Əsri çiyinlərində daşıyan sənətkar - Ordubadi


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Azərbaycan mədəniyyətinin-ədəbiyyat, incəsənət, və mətbuatının yaradılması və inkişaf etdirilməsində Ordubadi böyük əmək sərf etmişdir. Xüsusilə Azərbaycan sovet nəsrinin inkişafı, ədəbiyyatımızda roman janrının yaranması Ordubadinin adı ilə qırılmaz surətdə bağlıdır. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər” kimi geniş yayılmış və oxucular tərəfindən məhəbbətlə qarşılanmış romanları ilə Ordubadi ədəbiyyatımızda tarixi roman janrının ilk təməl daşlarını qoymuşdur.

Təqribən 80 illik həyat yolu keçmiş sənətkar mübarizələrlə dolu ömrünün 50 ildən çoxunu yazıb-yaratmağa həsr etmişdir. Xalqımızın həyatında, realist-demokratik ədəbiyyatımızın inkişafında son dərəcə mühüm hadisələrlə zəngin olan böyük bir dövr (1900-1950) ən əlamətdar çəhətləri ilə Ordubadinin yaradıçılığında öz bədii inikasını tapmışdır. Bu dövrün istinasız olaraq bütün mərhələlərində ədibin yaradıcılığı xalqla və xalqın həyatı ilə bağlı olmuşdur. Ordubadinin əsərləri içərisində inqilabi mövzularda yazılmış şeirlər sürgün illərində daha çox nəzəri çəlb edir. Məmməd Səid Ordubadinin satiralarının böyük bir qismi mənzum felyetonlardan ibarətdir. Bunlar günün ən zəruri məsələlərinə, beynəlxalq imperializmin, irticanın ifşasına, dövlətimizin düşmənlərinin qamçılanmasına həsr olunmuşdur. Öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət ğöstərmiş görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdandır. Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Hələ inqilabdan əvvəl, yaradıcılığının ilk dövründə Məmməd Səid Ordubadi dramaturgiya ilə məşğul olmuş, sonradan bu ədəbi növə daha tez-tez müraciət edərək onun bir sıra qiymətli nümunələrini yaratmışdır. Bütün yaradıcılığı boyu vaxtaşırı bu janra müraciət edən yazıçının otuza yaxın dram əsəri vardır. Həmin əsərlər içərisində bu gün də öz-bədii estetik dəyərini, tərbiyəvi əhəmiyyətini saxlayanları az deyil. Onların bir qismi vaxtilə teatrlarımızın səhnələrində oynanılmış, tamaşaçıların yaddaşında qalmışdır, bəziləri isə heç zaman səhnə üzü görməmiş, lakin çap olunmuşdur. Ədibin elə dram əsərləri də vardır ki, oxucu və tamaşaçılara məlum deyil. Öz dram əsərlərində yazıçı müasirlərini düşünərkən, cəmiyyəti naraht edən zəruri məsələlərdən bir çox hallarda ümumbəşəri problemlərdən söhbət açır. Janrlarına görə Məmməd Səid Ordubadinin dram əsərlərini bir neçə qismə ayırmaq olar: faciə, dram, məzhəkə, libretto. Həmin dramları tarixi, tarixi-əfsanəvi, müasir mövzulu əsərlər kimi də qruplaşdırmaq mümkündür.

“Molla Nəsrəddin” məktəbinin istedadlı nümayəndəsi kimi meydana çıxan Məmməd Səid Ordubadi uzun, dolğun, mənalı yaradıcılıq yolu keçən ədib bir sıra tarixi romanların müəllifi kimi daha çox şöhrət qazanmışdır. Hadisələrin təsvirində realizm prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirən Ordubadinin oxucularda böyük maraq və həvəs oyadaraq təsəvvürləri genişləndirən bu əsərləri ədəbiyyatımızda tarixi roman janrının inkişafı sahəsində mühüm təşəbbüsdür. Yazıçının tarixi romanlarından sonuncusu olan “Qılınc və Qələm” də böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanın birinci hissəsində iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkammülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. İçtimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu “Qılınc və Qələm” romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şəxsiyyət dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin –xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq “Qılınc və Qələm” adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin sujet xətti əsasında birləşdirən, oxunaqlı və yığcam quruluşlu “Qılınc və Qələm”, şübhəsiz Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır. Ədibin sonuncu romanı olan “Qılınc və Qələm” i yazmağa hazırlaşarkən yazıçı əsərin əsas qəhrəmanı-dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı böyük tədqiqat işləri aparır.Yazıçı hələ 20-30-cu illərdə dövri mətbuatda Nizami haqqında dəyərli məqalələrlə çıxış etmişdi. “Nizaminin dövrü və həyatı” (1939), “Böyük şairin yaşadığı mühit” (1947), “Nizami dövründə ədəbiyyat” (1947), “XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” (1943) və s. məqalələr bu qəbildəndir. Bunlardan əlavə Ordubadi “Nizami” adlı opera mətni (1939) yazmışdı. “Qılınc və Qələm” romanı 1946 (I kitab) və 1948-ci illərdə (II kitab) çapdan çıxır. Qısa müddətdə oxucuların rəğbətini qazanır. M.S.Ordubadi romanda Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlərə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edir. Əsər xalqın mənəvi və fiziki gücünün rəmzi olaraq “Qılınc və Qələm” adlandırılıb. Romanda ən qədim zamanlardan Azərbaycan xalqının azadlıq uğrunda mübarizələrdə ad çıxarması, Azərbaycan qoşunlarının bütün Şərqdə şöhrət qazanması iftixar hissi ilə qeyd olunur. Xalq qəhrəmanı Fəxrəddinin başçılığı ilə vətəni müdafiəyə qalxan Azərbaycan oğulları dar gündə qonşu xalqların köməyinə də gedir. Mübarizə, müharibə və üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlansa da,onun əsas məsləhətçisi Nizamidir. Böyük şairlə birlikdə şairə Məhsəti Gəncəvinin surəti də əsərdə böyük yer tutur. Romanda zəngin surətlər qaleriyası diqqəti cəlb edir. Azərbaycan atabəyləri Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkir, Özbək surətləri baş qəhrəmanın siyasi-içtimai ğörüşlərində dövrün təsvirinə kömək edirsə, Səba xanım Hüsaməddin və başqaları sujet xəttinin davamını təmin edir. Romanın sonunda məlum olur ki, Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdikdən sonra sonuncu Eldəniz hökmdarı Özbəyi Əlincə qalasına saldırır. Qalada iki qoca bir-birinə öz başlarına gələn sərgüzəştləri danışır. Onlardan biri Atabəy Məhəmmədin böyük oğlu Qütlüğ İnanc, digəri kiçik oğlu Özbəkdir. Tarixi hadisələrin çox maraqlı şəkildə təsvir olunduğu “Qılınc və Qələm” Məmməd Səid Ordubadinin yaradıcılığına xas macəraçılıq üslubunda yazılıb.

Görkəmli yazıçımız Məmməd Səid Ordubadinin 1911-ci ildə Bakıda nəşr olunmuş “Qanlı illər” əsəri əsrin ilk illərinin içtimai-siyasi gedişatını, millətlərası münasibətlərin vəziyyətini əks etdirən qiymətli mənbədir. Əsərdə daşnakların törətdiyi faciələrin səbəbləri və nəticələri öz əksini tapmışdır. Yazıçı mənfur daşnaksutyun partiyasını doğru olaraq çarizmə nökərçilik edən, Zaqafqaziyada dinc həyatı, əmin-amanlığı pozan fitnəkar, terorçu siyasi cərəyan kimi qiymətləndirmişdir. “Qanlı illər”dəki hadisələr müxtəlif forma və məzmunda davam etdirilməkdədir. Ona görə də “Qanlı illər” bugünkü mürəkkəb içtimai-siyasi hadisələrdən baş çıxarmağa, Ermənistandakı “yalan zavodları”nın, məkrli, yalanpərəst siyasətçilərin iç üzünü açmağa kömək edir.Bircə onu deyək ki, kifayət qədər sənəd, dəlil-sübut, mənbə olduğu halda indiyədək erməni-azərbaycanlı münasibətlərinin elmi-tədqiqat süzgəcindən keçirilmiş obyektiv mənzərəsi yaradılmamışdır, mövcud tarixi faktlara əsaslanan tədqiqat əsəri ortaya qoyulmamışdır.

(ardı var)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ