Süni intellektə pis şeylər öyrədilsə, böyük təhlükələr olacaq - MÜSAHİBƏ


Süni intellekt tədricən həyatımızın ayrılmaz hissəsinə çevrilir. Artıq hər sahədə onun izlərinə rast gəlirik. Günümüzdə ictimai nəqliyyatdan tutmuş tibb sektoruna qədər süni intellektdən istifadə edilir.

Modern.az saytı Ankara Hacı Bayram Veli Universitetinin dosenti, süni intellekt üzrə mütəxəssis Erman Akıllı ilə müsahibəni təqdim edir:

- Erman bəy, Türkiyədə süni intellektdən istifadə hansı mərhələdədir?

- Bu gün etibarilə baxdıqda görürük ki, Türk dövlətlərində süni intellektdən istifadə qlobal yeniliklərə bağlı olaraq sürətlə artmağa başlayıb. Xüsusilə Türkiyə barədə danışsaq, təhlükəsizlik və səhiyyə kimi sahələrdə süni intellektdən istifadənin yayıldığına şahid oluruq. Məsələn, Türkiyədə sağlamlıq məlumatlarının təhlili, nəqliyyatın idarə edilməsi və kibertəhlükəsizlik sahələrində süni intellktdən istifadə edilir. Köhnə texnologiyaların hazırkı texnologiyalarla inteqrasiyası hökumət xidmətlərini artırır və vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə şərait yaradır.

- Süni intellekt inkişaf etdikcə, dələduzluq və oğurluq üsulları da artmaqdadır. İnsanlar özlərini bundan necə qoruya bilərlər?

- Təəssüf ki, hər texnoloji inkişafın müsbət tərəfi olduğu kimi, bir də mənfi tərəfi var, bu qaçılmazdır. Süni intellekt texnologiyalarında inkişafa nail olunduqca, pis niyyətlərdə, xüsusilə virtual oğurluq, fırıldaqçılıq kimi işlərdə istifadəsi də artır. Bu keçdiyimiz illərdə “deepfake” olaraq da qarşımıza çıxmışdı. Yəni başqa birinin görüntü və səsini təqlid etməklə süni intellktdən istifaə olunur. Bu kimi hallarla mübarizə aparmaq üçün şəxslər və qurumlar kibertəhlükəsizlik tədbirlərini artırmalıdırlar. Digər tərəfdən, güclü şifrələrdən istifadə etmək, iki faktorlu şəxsiyyət təsdiqetmə sistemini aktivləşdirmək, müntəzəm olaraq proqram təminatını yeniləmək başlıca ehtiyat tədbirləridir. Elə süni intellektlə işləyən təhlükəsizlik proqramlarından istifadə etməklə potensial təhdidləri əvvəlcədən aşkarlamaq mümkündür.

- Bu gün süni intellekt dedikdə ağıla hansı ölkə gəlir?

- Texnologiyanın yaranması və investisiyaların qoyulmasına baxdıqda qarşımıza Amerika Birləşmiş Ştatları (ABŞ) çıxır. Eyni zamanda Çinin də bu sahədə vacib layihələri var. İnanırıq ki, ən qısa zamanda Azərbaycan və Türkiyə başda olmaqla Türk dünyası da süni intellekt sahəsində irəlidə gedən dövlətlərdən olacaq. Güclü Azərbaycan və güclü Türkiyə ilə Türk Dövlətləri Təşkilatı (TDT) da güclənəcək. Necə ki, 44 günlük Vətən müharibəsində Şuşanın, Qarabağın azadlığı mümkün oldusa, müasir texnologiyaların inkişafı ilə də daha vacib addımlar atılacaq.

- Bəzi peşələrin süni intellekt qarşısında tab gətirməyərək zamanla yox olacağı iddia edilir. Bunlar hansı peşələr ola bilər?

- Süni intellekt davamlı şəkildə inkiaf edən texnologiyadır və gündəlik həyatımızın bir parçasına çevrilir. Amma bunu kompüter inqilabı kimi düşünək. Daktilo istifadə edənlər klaviaturaya keçən zaman bəzi çətinliklər yaşadılar, amma keçid dövrünə asan adaptasiya olan, sürətlə bu yeniliyə özünü uyğunlaşdıra bilən insanlar işlərində daha yaxşı yerə gəldilər. Bu vəziyyət də eynidir. Yəni əslində süni intellektin kiminsə işini birbaşa əlindən alması kimi bir vəziyyət yaxın gələcəkdə mümkün deyil. Amma bundan 20-30 il sonrası üçün xüsusilə təkrarlanan işlər avtomatlaşacağından bəzi peşələrin tarixdən silinməsi mümkün ola bilər. Amma dediyim kimi, bu da bir gündə olacaq şey deyil. Yeni texnologiyalara adaptasiya olmaq, bilik və bacarıqlarını inkişaf etdirmək insanların öz seçimidir. Məsələn, operatorlar, çağrı mərkəzi işləri, bəzi mühasibatlıq vəzifələri süni intellekt tərəfindən idarə edilə biləcək işlər arasındadır. Amma bununla bərabər, hansı süni intellekt sistemi olur-olsun, insanlar hər zaman əhəmiyyət daşıyacaq. Burada əsas məsələ yeni texnologiyalara uyğun olaraq öz bacarıqlarımızı inkişaf etdirməkdir.


- Hökumətlərin süni intellekt sahəsindəki fəaliyyəti sizi qane edirmi

Ətraflı- Hər zaman özəl sektor hökumətdən daha sürətli inkişaf edir. Dünyadakı süni intellekt sahəsi üzrə işləyən qurumlara baxsaq görərik ki, 100 qurumdan 98-si özəl sektordur. Bununla bərabər, süni intellekt vacib texnologiyadır, bir çox fürsətləri özündə ehtiva edir. Amma təhdidin qarşısını alacaq, beynəlxalq düzəlişlər üçün qərarlar qəbul edilməsi də əhəmiyyətlidir. Bu zaman dövlətlər daha sürətli çalışmalıdır. Çünki nəhayət bu qərarların verilməsində dövlətlər rol aldıqca, beynəlxalq aləmdə daha təhlükəsiz süni intellekt mühiti yaranacaq.

- Süni intellekt sahəsində insanlarda böyük qorxu var. Həqiqətən də insanın yaratdığı sistem onu ələ keçirə bilərmi?

- Bu vəziyyətə yəqin ki, bir az da fantastik filmlərin təsiri var. Xatırlayırsınızsa, 1980-ci illərin sonundan başlayıb 1990-cı illərdə də davam edən “Terminator” serialı var idi. Orada “Skynet” adlı süni intellekt insanlar tərəfindən istehsal edilir və o qədər inkişaf edir ki, öz şüuru yaranır. Bundan sonra da insanlara qarşı bir müharibə başladır və insanlığı dünyadan silmək üçün çalışır. Fantastik filmlərə baxdıqda bu qaranlıq aləm hər zaman qarşımıza çıxır. Bu da əslində zehnimizdəki narahatlıqları tətikləyir. Filmlərdə gördüyümüz bu ssenari şüur sahibi olan süni intellektin ortaya çıxması ilə yaşanırdı. Ən azından bu gün şüura sahib olan bir süni intellekt modeli yoxdur. Gələcək 100 il içərisində bu texnoloji inkişafla nə olacağını birlikdə izləyəcəyik.
İki növ süni intellekt var. Dar əhatəli - zəif olan və geniş əhatəli - güclü olan. Filmlərdə gördüyümüz geniş əhatəli olandır. Bu süni intellekt öz şüuruna sahibdir, özbaşına hər şeyi analiz edib qərar verə bilən bir növdür. Hazırda geniş istifadə edilən dar əhatəli olandır. Yəni insanın verdiyi əmrlərə görə çalışa bilən növdür.

- Süni intellekt bu gün ən çox hansı sahələrdə istifadə edilir? Gələcəkdə hansı sahələrdə istifadə edilməsi nəzərdə tutulur?

- Süni intellekt bu gün ən çox sağlamlıq, maliyyə, nəqliyyat və müştəri xidmətləri sahələrində daha çox istifadə edilir. Xüsusilə tibb sektorunda xəstəliklərin diaqnozunda geniş istifadə edilir. Məsələn, Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi virtual göz layihəsi var. Bu layihə çərçivəsində mamoqrafiya filmləri vasitəsilə döş xərçənginin diaqnozu qoyulur. Bənzər şəkildə maliyyə sistemində də süni intellektdən istifadə edilir. Xüsusilə anomaliyaların aşkarlanmasında süni intellekt sistemlərinin istifadə edildiyi görülməkdədir. Çirkli pulların yuyulması, terrorun maliyyələşdirilməsi kimi məsələlərdə süni intellektin istifadə edildiyini də görürük. Bununla yanaşı, üz tanıma sistemlərində də süni intellektdən geniş istifadə edilir.

Dünyanın hər yerində yayılmasa da, bir çox ölkədə süni intellekt sistemləri ilə hərəkət edən nəqliyyat vasitələri var. Yəni sürücüsü olmayan nəqliyyat vasitəsi sərnişini təyin edilən yerə aparır. Müştəri xidmətləri sahəsində də süni intellekt xüsusi əhəmiyyət kəsb edir. Məsələn, tətil üçün bir sayta girdiniz, orada çatbotların sizi yönləndirməsi ilə sizə ən uyğun seçimi etməyiniz mümkündür. Önümüzdəki 25 ildə süni intellekt şübhəsiz ki təhsil sahəsində daha çox istifadə ediləcək. Bir neçə həftə əvvəl “ChatGpt”nin bir videosu var idi. Orada adam süni intellektə uşağına üçbucağın daxili bucaqlarını öyrətməsi üçün əmrlər verir və sistem səsli şəkildə uşağın həmin sualı həll etməsinə kömək edir. Yəni önümüdəki illərdə təhsilin daha fərdiləşdirilmiş şəkildə önə çıxacağını və süni intellekt sistemlərinin də bunda rol alacağını deyə bilərik. Digər tərəfdən, enerji, kənd təsərrüfatı və ətraf mühitin idarə edilməsi sahələrində də süni intellektin rahatlıqla istifadə edilə biləcək potensial sahələr kimi qarşımıza çıxdığını görürük. İrəliləyən zamanda süni intellektin bir çox sahələrə töhfə verəcəyini deyə bilərik.


- Süni intellektə nə qədər etibar edə bilərik?

- Süni intellektə etibar etmək sistemlərin dizayn və həyata keçirilməsi ilə əlaqəlidir. Süni intellekt alqoritmlərin işlənməsi, məlumatların təhlili ilə yaradılan sistemdir. Buna görə də alqoritmləri proqramlayan şəxslərin dünyagörüşündən azad deyil. Süni intellekt sistemləri hansı məlumat alsa, onu işləyəcək və nəticə verəcək. Süni intellekti balaca bir uşaq kimi düşünək. Əgər o uşağa yaxşı şeylər öyrətsəniz cəmiyyətə faydalı bir fərdə çevrilər. Amma pis şeylər öyrətsəniz, cəmiyyət üçün təhlükəli bir fərd olaraq yetişər.
Süni intellekt bu şəkildədir. Bununla yanaşı, dövlətlərin də bir sıra qərarlar verməsi vacibdir. Süni intellektdə şəffaflıq və digər vacib məsələlər şübhəsiz ki, dövlətlərin iradəsi ilə ola biləcək şeylərdir. Bu səbəbdən beynəlxalq sahədə bir sıra qərarların qəbul edilməsi əhəmiyyət daşıyır. Əgər bu ehtiyat tədbirləri alınsa, süni intellekt daha şəffaf və təhlükəsiz hal alacaq. Süni intellektə qarşı böyük bir qərəz mövcuddur. Bu da proqramçıların dünyagörüşündən qaynaqlanır. Bir görüntü işləmə sistemində 10 min nəfər arasında qaradərili - Yaxın Şərqdən olan birini təhlükə olaraq qəbul edirsə, deməli onu yazan proqramçının belə bir qərəzi var. İşin arxa tərəfinə baxaq. Süni intellekt riyaziyyatla işləyir. 1 və 0 rəqəmlərində bir insanın etnik kimliyi, dili, dini, irqi yoxdur. Bu o deməkdir ki, proqramçıların qərəzləri süni intellektə yansıyır. Təbii ki, bunlar sadəcə örnəkdir. Bütün sistemlər belədir deyə, bir şey də yoxdur. Amma bu məsələlərlə bağlı tədbirlər alınmasa, irəliləyən zamanlarda böyük sıxıntılar yaşana bilər.

- Süni intellektlə tezislər, məqalələr kimi mühüm yazıları bir neçə saniyəyə hazırlamaq mümkündür. Bu məsələ haqqında nə düşünürsünüz?

- Xüsusilə dil modellərinin yaradılması ilə mətn əsaslı məzmunların istehsalı asanlaşdı. Süni intellekt heç nəyi sıfırdan istehsal edə bilməz. Bu sistemin xüsusiyyəti əvvəlcədən yüklənmiş məlumatlar ehtiva etməsiri. Bu məlumatlar vasitəsilə məzmunlar ortaya çıxara bilir. Məsələn, sistem sizə Azərbaycan tarixi ilə bağlı mətn hazırlaya bilər. Amma bu sahədə ən böyük problem hallüsinasiyadır. Bu həqiqətə yaxın kimi görünüb əslində belə olmayan uydurulmuş məlumatlardır. Məzmun yaradılması zamanı hallüsinasiyalarla tez-tez qarşılaşmaq mümkündür. Bu da əvvəlcədən yüklənmiş məlumatlara görə əldə edilən nəticədir. O səbəbdən "süni intellektin cavabları 100% doğrudur" düşüncəsi ciddi problemlər yarada bilir. Xüsusilə təqdim edilən referansların 90% uydurma olduğu görünür. Bu səbəblə işləri asanlaşdırmaq üçün üstünlükləri olsa da, tezis və məqalə kimi vacib yazıların bu şəkildə hazırlanması böyük təhlükələr daşıyır. Bir akademik olaraq tələbə dostlarımıza tövsiyəm odur ki, bu sistemlərə çox güvənməsinlər.

- Əvvəlcə süni intellekt yalnız insan kimi düşünə bilirdi. İndi cərrahi əməliyyat edəndən tutmuş mühafizəçilərə qədər hər şeyi yerinə yetirən robotlar var. Necə düşünürsünüz, süni intellekt insan duyğularını bacarıqlarla bərabər götürə bilərmi?

- Süni intellektlə təchiz edilmiş robotlar, kameralar uğurlu nəticələr əldə edəcək. İndi 4-cü sənaye inqilabı gedir, yalnız robotlardan ibarət olan fabriklər fəaliyyət göstərir. Amma bir insanın yerini alacaq şəkildə süni intellektin hisslərinin yaranması ən azından bu günün dünyasında mümkün görünmür. Çünki insanları digər canlılardan ayıran ən önəmli özəllik vicdandır. Hadisələri dəyərləndirən, atacağımız addımları seçən zaman bizim üçün yol göstərən vicdanımızdır. Yaxın gələcəkdə süni intellektin belə bir xüsusiyyətə sahib olmayacağını deyə bilərik. Amma dediyim kimi, bundan 100 il sonra texnologiyanın necə inkişaf edəcəyini bilmərik. Önümüzdəki 10-20 il ərzində bunun olacağını düşünmürəm. Amma təqlid tamam ayrı bir şeydir. Sanki vicdan sahibi imiş, duyğuları varmış kimi təqlid tamam ayrıdır. Süni intellektin yaxın gələcəkdə duyğulara sahib olması görünmür.


MANŞET XƏBƏRLƏRİ