37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını Ümmügülsüm


No description available.
Aynur Turan

(əvvəli BU LİNKDƏ)

...Mirkazımı evə gətirirlər. Çox əzildiyi üçün iki saatdan sonra dünyasını dəyişir. Bu əsəri oxuyarkən oğul itkisinin ağrısını çəkən xeyirxah, nəcib Allah adamı baba Seyid Sadıqın, nənə Mehinbanunun atasız qalan nəvələrinə olan məhəbbəti, qayğısı bizi riqqətə gətirir. Sonra əsərdə biz Rübabə, Səyyarə, Məxvirət, Nisə, Səriyyə kimi qayğıkeş, nəcib, hər cür əzaba dözən obrazlarla, eyni zamanda Seyid Hüseynin qardaşı, dövrünün ən tanınmış şəxsiyyəti, Dövlət teatrının aktyoru, meyxana ustası Mirpaşanın həyat və fəaliyyəti ilə də tanış oluruq. Təəssüf ki, Mirpaşa erməni qəsdinin qurbanına çevrilir. Otuz yeddinci ilin faciəsi yaxınlaşır. Tutatut başlanır. Seyid Hüseynin dostları Hüseyn Cavid, Müşfiq həbs edilib. Növbə onundur. Bir gün xalq düşməni kimi onu da həbs edirlər. Çox keçmir ki, Ümmügülsüm də Bayıl türməsinə salınır və bir neçə aydan sonra Qazaxıstanın Mordva vilayətinə sürgün edilir.

Mən "Qürbətə aparan qatar" povestinin qəhrəmanı, 37-ci ilin repressiyasında həbs olunan Əfruz Əlibəyli ilə görüşəndə o mənə Bayıl türməsində Əhməd Cavadın həyat yoldaşıŞükriyyə və Ümmügülsümlə bir kamerada havasız, çirkli, darısqal, dözülməz şəraitdə qaldığından danışmışdı. Mən həmin sənədli povestimdə bu üsyankar şairə Ümmügülsümdən də yazmışdım. Ancaq onun sonrakı taleyindən xəbərsiz idim. Əfruz xanımdan bu haqda soruşanda o, sürgündən qayıtdıqdan sonra Qazaxda yaşadığı üçün bu talesiz şairə barədə heç nə deyə bilmədi. Həm də qadınları Qazaxıstana sürgün edərkən Ümmügülsümü onlardan ayırıb Mordva, Əfruz və Şükriyyəni isə birlikdə Axmolinsk vilayətində düşürmüşdülər. Yeddi illik sürgün həyatı, vətən, övlad həsrəti, ağır iş rejimi bu şairə qadının omrünü yarıda qoyur. Ümmügülsüm vətənə qayıtsa da, doğmalarına qovuşsa da Bakıda öz doğma evində yaşamağa icazə verilmir və o, Şamaxıda məskunlaşır. Cəmi dördcə ay ömür sürür. Qızı Qumralın gözü qarşısında dünyasını dəyişir. Qəlbi vətən üçün döyünən, bala həsrətilə yaşayan, ər yolu gözləyən Azərbaycanın bu istedadlı şairəsini - Ümmügülsüm Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn edirlər. Onun ölümü müharibənin ağır illərinə düşdüyü üçün qəbrini neçə illər keçsə də tapmaq olmurdu. Ancaq gec də olsa tapıldı. Bu haqda Qumral xanım yazır: "Ümmügülsümün faciəli ölümündən əlli yeddi il sonra əziz anamızın üstünü quru ot basmış, ətrafındakı daşları torpağa çökmüş məzarını, nəhayət, ziyarət etdik. Biz sevinirdik, çox gec də olsa Ümmügülsümün son mənzilini tapmaq bizim üçün böyük xoşbəxtlikdir. Atamız Seyid Hüseynin son mənzili əbədi olaraq Xəzərin dərinliklərində itib-batmışdı. Bu gün heç olmasa anamızın məzarının tapılması bizim üçün təsəllidir". Mən üçcildlik memuar əsərdə iki böyük sənətkarın - tənqidçi, publisist, nasir Seyid Hüseynlə dövrünün istedadlı şairəsi Ümmügülsümün ədəbi mühitdəki rolunu, faciəli həyat hekayəsini izlədim. Onların dörd övladı - tanınmış rəssam Oqtay Sadıqzadənin, Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin, hərtərəfli biliyə malik, iyirmi dörd yaşında vaxtsız dünyasını dəyişən Cığatay Sadıqzadənin və bu romanın müəllifi, istedadlı yazıçı Qumral Sadıqzadənin, valideynlərinin həbsindən sonra onlara analıq edən Səyyarənin səmimi, nəcib keyfiyyətlərinin, haqsızlıqlara, saxtakarlığa, riyakarlığa qarşı dözümlüklərinin, insanlara olan məhəbbətlərinin şahidi oldum. Qumral Sadıqzadə çox dəyərli, sənədli romanından sonra bir-birinin ardınca oxunaqlı, maraqlı hekayələr də yazmışdı. Bu hekayələrin hər biri təhkiyə üsulu, yazılış tərzi, səmimiliyilə diqqəti cəlb edir. Müəllifin atası Seyid Hüseyn yaradıcılığa publicist məqalələri ilə başlasa da, sonra bir-birinin ardınca "Gələcəkhəyat yollarında", "Mehriban", "İki həyat arasında", "Kokişinin arvadı" və s. əsərlərini yazaraq sovet quruluşunundoğurduğu dəyişikliklərdən bəhs edirsə, övladı Qumral Sadıqzadə həmin quruluşun məhvi zamanı keçid dövründə baş verən hadisələri qələmə almışdır. Böyük ədibimiz M.İbrahimov müsahibələrinin birində Seyid Hüseynin əsərlərindən danışarkən fəxrlə demişdi ki, biz hamımız S.Hüseynin yaradıcılığını izləyərdik. Həsrətlə həftənin sonunu gözləyərdik ki, onun yeni hekayəsini oxuyaq.Qumral xanımın da hekayələri oxunaqlıdır və o, müasir zamanın ictimai problemlərini, çağdaş cəmiyyətimizdə baş verən hadisələri təsvir edir. Hekayələrdə yaratdığı obrazların hər biri həyatda gördüyümüz, tanış olduğumuz, halına acıdığımız və yaxud əməllərilə fəxr etdiyimiz insanlardır. Tədqiqatçı alim Könül Nehmətova ata və övladın hekayələrində müxtəlif sosial-psixoloji aspektlərdən paralellər apararaq "Analar tək qalmasın" əsərinə yazdığı ön sözdə deyir: "Seyid Hüseynin əsərlərində yeni quruluşun doğurduğu dəyişiklik qarşısında çaşqınlıq, tərəddüd qabarıq şəkildə özünü göstərirsə, Qumral Sadıqzadənin ədəbi-bədii düşüncəsi sovet buxovlarından qurtulmuş, təfəkkürümüzün mental təbəddülatına hazırıymış kimi görünməkdədir". Müəllifin hekayələrindəki personajların hər biri xarakter etibarilə müxtəlifdir. Bütün günü heç nəyin üstündə evdə arvadına, oğluna irad tuta-tuta deyinən Nüsrət (Deyingən) axır ki, Naziləni xəstəliyə salır və arvadı ərinin haqsız iradlarına dözməyib ondan ayrılmaq qərarına gəlir. Yaxud "Gəlinbacı paltar yuyur" hekayəsində Bilqeyis xala paltar yumağa hazırlaşırsa, onda qonşular nə krana yaxınlaşa bilər, nə də gəlinbacıya bir söz demək olardı. Həyətin sakinlərindən biri - Mədinə Bilqeyis xalanı təzə gələn qonşuya belə təqdim edir: "Özün görəcəksən. Əvvəlcə iki gün sərasər maşının taq-taqından baş-qulağımız gedir. Əvvəlcə altı dəfə yuyur, sonra bakda qaynadır, qaynadandan sonra da iki dəfə yuyur, sonra da ki, başlayır suya çəkib pak eləməyə. Bax, onda bütün həyət qalır susuz. Əşşi, bunu danışmaqla başa gəlməz". Qumral Sadıqzadənin bədii yaradıcılığında diqqəti çəkən məqamlardan biri elə tipik obraz yaratmaqdı. Onun hekayələrini oxuyarkən ölməz sənətkar Ə.Haqverdiyevin hekayələri yada düşür. Müəllifin "Uzunçu", "Simicliyin dərəcəsi", "Səməd müəllim necədir?" hekayələrindəki qəhrəmanlar bir-birlərindən fərqli tipik obrazlardır. Müəllif "Uzunçu" hekayəsində Eyvazın insanlarla söhbətini təsvir edərkən onun nə qədər boşboğaz olduğunu göstərmək istəmişdir. Eyvaz arvadına bir kəlmə sözü çatdırmaq üçün bütün gün ərzində kimi görüb, yolda kimə rast gəlib, qonşusu onu necə salamlayıb - hamısını bircə-bircə danışıb qulaq asanı təngə gətirir. "Simicliyin dərəcəsi"ndə isə arvadı ilə yola çıxan Əjdər müəllimin simicliyini göstərmişdir. Yolda adi bir suya da pul vermək istəməyən Əjdər müəllim həm özü, həm də arvadı susuzluqdan əziyyət çəksələr də onun iradlarına əhəmiyyət vermir, özünü qənaətcil kimi göstərərək simicliyinə haqq qazandırır. Q.Sadıqzadənin hekayələri düşündürücüdir, mənalıdır. Yazıçı hekayələrində gündəlik həyatımıza, həlli vacib məsələlərə toxunur. Onun povestlərində ("Analar tək qalmasın", "Təranə") də biz çətinliklərdən qorxmayan, zəhmətkeş, təmiz, safqəlbli insanlarla yanaşı, xudbin, aravuran, ətrafdakılarına pislik etməkdən həzz alanlarla rastlaşırıq. Müəllif özü müdaxilə etmədən bu obrazların hər birini saf-çürük etməyi oxucunun ixtiyarına buraxır. Müəllifin rus ədəbiyyatından etdiyi tərcümələri də çox uğurlu alınıb. A.P.Çexovdan tərcümə etdiyi "Diplomat", "Bahalı it", "Çaxnaşma", "Qadın xoşbəxtliyi" hekayələrini "Analar tək qalmasın" kitabına daxil edib. Qumral Sadıqzadə bədii əsərləri, tərcümələriylə yanaşı, eyni zamanda elmi-publisist məqalələri ilə də yaddaşımızda qaldı. Müəllifin "Anamın nadir əlyazmaları", "Şairə Ümmügülsümün qəbri tapıldı", "Seyid Hüseyn", "İçərişəhər ağrısı", "Yaman günün ömrü az olar" məqalələri öz aktuallığı ilə diqqəti çəkir.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ