Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş


"Son zamanlar bəzi insanlarda varlı görünmək "xəstəliyi" yaranıb. Onlar özlərini varlı kimi təqdim etməyə çalışırlar".

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, daha çox yeniyetmələr və gənclər arasında bu tendensiya müşahidə olunur:

"Həmin insanların varlı görünmə səbəbi daxili təlabatdan irəli gəlir. Yəni, kənar şəxslərdə varlı təəssüratı yaratmaq üçün bu addımı atırlar. Bəzi insanlar başqalarına özünü daha yaxşı və güclü göstərməyə çalışırlar. Hansısa sosial statusa sahib olmaq və ya özünü daha yaxşı hiss etmə istəyi buna səbəb olur.

Həmçinin, varlı görünərək sanki hörmət qazanmaq istəyirlər. Bundan başqa, "aid olma" sindromu da buna səbəb olur. Yəni, özünün də kimlərdənsə olduğunu göstərmək istəyir".

Psixoloq qeyd edib ki, insan özünü olduğu kimi qəbul edə bilmədiyi üçün belə yollara əl atır:

"Çünki daxilində müəyyən boşluqlar yaşayır. Mənəvi cəhətdən zəngin olmayan və psixoloji problemləri olan insanlar varlı görünməyə can atırlar. Bir növ, "məni görün, mən də sizin qrupa aidəm" mesajı verməyə çalışırlar. İnsanlar özlərini bu şəkildə aldadırlar. Lakin mənəvi zəngin olan insanda belə istəklər yaranmayacaq. Yəni, özünü göstərmək üçün gedib hansısa brend markadan paltar almayacaq".

Mütəxəssis qeyd edib ki, varlı görünməyə çalışan insanlar özlərini başqa şəkildə təqdim edə bilməyənlərdir:

"Həmin insanlar özlərini olduqları kimi təqdim edə bilmirlər.

Çünki özünəinam problemi yaşayırlar. Ona görə də özlərini varlı kimi qələmə verməyə çalışırlar. Həmin insanlar brend geyimlərinin qiymətləri və getdiyi ölkələrdən danışmağı sevirlər. Təəssüflər olsun ki, belə "xəstəliyə" tutulmuş insanların sayı artır".

Müsahibimizin sözlərinə görə, brend markaların əksəriyyəti çox ucuz materiallardan istifadə edir:

"Sadəcə bahalı etiketlərlə insanları aldadırlar. Çünki bəzi insanların buna ehtiyacı var.

Əslində, həmin məhsullar satılmasa, böyük şirkətlər də insanları manipulyasiya edərək pul qazana bilməz. Əslində, insanlar özləri buna zəmin yaradır. Bu, psixoloji məsələdir".

İlhamə Mustafayeva onu da diqqətə çatdırıb ki, bəzi insanlar öz mənəvi dəyərləri ilə öyünə bilmirlər:

"İnsanlar sadəcə varlı görünmək tendensiyasına qoşulublar. Kimin pulu varsa, brend geyimlər geyinirsə, bahalı avtomobil sürürsə, hörmətli insan kimi qələmə verilir. Əfsuslar olsun ki, yeniyetmələr və gənclər də bu səbəbdən onlara oxşamağa çalışırlar. Əvvəlki dövrlərdə insanlar daha çox mənəvi zənginlikləri ilə önə çıxırdılar. İndi isə mənəvi dəyərlər sanki işə yaramır, kimin pulu varsa, qabağa gedir. Yəni, cəmiyyətimizdə belə problemlər var. Ona görə də bəzi insanlar varlı görünməyə çalışırlar".


MANŞET XƏBƏRLƏRİ