Aynur Turan
(ardı BU LİNKDƏ)
Çox maraqlıdır ki, “lələ” sözünə qardaş türk pedaqoji ədəbiyyatında, həmçinin Azərbaycan dastanlarında rast gəlirik. “Lələ” sözünə Azərbaycan aşıq dastanlarında da rast gəlirik, məsələn, “Əsli və Kərəm” dastanında deyilir:
Ərzurumun gədiyinə varanda,
Onda gördüm burum-burum qar gəlir.
Lələ dedi: gəl bu yoldan qayıdaq,
Dedim dönmək namusuma ar gəlir.
Beləliklə, böyük maarifçi Sultanməcid Qənizadənin məqaləsində “lələ” sözü, fikrimizcə, çox yerində işlədilmişdir və elmi-pedaqoji ədəbiyyatda bir termin kimi istifadə olunması çox yerinə düşərdi. Məlum olduğu kimi, pedaqogikanın bir elm kimi formalaşması çex pedaqoqu Y.A.Komenskinin adı ilə bağlıdır. Azərbaycan elmi-pedaqoji fikri tarixində isə bu məsələ Azərbaycan maarifçi-pedaqoqu Sultanməcid Qənizadənin (1866-1942) adı ilə bağlıdır. Sultanməcid Qənizadənin fikrincə, “pedaqogika ən mühüm və ən vəsi (yəni ən geniş, vüsətli) elmlərindən birisidir”. Onun pedaqogika elminə verdiyi tərif də maraqlıdır. O, yazır ki, pedaqogika elmi insan tərbiyəsinin müxtəlif tərəflərini tədqiq edir. Bununla belə, əslində pedaqogika insan tərbiyəsinin iki əsas cəhətini öyrənir ki, bunlardan biri cism, yəni bədən tərbiyəsi, digəri isə ruh tərbiyəsidir. Göründüyü kimi, müəllif tərbiyyənin iki növü-ruhi və cismani, müasir terminlərlə desək, mənəvi və fiziki tərbiyəni nəzərdə tutur. Müəllif fiziki tərbiyə ilə yanaşı mənəvi tərbiyədən də ətraflı bəhs etməyi vəd etsə də, əsərdə yalnız fiziki tərbiyə məsələləri şərh olunmuşdur. Buna baxmayaraq, o, tərbiyənin hər iki növünü bir-birindən təcrid etmir, birini digəri üçün əsas hesab edirdi. Fikrimizcə, həqiqətən də insanın tərbiyəsində yuxarıda göstərilən hər iki cəhət əsas olub, tərbiyə aparıcı yer tutur. Müəllif bu iki cəhətdən birinin-fiziki tərbiyənin üzərində dayanır, onu daha geniş və ətraflı şəhr edir. Müəllifin fikrincə, cismani tərbiyə, yəni bədən tərbiyəsi insanın sağlamlığına, uşağın daxili və xarici orqanlarının düzgün inkişafında xidmət edir. Sultanməcid Qənizadənin fikrincə, insanların şüuru, idrakı, fəhmi uzaqgörmə qabiliyyəti, gözüaçıqlığı və s. hissləri onları digər varlıqlardan fərqləndirir və bu cövhərlərin bünövrəsi hələ ana bətnində ikən Allah tərəfindən qoyulur. Müəllifin fikrincə, insanın mövqeyi uca olduğuna görə onun tərbiyəsi də daim zəhmət və hünər istər. Sultanməcid Qənizadənin gəldiyi elmi-pedaqoji nəticələrdən biri də budur: “Tərbiyə işində cism tərbiyəsi ruh tərbiyəsindən müqəddəmdir”. Belə ki, əgər bədən salamat olmasa, ruh asayişdə ola bilməz”. Ümumiyyətlə, böyük maarifçinin fikirlərində körpənin bədən tərbiyyəsinə, xüsusilə də ana bətnində tərbiyəsinə, başqa sözlə, körpəlik pedaqogikasına ayrıca diqqət yetirilmiş və bu məsələ üzrə müxtəlif tərəflər şəhr edilmiş, bu günümüz üçün də faydalı olan dəyərli fikirlər söylənilmişdir.
Sultanməcid Qənizadə maarif xadimi, yazıçı, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində uğur qazanmışdı. Bu adların hər birini ədibimiz öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdı. S.Qənizadə hərtərəfli istedada malik yazıçı olmuşdur.
Böyük Şəxsiyyət Sultanməcid Qənizadə Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi dramın “Qönçə xanım” ilk romanın “Gəlinlər həmayili”, ilk publisist hekayənin “Müəllimlər iftixarı”, ilk yumoristik mənzum uşaq hekayəsinin “Tülkü və Çaqcaqbəy” yaradıcılarındandır. Sultanməcid Qənizadə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin müstəsna zəka və əməl sahiblərindən olub, milli maarif tanıma, milli azadlıq və dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmişdir. Sultanməcid Qənizadənin adı milli mədəniyyət və dövlətçilik tariximizə böyük maarifçi, bənzərsiz pedaqoq, əsl xalq müəllimi, məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və təşkilatçısı, dilçi-metodist alim, tanınmış ədib, yazıçı, mühərrir, mütərcim, nəhayət, milli istiqlal mücahidi, ictimaisiyasi və dövlət xadimi kimi daxil olmuşdur. Dahi şəxsiyyət, öncül ziyalı Sultanməcid Qənizadənin müdrik fikirləriə nəzər salaq: “Çobanın sürüyə acığı tutanda kor keçini qabağa salır. Müəllimin evi kitabxanadır, dövlət kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Müəllim dediyimiz zat mərifət külbəsinin (dünyasının) dərbanı (qapıçısı), nicat yolunun rəhbəridir. Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrət edən ata kimidir. Bizlər (millət) üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab (ay) doğacaq isə, yenə məktəb divarından parlayacaqdır. Əgər sultanlıq istərsən, dəri-məktəbdə (məktəb qapısında) xadim ol! Əgər insanın malı gedə təəssüf olmaz, təəssüf olur, əgər abrusu tökülə”.
Sultanməcid Qənizadənin öz yaradıcılıq taleyi, içtimai-pedaqoji fəaliyyəti ilə müasiri olan yazıçıların bir çoxundan fərqlənir. S.Qənizadənin yaradıcılığında, içtimai-pedaqoji görüşlərində mürəkkəb ziddiyyətlər vardır. Yaradıcılığında və pedaqoji fəaliyyətində dünyəvi elmləri yorulmadan təbliğetməsinə baxmayaraq, o, bəzən elmlə şəriəti eyniləşdirməyə meyl göstərir, çağırır.
Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan S.Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultan bəy bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda «Rus-Tatar məktəbi» adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi. Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) də keçirilirdi.
II aparıcı: Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu Məhəmməd Əmin Rəsulzadə də olmuşdur. Sultanməcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin əvvəllərində onun «Lüğəti-rusi və türki», «İstilahi-Türki» və başqa kitabları nəşr olunmuşdur. S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına çalışmışdır. Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir.
Sultanməcid Qənizadə düşünürdqü ki, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək, cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər “Məktubati-Şeyda bəy Şirvani”, “Allah xofu” və s. yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəblərdən və həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: “Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər”.
Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir. Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır: “Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti olmadıqda “kimləri öyrətdin və nə öyrətdin?” sorulub bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur”. S.Qənizadə 1918-ci ildə Azərbaycan Milli Şurasının üzvü, 1919-cu ildə ADR-də Parlamentin sədr müavini seçilmişdir. 1920-1925-ci illərdə Sovet hakimiyyəti dövründə respublikanın Xalq Maarif Komissarlığında şöbə müdiri vəzifəsində çalışmışdır. 1925-1929-cu illərdə Bakı şəhər Xalq maarifi idarəsində inspektor işləmiş, hərbi məktəbdə və sənaye İnstitutunda dərs demişdir. 1937-ci ildə Xalq düşməni kimi həbs edilərək güllələnmişdir.
Sultanməcid Qənizadə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim, tanınmış ədib və ictimai siyasi xadim idi. Onun haqq dünyasına qovuşmağından uzun illər keçsə də o, əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın zəngin məktəb və pedaqoji fikir tarixi, qədim ədəbiyyatı var, deməli, Azərbaycanda müasir məktəb hərəkatının bansi və misilsiz carçısı, böyük maarifçi Sultanməcid Qənizadənin də adı və əməlləri hər zaman yaşayacaqdır.
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur