37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını Ümmügülsüm


No description available.

Aynur Turan

(əvvəli BU LİNKDƏ)

...Bu, əslində onun alın yazısıydı... 14 yaşında ədəbiyyata gələn qızcığaz öz ilk yazılarıyla sanki öz tale yolunu cızmışdı...

Ümgülsümün ilk yazısı 1914-cü ildə "Dirilik" jurnalında çapedilən "Vətən sevgisi" idi. Novxanı bağlarında bir gecəlik duyğularının ifadəsi olan, amma hər sətri, hər cümləsi adamın ürəyini didən "Vətən sevgisi"... "Bu bağların gözəlliyini deyil, yıxıq, dağınıq, köhnə daxmalarını belə sevirəm: şimal yelinin güclü zərbələri ilə yandırdığı, qurutduğu, əzdiyi çılpaq ağaclarını xoşlayıram. Mən buranı vətən məhəbbəti ilə sevirəm. Bəlli bir işdir ki, ananın gözəli ilə çirkinində əsla təfavüt olmaz. İkisi də öz övladı üçün əziz və möhtərəmdir. Bunun üçün də mən buranın gözəlliklərini də, xarabalıqlarını da sevirəm".

Necə gözəl ifadə eləyib duyğularını. Hər kəlməsi oxucuda bircə anlıq tərəddüdə belə imkan verməyən gerçək vətən sevginin təsdiqidi. "Qəlbimdə yeganə bir eşq, məhəbbət

vardı... Əcaba bu eşq kimə və nəyə idi... Gözəlliklərəmi? Yaxud insanlaramı?... Xayır... Mən gözəllikləri də, babalarımı, qardaşlarımı, bacılarımı da doğan vətənimə aşiq və məftun idim".

Ümgülsüm həyatında iki dəfə böyük eşq yaşadı. Biri vətənin, o biri yazıçı Seyid Hüseynin adıyla bağlı oldu. Hər iki sevdası illər sonrası onu məhvə aparıb, həyatını cəhənnəmə çevirdi, əzablara düçar eləyib, ölümə sürüklədi. Yazıçı Seyid Hüseynlə gənc şair Ümgülsüm bütün Azərbaycan tarixi, eləcə də Rəsulzadələr ailəsi üçün uğursuzluq gətirən 1920-ci ildə evləndilər. Ondan 3 il əvvəl Ümgülsüm Nargin əsirlərinin dilindən hər kəsin daha çox "Dərdli nəğmə" kimi tanıdığı

"Turan tütəyi" şeirini yazmışdı. Düz 17 il sonra Ümgülsüm xanımın həyat yoldaşı Seyid Hüseyni həmin Nargin adasında "xalq düşməni" damğası ilə güllələdilər, onun özünü isə "xalq düşməni"nin ailəsi kimi sürgünə göndərdilər... Bu şeir sanki illər öncə onların başına gələcəkləri, onların qəmli həyat hekayəsinin misra-misra anlatmaq üçün yazılmışdı. Seyid Hüseynlə Ümgülsümün bütün övladları vaxtilə 15 yaşlı qızın bəlkə də fəhmlə qələmə aldığı "Solğun çiçək" yazısındakı cocuğun taleyini yaşadı... "Öksüz qızcığaz bütün günlərini, saatlarını, bəlkə dəqiqələrini böylə anasının xıyalı ilə məşğul.

- Ah!... anacığım! Gedib də məni kimlərin ümidinə buraxdın. Atamınmı? O da on bir aydan bəri qara torpaların ağuşnda yatıyor. Barı məni də özünlə bərabər aparaydın. Tamam, qızlar geyinər, oynar və gülərlər. Anaları onları alqışlar. Bir az pozğun durarlarsa anaları oxşar və öpər. Lakin mənim üçün heç birisi yox!.. Yoldaşlarım "ana!" - deyə səslənirlər, mənim ana deyəcəyim bir kimsə yox.

Ah, nə qədər gözəl olardı mənim də atam-anam olaydı. Əvət, günə günlük həyatı verən günəş üful edincə həzin bir qürub mənzərəsi təşkil ediyor. Bir ananın ölümü dəxi o qürub qədər həzin, öksüz bir cocuq buraxmış. Hava məzhun-cocuq məzhun!" Bu kədərli duyğuları qələmə aldığı zaman necə qüssə içində olduğunu anlayıram. Çünki Ümgülsüm özü də çox kiçikyaşlarında anasız qalmışdı və bu yazıdakı qızcığaz bəlkə də elə onun özüydü. Ən kədərlisi isə odu ki, anasız böyüyən Ümgülsümün öz övladları da həmin taleyi yaşadı. İllər sonra Ümgülsüm anasız övladla mövzusuna yenidən qayıdası oldu. Amma yazıçı kimi yox, ana kimi... Bayıl həbsxanasında sürgünə göndəriləcəyi günü gözləyən məhbus kimi... "Günəşin şüası mənim də üstümə düşmüşdür, üzüm yanır. Yəqin ki, indi Toğrul və Qumral da günəş altında oynayırlar. Yanaqları qıpqırmızı qızarmışdır. Əgər indi onların üzlərindən öpən olsa, üzlərinin od kimi yandığını dodaqları ilə hiss edər. Fəqət, indi onların üzlərindən öpən kimdir?" Bu, onun məhbəs həyatının bəzi məqamlarını yazıb övladlarına ötürə bildiyi "Qala xatirələrim" adlı dəftərindən sətirlərdi. Heyflər olsun ki, Ümgülsüm taleyin ona yaşatdığı amansız anasızlıq ağrısını da övladlarına ötürəsi oldu... Bunun da kədərli olduğu qədər də şərəfli bir tarixçəsi var. Ümgülsüm soy-kökünə bağlı, minilliklərdən soraq verən tarixiylə, keçmişiylə qürur duyan və bu tarixi gələcəyə ötürməyə çalışan türk xatunudur. Türkün bayrağını göylərin və yer üzünün ən gözəl bəzəyi bilən şair "Səs verəlim" şeirində öz dövrünün xanımlarına tarix boyu at belində, öz ərinin, xaqanının yanında, döyüş meydanında olduğu zamanları xatırladır.

Dəyərlidir ehtiyacı millətin,

Yaradıcısı bizik, istiqbalına

Yüksəldəlim bayrağını türklüyün,

Şan verəlim qafqaslılıq namına.

Türklük deyil, biz türklüyün özüyük,

Millətimiz bizim ilə canlanır.

Qazanalım, Fateh xanın qızıyıq,

Türklük adı fütuhatla şanlanır.

Səslənməli, varlığımız bilinsin,

Türk oğlunu yadlar öksüz sanmasın,

Güc verəlim, qüvvətimiz görünsün,

Qız, gəlinlik həyansız kibi qalmasın.

"Türklük deyil, biz türklüyün özüyük", "Qazanalım, Fateh xanın qızıyıq" deyən şairin arzularını 1918-ci ildə doğmalarının fədakarlığı bahasına qurulan Cümhuriyyətin Parlamentində gerçəkləşdi. Şərqdə qadına ilk dəfə seçki hüququ məhz Azərbaycanda, Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətdə verildi. Bu qərarın Ümgülsüm xanımı nə qədər xoşbəxt elədiyini təsəvvür eləmək elə də çətin deyil... Heyflər olsun ki, bu xoşbəxtliyin ömrü uzun sürmədi...

Cümhuriyyətin sovet işğalıyla süquta uğradığı zaman Ümgülsümü ən çox ağrıdan, inlədən məsələlərdən biri yenə də türklüyümüzlə, ayrı salınan, pərən-pərən düşürülən türk elləri ilə bağlı idi. Hələ 1917-ci ildə "Turan düdüyü şeirindəki "Sönmüşmüdür əcəb türkün ocağı, Anadolu nerdə, Turan nerədə?" misralarıyla haray çəkən Ümgülsümün 1920-ci ildə yazdığı "Bayrağım enərkən" şeirindəki "Bağlandımı üzünə türk elinin qapısı?" sualı əslində, sual deyil, bütün bu suallara ən doğru, dəqiq, kədərli və ağrılı bir cavabdı...Ümgülsüm istiqlalımızla, bayrağımızla qürur duyan və bu dəyərləri sözə çevirən xanımdır. Hər kişinin cəsarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə ifadə edib. Bu mənada o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqlal mübarizəsinin önündə gedənlərdən biri sayıla bilər. Zamansa o zaman idi ki, istiqlal sevdasilə yaşayanlar üçün ölümdən, sürgündən, qürbətdən başqa yol görünmürdü. Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" nidası ilə ucaltdığı bayrağın könüllərə endiyi məqam bir tarixi sənədlərdə, bir də Ümgülsümün şeirində öz həzin kədəri, orman yanğınları kimi qarşısıalınmaz nifrətiylə yaşamaqdadı...

Sən Bayrağım! O yüksək şanlarınla enərkən,

Mavi göyə bir duman gəldiyini sezdim mən.

Qoynundakı ağ nurlu ay-yıldızım sönərkən

Üzərimə doğacaq günəşlərdən bezdim mən.

Al-yaşıllı bağında çiçəklərin solurkən

Sən enərkən ruhumdan bir inilti yüksəldi.

Hıçqırıqlar içində düşüyorkən, ölürkən

Məni tutub qaldıran xain, murdar bir əldi.

Yazıq səni, Bayrağım, endirdilər, eyləmi?

Səni yıxıb devirən o zəhərli ruzigar.

O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar,

Yanar ocağımı da söndürdülər, öyləmi?

Bir röyamı oldu o gördüklərim həpisi?

Ürəklərə həp ölüm qorxuları çökdümü?

Yurdumuza ədalət...döndümü?

Bağlandımı üzünə türk elinin qapısı?

Aman, mənim bu yanıq fəryadımı dinləmə,

O əməlin, o parlaq ümidlərin sönməzdir.

Dönük üzlü fələkdən heç şikayət eyləmə,

Haqqın qolu bükülməz, doğru üzü dönməzdir.

Tufan olsa yenə də, uca dağlar aşamaz,

Bir qaplanın dişləri, bir arslanın dırnağı,

Bir zalımın zülm əli, haqq çeynəyən ayağı,

Bir caninin qılıncı həşrə qədər yaşamaz.

Bu şeir zərif vücudlu bir qadının böyük bir imperiyaya, mənəvi dəyərləri ayaq altına alıb əzən quruluşa qarşı təkbaşına üsyanı idi... Repressiya maşınının işə düşdüyü zaman sovet rejiminin başında dayananları "O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar" adlandıran şairin üzünə açılan yalnız həbsxana qapıları ola bilərdi. İstiqlal şairi Umgülsüm Sadıqzadə Qumral Sadıqzadə - Yazıçı. Bu adı Qumral xanım çox gec qazandı. Ancaq qazandı...

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ