyli yazırdı: "Yeni təşkil etdiyimiz Azərbaycan dövlətini, başqa mədəni millətlər və Sülh Konfransına toplanmış dövlətlər rəsmi surətdə tanımaqla misyonumuzun üç ay sonunda bitəcəyini zənn edirdik. Parisə gələr-gəlməz yenə "Azərbaycan" adında fransızca olaraq aylıq bir bülleten nəşr edərək, Avropa ictimaiyyətini məmləkət və millətimizə dair türlü məlumat verərək aydınlaşdırdıq. Bu bülleteni 11 nüsxə çıxara bildik. Gərək biz və gərəkcə vətəndə qalanlarımız üç ay müddətin uzanması sonucunda günləri çox uzun görürdük. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik".[7]
C.Hacıbəyliyə görə, ancaq ümidlərinin, gözlədiklərinin əksinə olaraq Rusiyadan gələn qara dalğa torpağımızı silib süpürmüşdü. Hacıbəyli yazırdı: "Nəcib Azərbaycan Türk milləti yabançı bir düşmən əlinə keçdi. 27 nisan faciəsinin təfərrüatı gələcək Azərbaycan tarixində qara bir səhifə tutacaq. O faciənin təhlilinə vətəndə başlamaq üzrə indilik açıq yaramızı qurdalamağı özümüzə rəva görmədiyimizdən sükut edirik. Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnasız olaraq bu bu birliyə dəvət edirik".[8]
[1]Xəzər H. Ceyhun bəyin vəsiyyəti."Mücahid" yur., Paris, 1963,№10 (53-54), s.18-21
[2]Hacıbəyli C. Həsən bəy Məlikovun xatirəsi. "Kaspi" qəz., 28 noyabr 1912-ci il, №269