Bu, yerli medianın fəaliyyətində canlanma yaradıb – Əhməd İsmayılov


Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.

Turkustan.az “Report”a istinadən xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında möhkəmlənmiş qardaşlıq münasibətləri media da daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir:

“Hər iki ölkə liderinin qarşılıqlı səfərləri dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Sözügedən memorandum beş il ərzində iki ölkənin media sahəsində əməkdaşlığının inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm bir zəmin yaradıb”.

Ə.İsmayılov bildirib ki, iki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da genişləndiriləcək:

“İki ölkə arasındakı strateji münasibətlərin inkişafı informasiya mühitinin dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyətinə təkan verir. Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan bu strateji əməkdaşlıq yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənməmiş, eyni zamanda regionda və dünyada səsləndirdiyimiz həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da töhfələr verib”.


MANŞET XƏBƏRLƏRİ