Azər Buzovnalı yaradıcılığında mənəvi dəyərlərimiz


Open photo
Hacı Soltan Əlizadə

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri, "Məcməüş-şüəra" ədəbi məclisinin rəhbəri, Füzuli ədəbi ənənələrinin davamçısı, ustad qəzəlxan kimi məşhur olan Buzovnalı Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev 1870-ci ildə Buzovna qəsəbəsində dünyaya göz açıb.

Məşədi Azərin evi ilə bizim evimiz eyni məhəllədədir. Mən Məşədi Azəri görməmişəm. Amma onun həyat yoldaşı Bikə xalanı tanıyırdım. Kiçik yaşlarımda nənəm məni Məşədi Azərin həyətinə qulluğa göndərərdi. O vaxtlar Həsən əmim Azərin həyətində əkin-biçinlə məşğul olardı. Biz də ona kömək edərdik. Azərin övladları Xosrovu və Əmiri yuxu kimi xatırlayıram. Hətta Bikə xalanın rəhmətə getməyi də yadımdadır.

Buzovna sakini Sərdar Səftər oğlu mənə bir əhvalat danışmışdı. O, deyirdi ki, Məşədi Azərin evinə qonaqlar gələndə mən məclisə qulluq edərdim. Azərin evində yığışan şairlər növbə ilə hərə öz şeirini oxuyurdu. Azər də sakitcə onları dinləyir və bəzi məsləhətlərini verirdi. Bir gün Əliağa Vahid bir dəstə cavanla Azərin qonağı oldu. Məclisdə Vahid Məşədidən Füzulinin bir beytini təhlil etməyi xahiş etdi. Həmin beyt budur:

Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli əzab oynar.

Ə. Vahid Məşədi Azərə dedi ki, bu beytdə birinci misra ilə ikinci misra bir-birinə bağlanmır. Dərdin, qəmin dəvənin başına qoyulması ilə kafərin cəhənnəmdən çıxmasının heç bir əlaqəsi yoxdur. Beyt o zaman beyt sayılır ki, ikinci misra birinci misrada olan fikri tamamlasın. Burada heç bir bağlantı yoxdur.

Məşədi Azər bir az fikirləşib ayağa qalxdı. Kitabxanasının ən hündür yerinə qoyduğu qara parçaya bükülmüş Quranı götürdü. Bu vaxt Vahid zarafatyana dedi ki, Məşədi deyəsən qocalıb, biz Füzulidən danışırıq, o isə Quran gətirir. Yəqin Yasin oxuyacaq.

Bu vaxt Məşədi Azər Qurani-Kərimi açıb Əraf surəsinin qırxıncı ayəsini tilavət etdi. Həmin ayənin mənasını belə izah etdi:

"Şübhəsiz, səmanın qapıları bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslərin üzünə açılmayacaq və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk". Əraf. 40.

Məşədi Azər üzünü məclis əhlinə tutub dedi:

-Əliağa yaxşı mövzu haqda sual veribdir. Bilin ki, Qurani Kərimdən xəbəri olmayanlar Füzulini dərk edə bilməzlər. Bu ayeyi-şərifdə Allahtəala buyurur ki, o kəslər ki, əbədi cəhənnəmdə yanacaqlar, heç vaxt oradan xilas ola bilməzlər. Fəqət, dəvə iynənin gözündən keçərsə, onda əzabdan qurtararlar. Dəvənin isə iynənin gözündən keçməsi mümkünsüzdür. Füzuli burada mübaliğənin ən üstün dərəcəsini yaradıb. Şair demək istəyir ki, mənim dərd və qəmim o qədər çox və ağırdır ki, onları dəvənin boynuna qoysan, dəvə dözməz və arıqlayıb tük kimi nazikləşər, iynənin gözündən keçər. O zaman kafirlər əzabdan xilas olar, əzab əhli gülüb-oynayar. Məclis əhli bu yerdə Ustada "Əhsən" dedi.

Göründüyü kimi, Məşədi Azər dərin dini biliyə malik olmaqla yanaşı, klassik irsə də bələd olmuş, Şərqin böyük şairlərindən – Firdovsidən, Nizamidən, Füzulidən, Sədi Şirazidən, Hafizdən, Natavandan, Sabirdən – bəhrələnərək özü də ölməz əsərlər yaratmışdır.

"Oğuznamə" əsərində şair türk xalqlarının yaranma tarixindən, Qurani-Kərimdə Nuh peyğəmbərin hekayəsindən bəhs edir. "Tarixi Əmbiya" peyğəmbərlərin tarixinin mühümlüyünü ön plana çəkib bizə çatdırır. Ensiklopedist-naşir Rəhimağa İmaməliyev 1996-cı ildə Məşədi Azərin "Seçilmiş əsərləri"ni ilk dəfə nəşr etdi. Həmin kitabda son dərəcə maraqlı məlumatlar var ki, bu da Azər irsinin araşdırılması baxımından çox faydalıdır. R. İmaməliyev Azərin tərcümeyi-halında şairin aşağıdakı əsərləri yazdığını qeyd edir:

1."Oğuznamə" – 2000 beyt

2."Çingiznamə" – 1500 beyt

3."Rüstəm və İsfəndiyar" – 2500 beyt

4."Rüstəm və Söhrab" – 1600 beyt

5."Tarixi İslam" (mənzum) – 3000 beyt

6."Rüstəm və Bürzü"- 2500 beyt

7."Dərgah xan və Əhməd Mahmud hekayəsi"

8."Aydəmir" (Burda Makulu Hüseynqulu xan zamanında baş verən hadisələr və onun Qubalı Fətəli xana kömək etməsi təsvir olunur.)

9."Dərgah xan və Bakı xanının qızı Pikə xanım"

10."Səyyad və bülbül" (Sələbiyyə vəznində) – 1000 beyt

11."Kəlilə və Dimnə"dən tərcümə (mənzum) – 1500 beyt

12.Çar höküməti devrilən zaman, 1917-ci ildə "Həmvətənlərimə" adı ilə çap edilmiş kitabı – 800 beyt

13.Azərbaycan sovet hakimiyyətinin qurulmasına həsr olunmuş kitabça

Məşədi Azərin "Seçilmiş əsərləri"ndə professor Ağarəfi Zeynalzadənin zəngin faktlarla dolu məqaləsi də yer alır.

Azər Buzovnalı mərsiyə və növhələrini "Xosrov" təxəllüsü ilə, azəri türkcəsində yazdığı qəzəlləri "Azər" imzasıyla, farsca yazdıqlarını isə "Rüfət" imzasıyla qələmə almışdır. Göründüyü kimi, Azər mərsiyə ədəbiyyatına da biganə qalmamış, bu sahədə də öz qələmini sınamışdır. Azər Kərbəla faciəsinə öz münasibətini bildirmiş, bu faciəni dərin hüzn və kədər hissiylə qələmə almışdır.

Bir gün evə gələndə mənə dedilər ki, sənin üçün bir kitab göndəriblər. Həmin kitab filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın "Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik" monoqrafiyasından ibarətdir. Bildiyimiz kimi, Azərin əlyazmaları M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Könül xanım Azərin zəngin yaradıcılıq irsindən faydalanaraq bu kitabı hazırlayıb ərsəyə gətirib. Böyük həvəs və maraq hissiylə bu tədqiqat əsərini oxudum. Gərgin və əvəzsiz zəhmətin bəhrəsi olan bu monoqrafiya məni sanki başqa bir aləmə aparıb çıxartdı. Azəri yenidən kəşf elədim. Məşədi Azər haqqında bir sıra kitablar, məqalələr, monoqrafiyalar oxumuşdum. Amma bu əsərdə heç yerdə rast gəlmədiyim faklar diqqətimi çəkdi. Həzrəti Məhəmməd (ə) haqda "Fəthnamə", "Zəfərnamə" hissələrindən ibarət "Qəzavatnamə" əsəri mənim üçün yenilik oldu. Azər bu əsərində peyğəmbər əhli-beytinin pak və müqəddəsliyini tərənnüm edir. İslam igidlərinin qəhrəmanlığı haqqında Azərin xeyli sayda mənzumələri var imiş. Könül xanım adı çəkilən tədqiqat əsərində bu əsərlər haqda ilk dəfə məlumat verir və həm də Azərin gələcək tədqiqatçılarına yön, istiqamət verir.

Kitabda müəllif haqlı olaraq Azər Buzovnalının islam dininə məhəbbətinin ifadəsi olan Həzrəti Məhəmmədin (ə) qəzavatlarındakı mühüm məqamları belə açıqlayır:

"Şair islamın intişarını və Həzrəti Məhəmməd peyğəmbərin mücadiləsini əks etdirən "Qəzavatnamə" də yazmışdı. İri həcmli "Qəzavatnamə"də müsəlmanların İslam dini uğrunda qəhrəmanlığını bu yolda şəhid olanların şücaətini yazıya köçürən şair İslam dinini tərənnüm etmişdir. əsas mövzusu islamın yaranma tarixi və genişlənməsi, İslamın intişarı uğrunda gedən mübarizədən ibarət olan "Qəzavatnamə"də peyğəmbərimizin yaşayış tərzi, onun dövrü və səhabələri haqqında bilgi, Qurani-Kərimdən ayələr vardır".

Yenə həmin mənbədə: "Əsərlərindən və şəxsi həyatına dair əldə etdiyimiz bəzi faklardan aydın olur ki, şair Allahı, müqəddəs kitabı inkar edənlərdən olmamış, ateizmin hökm sürdüyü sovet quruluşu dövründə belə dini inanclardan irəli gələn tələbləri yerinə yetirmişdir. Şair islamın cəmiyyətdə təbliğ olunmasının tərəfdarı kimi kiçik yaşlarından uşaqlara Quran ayələrini öyrətməyi tövsiyyə edir:

Bizlərə tərifi-Qurandan oxunsa ayələr,

Tifli-bədxuyə necə lay-lay oxurlar dayələr".

Sidqilə cümlə ürəkdən çağırıb Allahı,

Qədəmi səy ilə tey eyləməli bu rahı.

Vaxtıdı kim, ayeyi Quranə iqrar eyləyək,

Bir-birin tərzi-xiffətdən xəbərdar eyləyək.

Şairin bu mövzuda yazdığı digər müəlləməsi də çox diqqətəlayiqdir:

La təqnəti demiş "həyyu zülkərəm",

Arxayın rəhməti-haqqa lacərəm.

Əşrəfi-övladi-aləm ümməti-xətmi ənbiya

Məni (lolak) məqsəd (qul innəma)

Böylə fərmayiş ediblər ümmətə:

Ey əzizan, "leysə lil insani illa masəa,

"Yaxrucul həyy minəl meyyilə eylə havər,

Görəsən qana yerinə can, əvəzi zəhri-şəkər".

Azər Buzovnalı din-imana heç vaxt biganə qalmamış, Quran və əhli-beyt hörmətini daim ön plana çıxarmışdır. Haqqında bəhs etdiyimiz kitabda müəllif bu haqda geniş bilgilər verir:

"Azər Buzovnalı "Qəzavatnamə"də Hərzər Əlini (ə) Allah qarşısında salim qul, saf və haqqın tərəfdarı kimi təqdir edir. "Cənge Xəndək" bölməsi "ma bəğuye qəzəveye xəndək" adı ilə başlayır:

Yolunu kəsdi Heydəri Səfdər,

Şirtək əldə Zülfüqarı düşər.

Məlum olduğu kimi, Peyğəmbər (ə) dünyasını dəyişərkən öz vəsiyyətində ümmətinin arasında iki qiymətli və ağır şeyi əmanət qoydu. Biri Qurani-Kərim, digəri isə Əhli-beyti. O Həzrət buyurdu ki, məbadə, olsun iki əmanəti bir-birindən ayırasınız. Bu əmanətlərə xəyanət etsəniz, daim zillətdə olacaqsınız.

Klassik ədəbiyyatın məşhur şairləri həmişə Qurani Kərimə və peyğəmbər(ə)in əhli-beytinə hörmət və ehtiramla yanaşmış, onların vəsfində daim sabit-qədəm olmuşlar. Bu ənənəyə sadiq qalan Azər Buzovnalı da həm müqəddəs kitabımızın hörmətini, həm də əyli-beytin fəzilətini hər işdən uca və əziz tutmuşdur. Bu barədə gənc araşdırmaçı Könül Bağırova "Azər Buzovnalı arxivinin təsviri" adlı tədqiqat əsərində bizi bilgiləndirir:

"Dörd vərəqdə yer alan 12 imam haqqında olan şeirlər və müxtəlif qeydlər başlanır:

Əvvəl İmamımdı Heydəri-Kərrar,

Məqsədi-lafəta qatilül küffar

Məhəmməd peyğəmbərdən, Xəndək döyüşlərindən bəhs edən, dini təbliğ edən şeirlər başlanır:

Bəhs etdi Azər, dəxi kifayətdir,

Onların vəsfi binəhayətdir.

Oldu ta Sali-həftomi-hicrət

Yetişib fəthi Xeybərə növbət.

Ərz olundu ki, qəleyi-Xeybər –

Fəth olunmuşdu şad peyğəmbər.

Sovet dönəmində dini ədəbiyyatın çapına icazə verilmirdi. Müstəqilliyimizə qovuşduqdan sonra bu qadağalar aradan qaldırılmış, xalqımızın zəngin ədəbi irsi arxivlərdən çıxarılaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Tədqiqat əsərinin müəllifi bu barədə yazır:

"Dini mövzulu qəzəllərindən bəhs edərkən qeyd etmək lazımdır ki, onun müxtəlif əsərlərində islama və milli-mənəvi dəyərlərə sevginin bədii təcəssüümü açıq-aydın sezilir. Şairin dini-irfani məzmunlu şeirləri saxlama vahidi 27-də mühafizə olunan altı dəftərdə cəmləşib. Saxlama vahidi 104-dəki digər bir əlyazmada həftənin günlərinin izahı, uğurlu və uğursuz günlər, müxtəlif deyimlər, hədislər yer almışdır. Bu materialdakı zəngin bilgilər maraqlananlar üçün qiymətlidir".

Azər Buzovnalı hələ gənc yaşlarında ikən Dərbənddən Qumri Dərbəndinin əlyazma əsərlərini gətirərkən o əlyazmaların bir qismi yolda, bir qismi isə Buzovnadakı evindən oğurlanıb. Bu, şairi son dərəcə mütəəssir edir və məyusluğunu şeirlə ifadə edir:

Tuğay Kərbəla, mən Hüseyni-zəmanə,

Buzovna əhlindən aman, əl aman.

Şairin yarızarafat, yarıgerçək yazdığı bu misralar yaşlı kişilər arasında zərbül-məsələ çevrilmişdi. Yeri gəlmişkən, bu misralar Xalq yazıçısı Əzizə Cəfərzadənin əlyazmaları içərisində də rast gəlinir. Yazıçı hansısa əsərində Azərin bu şeirinə istinad edib.

Azərin öz evindən savayı hal-hazırda Buzovnada Qızılqum adlanan, o zaman isə Tuğay deyilən ərazidə bağı da var idi. Məşhur Tuğay bağları bir zamanlar dillər əzbəri idi. Bu ada şairin bir neçə şeirində rast gəlinir.

Azərbaycanlıyam, deyiləm nuğay,

Buzovna elində məskənim Tuğay.

Tariximiz, ədəbiyyatımız, adət-ənənələrimiz, milli kimliyimiz, milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir. Sələflərimizin xələflərinə və onların irs qoyduğu əmanətlərə sahib çıxmaq və bu əmanəti gələcək nəslə ötürmək bizim nəslin üzərinə düşür. Ustad Azər millətimizin dəyərli insanlarından idi. Ruhu şad olsun.

MEDİA Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ