Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Modern.Az” Media Qrupunun direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Elşad Eyvazlı ilə görüşüb, onu 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik edib.
Mədəniyyət Komitəsində baş tutan görüşdə, E.Eyvazlının jurnalistikamızın, özəlliklə yeni media resurslarının yaradılması sahəsində uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva E.Eyvazlının 50 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:
“Hörmətli Elşad müəllim,
Sizi 50 illik əlamətdar yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, yaradıcı və ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz Kəlbəcər rayonunda anadan olmuş, 1990-cı ildə Kəlbəcərin Sarıdaş kənd orta məktəbini bitirmişiniz. Çox şadıq ki, bu ilki yubileyinizi doğma Kəlbəcərin, digər şəhər və kəndlərimizin düşmən tapdağından qurtuluşunun 3-cü ildönümünün fərəhi, qüruru içində keçirirsiniz.
Siz bakalavr və magistratura təhsilinizi “Təfəkkür” Universitetinin Jurnalistika fakültəsində almısınız. Bakı Dövlət Universitetinin doktorantısınız.
Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlamış, sonralar “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və b. qəzetlərdə çalışmısınız.
2006-cı ildən “Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi”nin sədri, 2009-cu ildən “Modern” Media Qrupun direktoru, 2018-ci ildən “AzEdu.Az” təhsil saytının rəhbərisiniz.
2019-cu ildən, mərkəzi qərargahı Ankarada yerləşən, dünyanın 45 ölkəsində təmsilçisi olan “GLOBAL JOURNALİSM COUNCİL” Uluslararası jurnalist təşkilatının başqanlığında uğurlu çalışmalarınızla seçilirsiniz.
Azərbaycan Yazıçıalr Birliyinin üzvüsünüz.
Sizi əlamətdar yubileyiniz və jurnalistlikada, ümumən ictimai fəaliyyətdə əldə etdiyiniz uğurlar münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
E.Eyvazlı görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.