Azərbaycanın tarixi, coğrafiyası və milliyəti


Abbasəli Əhmədoğlu
[email protected]

(əvvəli BU LİNKDƏ)

Azərbaycanın ən quzeyində, xəzər dənizinə yapışan yerdə “Bab-ul əbvab/باب الابواب” yaxud “Dəmir qapı Dərbənd” şəhərinin adı yazılıb. Ondan başqa, Şirvan, Şamaxı, Bakı, Qəbələ, Bərdə, Şəmkir şəhərlərinin adı gedir. Xəzər dənizi, Kür, Araz, Qızıl üzən çayları, Urmu gölü, Savalan, Səhənd və başqa neçə dağın görüntüsü çəkilib. Xəritənin günbatanında Tiflis, Qalın qala, Malazgird, ortada Təbriz, Urmiyə, Salmas, Xoy, Marağa, və başqaları, günçıxanda Ərdəbil, güneydə’sə Zənqanın adı yazılıb. Bu xəritədə adları yazılmış şəhərlərin hamısı bugünkü Azərbaycanın xəritəsində duran şəhərlər dir, yalnız Tiflis Gürcüstan, Dərbənd isə bugünkü Rusiya xəritəsində yerləşdirilib.

Xəritənin batıgüneyində, Urmu gölünün yanında əl-İstəxri bir cizgi ilə üç şəhəri ayırıb “Erməni şəhərləri/بلاد ارمنیه” adlandırıb. Bu şəhərlər “Xlat/خلاط”, “Bitlis/بدلیس” və “Miyafarqın/میافارقین” şəhərləri dir. Adı gedən bu şəhərlər çağdaş Türkiyə coğrafiyasında Ahlat, Bitlis və Silvan şəhərləri dir.

Azərbaycan ölkəsinin şahlarından örnək olaraq Şirvanşahın adını çəkir. İçəri şəhərdə yerləşən Şirvanşahlar sarayı bu gün Bakının ən çox qonaq çəkən abidələrindən biri dir.

Əl-İstəxrinin bu dəġərli kitabında, başqa tarixi-coğrafiya kitabları kimi, “İran” adlı bir ölkədən əsər-əlamət yox dır. Ona görə ki Xilafət dövrünün deyimlərində birlikdə “Savad” yaxud “İraq-i Əcəmi” (ərəb olmayan İraq) adlandırılan “Azərbaycan”, “Xuzistan”, “Kirman”, “Kuhistan”, “Fars”, “Təbəristan”, “Xorasan” və “Sicistan” ölkələri Avropalıların deyimində “Persia” adlandırılırdı.

Ensiklopedik yazılarına görə İslam dünyasının adlım coğrafiyaçısı, Suriyalı Yaqut əl-Həməvi “Mocəm-ul buldan” əsəri ilə dünyada tanınır. Həməvinin bu ensiklopedik sözlüġündə özkeçmiş (bioqrafiya), tarix və uyqarlıq (mədəniyyət) üzərində bilgi var. Ərəb alimliġinin ilkin qaynaqlarından olan bu dəġərli ensiklopediada adı gəlmiş yerlərin izgə (tarix), elyazı (etnoqrafiya) və aynlarına (miflərinə) görə bilgi var. Beş cildlik bu əzəmətli kitabın əlifba sırası ilə düzülmüş adlarının tərifindən oluşan bəzi Azərbaycan şəhərlərinin yığıcam açıqlaması aşağıda təqdim edilir.

“Təbriz: Azərbaycanın ən adlım şəhərlərindən biri; çox abad, gözəl, pişmiş (bişmiş) kərpic ilə ağ suvaqdan hörülmüş möhkəm duvarları var; şəhərin ortasından isə çay axır, dövrəsində gözəl bağlar var.”

“Xoy: Azərbaycanın ən adlım şəhərlərindən biri; çoxlu xeyratı və meyvələri olan bir qala.”

“Urmiyə: Azərbaycanda böyük və qədimi bir şəhərin adı; göldən yalnız 3-4 ağac aralıqda. Deyilənlərə görə bura Məcusların peyğəmbəri olan Zərdüştün şəhəri dir; çox yaxşı abhavası, xeyratı olan bir şəhər dir. Təbrizdən üç günlük, Ərbildən isə yeddi günlük arada yerləşir.”

“Ərdəbil: Azərbaycanın ən adlım şəhərlərindən biri; İslamdan qabaq Azərbaycanın baş şəhəri (paytaxtı); Ortasıyla dövrəsində çoxlu çaylar axan çox böyük bir şəhər dir.”

“Marağa: Azərbaycanın ən böyük, ən adlım şəhərlərindən biri.”

“Aran: çox şəhəri əhatə edən böyük bir bölgə; o cümlədən yerli xalq arasında “Gəncə” adlanan “Cənzə” şəhəri, Bərdə, Şəmkir və Beyləqan şəhərləri; Aran’la Azərbaycan arasında “Araz” adlı bir çay var. Bu çay quzeybatıdan Aranın içindən, günçıxana doğru isə Azərbaycanın içindən axır.”[14] Burada qabarıqcasına gözə çarpan sorun Türki dilinə Yaquti kimi yad olan coğrafiyaçıların yerli dilin deyimlərini yaxşı başa düşə bilmədikləri dir. Türkidə (Azərbaycan türkçəsində) “aran” özəl bir yer adı dəġil, əslində “yaylaq yerlərə görə alçaq və iqlimcə isti olan yerlər” dir. Azərbaycanın ən tanınmış aran yerləri Muğam, Qarabağ, Şirvan, Mil düzləri dir. Türkidə belə bir məsəl var: “Aranda buğdadan oldum, Bağdatda xurmadan!” Əldə olan neçə girəvənin (fürsətin) heç birindən yararlanmayanda bu məsəli işlədərlər.

Azərbaycan şəhərlərinin tərifini yazanda “Azərbaycan” adını təkrar işlədən Yaqut Həməvi çox önəmli və tarixi bir gərçəġi ortaya qoyur. Azərbaycan çox keçmişlərdən, hətta İslamdan da qabaq, özünə sınırları, şəhərləri, dağları, çayları, gölləri, dənizi, milləti və kimliġi olan bağımsız bir coğrafiya olub. 12-ci yüzillikdə yaşayan Həməvinin vaxtından çox qabaqlar əski bir ölkə olan Azərbaycan Qacar emperatorluğunun sonunacan bütöv bir məmləkət olub.

Pəhləvi faşizmi işə gətirilməzdən qabaq “Məmalik-i Məhrusə/ممالک محروسه” yaxud Avropalıların deyimində “Persia” adlandırılan coğrafiyanın adı 01/01/1314 tarixindən (22 Mart 1935) rəsmi bir sərəncam’la “İran” adıyla dəġişdirildi.[15] Bu sərəncamın sənədi İranın prezident aparatının rəsmi sənədlər arxivindən gələn səfhədə təqdim olunur.

Fielding Jr. Lukasın 1823-də çəkdiġi “Persia”nın xəritəsi qabaqkı tarixi sənədlərdə təqdim olunan təriflər və xəritlər ilə eyni olduğu bu tarixəcən adı çəkilmiş ölkələrin bağımsız varlığının 19-ncu yüzillikdə dünyaya təqdim olunan başqa sənədi dir. Bu xəritədə yalnız bir sorun var: o da qabaqkı coğrafiyanı görsədən (göstərən) bölgənin yalnız bir ölkəsinin adı dır. Qabaqkı coğrafiyaçıların sənədləşdirdiġi bölgənin Azərbaycan adıyla təqdim olunan bölgəsi Lukasın xəritəsində “IRAK AJEMI” (Əcəm/Ərəb olmayan İraq) adlandırılıb. Qabaqca dediġimiz kimi, bu ad ərəb xilafətinin radikal düşüncəliləri tərəfindən ərəb olmayan bütün qonşu ölkələrə işlədilirdi. “Əcəm” ərəb dilində “ərəb olmayan; dilqanmaz adam” anlamında işlənir. Yəqin Lukas da o tipli ərəb qaynaqlardan yararlanıb, yoxsa dünyanın o başında yaşayan bir coğrafiyaçı hara, Azərbaycana qərəzli yanaşmaq hara!

Bu xəritədə Xorasanın quzeyindəki qonşusunun adı da diqqətə layiq dir: Xəzərin günçıxanında olan bu qonşunun adı “TARTARY” yazılıb! Xəritənin solundakı ən yuxarı bucaqda yazılan “ERVAN” isə 1823-də Azərbaycan torpağından olduğu aydın dır.

Azərbaycanın milli kimliġinə gəldikdə isə bu kimliġi aydıncasına görsədən başqa iki məşhur tarixi kitabdan qaynaq olaraq yararlanacağıq. Onlardan biri Vəhb ibni- Münəbbihin Himyər şahlarına görə yazdığı “ət-Tican” kitabı dır. Yəmənnin Dhimar qəsəbəsində yaşayan bu yəmənli folklor bilgini ərəb yazarların görsətdiġi fərqli illərin birində, 725, 728, 732-də anadan olub doxsan yaşında dünyasını dəġişib. Bənu əl-Əhrar (Özgür xalqın oğulları) adlı bir toplumdan Pers köklü bir atanın oğlu olub. Tabeindən olan İsrailliyyat ravisi idi. Deyilənlərə görə peyğəmbərlərə aid yetmiş kitabın oxucusu, Tövrat və Məhəmməd peyğəmbər haqqında deyilmiş dastanların çox məharətli bir nağılçısı (ravisi) imiş.

Ət-Tican kitabında xəlifə Muaviyə ilə Übeydin arasında keçən danışqlarında belə yazır: “Şimr yüzüncü hicri ilində Azərbaycana yollandı. Sonunda o Azərbacana vardıqda onların döyüşçülərini öldürüb arvad-uşaqlarını əsir tutdu, sonra öz etdikləri və gəldiġi yolları iki daşın üstündə oydurtdu. Bu iki daş hələ də Azərbaycanda bir duvarın üstündə durur. Muaviyə dedi: “Azərbaycanı necə gördün?” O da belə cavab verdi: “Şübhəsiz Azərbaycan Türklərin yurdu dır və Türklər orada toplaşıb. (و بعث شمر بن القطاف بن المنتاب بن عمرو بن زید بن عملاق ابن عمرو بن ذی أنس فی مائه ألف حتی دخل علیهم آذربیجان فقتل المقاتله و سبی الذریه، ثم أقبل فکتب فی حجرین مسیره، فهم الیوم علی جدار آذربیجان. قال معاویه: و ما بال آذربیجان لله أنت؟ قال: له انها کانت من أرض الترک واجتمعوا له. )”

Başqa məşhur bir kitab isə Həmzə əl-İsfahanı, 10-ncu yüzilliġin tarixçi və filoloji bilgininin yazdığı əsər dir. 893-ncü ildə anadan olmuş 961, başqa qaynaqlara görə 970/71-də dünyasını dəġişib. Ömrünün çoxunu ana yurdu İsfahanda keçirdib. Üç dəfə Bağdada gedib, biri 920/21-də, üçüncü isə 935-də. Ət-Təbəri və İbn Duryad kimi görkəmli tarixçilər və bilginlər ilə görüşüb. İsfahanın tarixi, islamdan qabaq və İslamdan sonrakı sülalələrin və peyğmbərlərin tarixi olan “Yer kürəsinin peyğmbərləri və şahlarının tarixi” (تاریخ سنی ملوک الارض و الانبیا) adlı məşhur kitabın, başqa leksikoqrafi və şer əsərlərinin yazarı dır.

Himyər, indiki Yəmənin, şahlarından biri əl-Haris ər-Rayiş adlı şahına görə yazdığı mətndə o vaxtlarda Azərbaycanda yaşayan millətin milli kimliġindən yazır: “Ər-Rayişin ən böyük etkisi öncə onun Hindistana etdiġi hücumu idi. Sonra Türklərin yurdu Azərbaycanı işğal etdi, döyüşçülərini öldürüb arvad-uşağını əsir tutdu. O 125 il şahlıq etdi. (فکان أقصی أثر الرایش فی أولی غزواته الهند، ثم غزا بعد ذلک الترک بآذربیجان فقتل المقاتله و سبی الذریه، و کان ملکه مایه و خمساً و عشرین سنه.)”[18] Qabaqkı tarixi sənəd kimi bu kitab da Azərbaycanda yaşayan xalqın Türk olduğunu aydıncasına sənədləşdirir.

Azərbaycan ölkəsinin yüzlər il qabaqkı varlığı və onda yaşayan millətin milli kimliġini sənədləşdirən başqa tarixi əsərlər də var. Ancaq, yazarın fikrinə görə bu mətndə təqdim olunan sənədlər Azərbaycanın tarixi coğrafiyası ilə onda yaşayan xalqın milli kimliġini sənədləşdirməġə yetərli dir.

Məntiqli olaraq oxucular beləcə soruşa bilərlər: “Coğrafiyası bəlli, özünə şahları, tarixi, uyqarlığı (mədəniyyəti), kimliġi, hətta siyasi sınırları olan bir ölkəni necə başqa bir ölkənin bir parçası kimi hesablamaq olar?” Cavabı çox da qatmar (ərəbicə: mürəkkəb) dəġil. Ancaq, İslam xəlifəliġinin gərçək hökumət fəlsəfəsini anlamaq gərək dir.

Hər nədən öncə, xilafətin mərkəzi olan İraq ölkəsinin 12 qonşusu – o cümlədən Azərbaycan, Xuzistan, Fars, Kuhistan, Sicistan, Deyləm, Təbəristan, Xorasan, Kirman – birlikdə xəlifəlik deyimində "Savad” yaxud “Əcəmi İraq” adlanırdı.[19] Savad, bu gün bəzi federativ ölkələrdə olduğu kimi, 12 iki “Kurə/کوره”, yaxud əyalətdən ibarət idi. Bu əyələtlərin xalqı İslamı qəbul edib İslam xəlifəliġi ilə savaşdan əl çəkib xilafəti qəbul etdikdən sonra Xilafətə çeşitli biçimlərdə “xərac” yaxud vergi verməli olurdular. Ayrı-ayrı ellərdən, dillərdən, rənglərdən, soylardan, uyqarlıqlardan olduqlarına baxmayaraq İslam xilafətinin sancağı altında yaşayan xalqlara “İslam Ümməti” deyilirdi. Bu xalqları bir-birinə bağlayan yalnız inanc və din birliġi idi. Xəlifə isə bütün İslam ümmətinin rəhbəri ya xəlifəsi olurdu. Ona görə yerli hökümətlərin şahları xəlifəyə tabe olurdu. Bu üzdən İslam xəlifəliġinin “Savad”dakı quruluşunda olan torpaqların varlığı Qacar silsiləsinin sonunacan dəġişməz qalmışdı. Azərbaycan da bu quruluşun ən önəmli bölmələrindən biri kimi öz varlığını qoruyub saxlamışdı. Abbasilər xəlifəliġindən sonra Azərbaycanlılar Səlcuqilər, Qaraqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar kimi emperatorluqlar qurub “Savad”ın coğrafiyasını hətta genişləndirdilər. Şah İsmayılın qurduğu Səfəvilər dövründə Türki rəsmi dövlət dili olaraq bu emperatorluğun sınırları və torpağı ən geniş bir ərazıya şamil olurdu. Onların hökümətinin genişlənməsi onların nisbi ədalətli davranışından irəli gəlirdi. Ən azı bugünkü fars ədəbiyyatıyla mədəniyyətinin yayılması Türklərin ən güclü vaxtlarında gəlişdirilə bilib.

Osmanlı emperatorluğu da Türklərin yaratdığı İslam xilafəti idi. Osmanlının Afriqaya və batıya yayılması eyni İslam Xəlifəliġinin idealları əsasında irəli getdi, hətta qabaqkı xəlifəliklərdən də daha uğurlu oldu. Onların emperatorluğunun yeddi yüzillikdən çox bir dönəmdə yayılması onların hökm sürdükləri torpaqlarda ədalət ilə hökümət etdiklərinin şahidi dir. Amma iki Xəlifəliġin qonşuluğu “Qızıl Alma” stratejisində böyük dəġişiklik yaratdı. Bəzi özəl nədənlərə görə, örnək üçün, qarı düşmənlərin intiqam qurğuları, arxada iş çevirməkləri, iki xilafətin arasındakı çəkişmələri qabardıb alovlandırmaq, yaşadıqları torpaqlardakı dirlikləri və yaşayışlarına baxmayaraq düşmənlər’lə əl birlik edən bəzi etnik azınlıqların xəyanəti iki güclü İslam xəlifəliġini getdikcə gücdən salıb sonunda çökürtdü. Yalnız Qacar emperatorluğunun çöküşündən sonra “Savad” yaxud “Persia” adlandırılan tarixi ölkələrin rəsmi durumu dəġişdirilməġə başladı və demək olar iġirminci yüzillikdən işə gətirilən Pəhləvi rejimində aradan qaldırıldı.

Sonuc olaraq, Azərbaycanın tarixi torpaqları Gülüstan ilə Türkmənçay bağlaşmalarınacan tarix boyu bütöv idi. Azərbaycanın parçalanmış bölgələrində yaşayan xalqın dili, ədəbiyyatı, uyqarlığı (mədəniyyəti), musiqisi, rəqsi, hünəri (incəsənəti), memarlığı, ayın-oyumları, geyimləri, aşmanlıqları (mətbəxi), xalçası, və bir söz’lə, ruhu Azərbaycan millətini qanlı tarixləri boyu bir arada tutub bütövləşdirib və bundan sonra da onları sonsuzacan bütöv saxlayacaq.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ