Rəhman SALMANLI,
Əməkdar mədəniyyət işçisi,
filologiya üzrə fəlsəfə doktoru
Ötən əsrin əvvəllərində - Stalin repressiyası dönəmində ölkəmizin Qərb bölgəsində uzun müddət dövrün təzyiq, sürgün və repressiyalarına məruz qalan nəsillərdən biri də Samux rayonunda Arıqlı soyuna məxsus (Şahmalibəylər) Şahmalıyevlər olmuşdur. Xatırladaq ki, hələ sovet hakimiyyəti qurulmamışdan çox illər öncə Şahmalıbəylərə məxsus mülkiyyət indiki Mingəçevir dənizinin altında qalmış əkin və yaşayış yerlərindən ta Qərb istiqamətində Gürcüstan sərhədlərinədək ərazini əhatə edirdi. Özü də Tiflis quberniyasının Şirak pristavlığına tabe idi.
1863-cü ildə bu ərazini çar Rusiyası bu ərazini öz nəzarətinə keçirmişdir. Rusiya İmperatorluğun nümayəndəsi, mütəxəssis Dubrovun məxsusi olaraq hazırladığı “Zaqafqaziya hekayəti”ndə Qafqaz arxeoqrafik komissiyasının tərtib etdiyi aktların ikinci hissəsindəki məlumata görə, Samux əyaləti və sahibi Şirin bəyin İmperator I Aleksandrın ali fərmanına əsasən himayəyə götürülməsi və Samuxun sahibi kimi saxlanması öz əksini tapıb.
Bundan sonra Samux (1863) Yelizavetpol quberniyasına daxil edilmiş, habelə Samux pristavlığı yaradılmış və Şirin bəyin oğlu Samuxun pristavı təyin edilmişdir.
Samuxlu ağsaqqalların , ağbirçəklərin yaddaşlardan-yaddaşlara ötürülən xatirələrindən məlum olur ki, istər çar Rusiyası dönəmində, istərsə də sovet hakimiyyəti zamanında Şahmalıbəylilər xalqının, elin-obanın, ətrafındakıların təhlükəsizliyinə, habelə Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı həmişə diqqətcil olublar. Ölüm təhlükəsi ilə qarşı-qarşıya qalsalar da, çalışıblar ki, xalqa zərrə qədər də olsa ziyan dəyməsin.
Şahmalıbəylilərin belə milli mentalitetə bağlı nümayəndələrindən biri də Stalinizm dövrünün repressiya qurbanı Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğludur.
İsmayıl bəy 1883-cü ildə Samuxda anadan olmuşdur. Dövrün ənənələrinə uyğun olaraq yazıb-oxumağı uşaq ikən Samuxda molla yanında öyrənmişdir. Daha sonra İsmayıl bəy Tiflis oğlanlar gimnaziyasında təhsil almışdır. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını uğurla başa vuran İsmayıl bəyi valideynləri gələcəkdə hüquqşünas kimi görmək istəyirdilər. Özünün də ürəyindən olan bu arzu ilə o, valideynlərinin və yaxınlarının tövsiyəsi ilə Rusiyanın Novorosiya İmperator Universitetinin Hüquq fakültəsinə daxil olur.
Nəhayət, 1908-ci ildə universiteti müvəffəqiyyətlə başa vuran İsmayıl bəy gənc hüquqşünas olaraq xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlayır. İsmayıl bəy Şahmalıyev təxminən bir ildən sonra - 1 fevral 1910-cu ildən Yelizavetpol (Gəncə) şəhərinə göndərilir və burada quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləyir, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik edir.
İsmayıl bəy Şahmalıyev 1911-ci ilin sentyabrında istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar məmuru, 1916-cı ildə isə Palatanın I bölmə rəisi olmuşdur. 1916-cı ilin dekabrından Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 1917-ci ilin yanvarından isə Zaqatala əyalətinin Vergi Müfəttişi vəzifələrində çalışmışdır.
Ölkəmizdə 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra xalqının yüzilliklərin müstəmləkə buxovundan azad olunmasına və milli dövlət quruculuğuna daim dəstək olan İsmayıl bəy böyük həvəslə Cümhuriyyətçilərin sırasına qoşulur. Təxminən üç ay sonra - 26 avqust 1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin edilir. Bundan ayarım sonra İsmayıl bəy Şahmalıyev təcrübəli və səriştəli hüquqşünas kimi, yaxın dostu istiqlal şairi Əhməd Cavadla birlikdə Azərbaycan hökumətinin 1918-ci il 15 iyul tarixli qərarı ilə Birinci dünya müharibəsinin əvvəlindən bəri bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanların özlərinə və əmlakına qarşı törədilmiş zorakılıqları təhqiq etmək məqsədilə təşkil olunmuş Fövqəladə İstintaq Komissiyasının tərkibinə üzv təyin edilir. (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1001, siyahı 1, iş 103, vərəq 2). İsmayıl bəy bu zaman Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının, həmçinin Yelizavetpol quberniyalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq qrupları ilə sıxı əlaqədə işləyir. Altı ay sonra, Novruz bayramına bir gün qalmış - 1919-cu il martın 19-da Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi vəzifəsinə irəli çəkilir. Lakin bu vəzifədə çalışarkən işin azlığı səbəbindən 1 may 1919-cu ildə FTK üzvlüyündən azad edilir.
1920-ci il aprelin 28-də AXC hakimiyyəti işğalçı XI rus ordusu tərəfindən süquta uğradıldıqdan sonra İsmayıl bəy Şahmalıyev Gəncədə və Bakıda vəkil kimi çalışmış, Ədliyyə Xalq Komissarları yanında Hüquq Müdafiəçiləri Kollegiyasının üzvü olmuşdur. Bakıda dövlət müəssisələrində hüquq məsləhətçisi işləmişdir.
Repressiya illərində Siyasi İdarənin əməkdaşları təcrübəli hüquqşünas İsmayıl bəy Şahmalıyevi bəy oğlu olduğu və Cümhuriyyət hökuməti ilə cani-dildən əməkdaşlığına görə nəzarətə götürürlər. Nəhayət, 1938-ci il aprelin 2-də Azərbaycan Daxili İşlər Xalq Komissarlığı Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əksinqilabçı, habelə millətçi-qiyamçı təşkilata mənsub olmaqda ittiham edilərək həbs edirlər. Bir ilə yaxın istintaq təcridxanalarında işgəncələrə məruz qalan 55 yaşlı İsmayıl bəy Şahmalıyev müstəntiqlərin uydurma suallarını rədd etmiş, özünü müqəssir bilməmişdir.
Lakin İsmayıl bəy Azərbaycan SSR DİXK Fövqəladə Üçlüyü 2 iyun 1938-ci il tarixli qərarı ilə əmlakı müsadirə edilməklə, cəzasını İslah-Əmək Düşərgəsində (İƏD) çəkməklə 10 il müddətinə Uzaq Şərqə sürgün edilmişdir.
İsmayıl bəy sürgünə göndəriləndən 5 ay 25 gün sonra, 1938-ci ilin şaxtalı-sazaqlı noyabr ayının 25-də Xabarovsk vilayətində İƏD-də həyatla vidalaşmışdır.
1955-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Şahmalıyev İsmayıl bəy Nəsirullah bəy oğlunun “Cinayət işi”nə yenidən baxmış, əməlləri sübuta yetirilmədiyi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 yanvar 1989-cu il tarixli “1930-40-cı və 50-ci illərin əvvəllərində baş vermiş repressiya qurbanları barədə ədalətin bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci maddəsinə aid edilməklə Fövqəladə Üçlüyün 2 iyun 1938-ci il tarixli qərarı ləğv edilərək ona bəraət verilmişdir.
***
P.S: İsmayıl bəyin ailə yaxınlarını axtarıram. Eşitdiyimə görə Gəncədə, Samuxda, xüsusən də Çobanabdallı kəndində bu nəslin davamçıları var. “Qırmızı terror”un tüğyan etdiyi illərdə Şahmalıbəylilər nəslindən repressiya olunanlar barədə məlumatı olan varsa, xahiş edirəm müəlliflə (mob. 055-242-12-42) əlaqə yaratsın, ya da telefonunu yazsın.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur