Avstraliyalı tədqiqatçılar məməlilərin bədəninin sağalma mexanizmini daha yaxşı anlamağa kömək edəcək yeni hüceyrə növü kəşf ediblər. Bu hüceyrə elm aləmində varlığı 100 ildən çox müddət ərzində proqnozlaşdırılan hüceyrə növü kimi tanınırdı.
Turkustan.az xəbər verir ki, Kəşf edilən bu hüceyrə "EndoMac progenitor hüceyrələri" adlanırdı və yetkin siçanların aortasında tapıldı.
Alimlər bu hüceyrələrin insan orqanizmində oxşar rolu olub-olmadığını araşdırırlar.
Cənubi Avstraliya Sağlamlıq və Tibb Tədqiqat İnstitutundan (SAHMRI) tibb alimi Sanuri Liyanage, bu hüceyrələrin qan damarlarının bədəndə böyüməsinə kömək etdiyini və zədə və ya zəif qan axını hallarında işə düşdüyünü və sürətli sağalmanı təmin etdiyini söylədi.
Laboratoriya tədqiqatlarında siçanlarda diabetik yara modellərinə EndoMac progenitor hüceyrələrinin yeridilməsi yaraların sağalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirdi.
Hüceyrələrin varlığı uzun illər sübut oluna bilmədi
Bu kəşf, 20-ci əsrin əvvəllərində elm adamlarının qanda yeni makrofaq hüceyrələrinin istehsalını təmin edən kök hüceyrələrin mövcudluğu ilə bağlı irəli sürdüyü fərziyyəni dəstəkləyir.
Ancaq bu hüceyrələrin varlığı uzun illər sübut oluna bilmədi.
Kəşf göstərir ki, siçanlarda rast gəlinən bu hüceyrələr erkən embrional dövrdə ürək aortasında məskunlaşır və yaşlandıqca yeni makrofaqlar əmələ gətirərək orqanizmdəki toxumalara yayılır.
EndoMac əcdad hüceyrələrinin immun sistemi tərəfindən “yad” kimi qəbul edilmədiyi və bu səbəbdən bədəndə asanlıqla istifadə oluna biləcəyi düşünülür.
Bədənə enjekte edildikdə, bu hüceyrələr qan damarlarını əhatə edən makrofaqlara və endotel hüceyrələrinə çevrilərək yaraların sağalmasına kömək edir.
Tədqiqat qrupu indi bu hüceyrələrin insanlarda da olub-olmadığını araşdırır və ilkin tapıntılar müsbətdir.
SAHMRI biotibbi alimi Anna Williamson, "Nəzəri olaraq, bu hüceyrələr xroniki yaralardan əziyyət çəkən xəstələr üçün oyun dəyişdirici ola bilər" dedi.
Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.
Eltac Zülfüqaroğlu/Turkustan.az