Elm adamları Yer kürəsindəki suyun meteoritlərdən qaynaqlanmadığı və planetin onu təkbaşına əmələ gətirmək qabiliyyətinə malik olduğuna dair yeni iddia irəli sürüblər.
Turkustan.az xəbər verir ki, bu barədə “Icarus” elmi jurnalı yazır.
Suyun mənşəyi böyük əhəmiyyət kəsb edən mövzudur, çünki o, həyatı mümkün edən əsas maddələrdən biridir. Buna görə də hidrogenin nə vaxt və harada əmələ gəldiyini müəyyən etmək lazımdır: hidrogensiz su, susuz həyat mövcud ola bilməz.
Geniş qəbul edilmiş nəzəriyyəyə görə, su komponentləri planetin ilk yarandığı zaman, təxminən 4,5 milyard il əvvəl Yerə düşən meteoritlərdə mövcud olub. Yeni tədqiqata görə, planetimizdə suyun əmələ gəlməsi üçün meteoritlərə ehtiyac olmaya bilər.
Alimlər diqqəti nadir meteorit növü olan enstatit xondrite yönəldiblər. Bu meteoritlər 4,5 milyard il əvvəlki Yerin quruluşuna bənzədikləri üçün planetin erkən tarixi haqqında məlumat verə bilərlər.
Əvvəlki araşdırmalarda belə bir meteoritdə hidrogen aşkar edilmişdi, amma elementin süxurda təbii şəkildə olub-olmadığı, yoxsa sonradan əmələ gəldiyi müəyyən olunmamışdı.
Yeni araşdırmada Böyük Britaniyanın Oksford Universitetinin elm adamları eyni tipli fərqli bir meteoritin kimyəvi quruluşunu üzə çıxarmaq üçün rentgen şüasından istifadə ediblər.
Komanda meteoritdəki hidrogenin kükürd molekulları ilə əlaqəli olacağını düşünərək, şüanı buna uyğunlaşdırıblar. Təəccüblüdür ki, hidrogen sulfid alimlərin gözlədikləri hissədən kənarda - kristal qismdə cəmləşmişdi. Çatlar və ya paslanma olan hissələrdə hidrogenə çox az rast gəlinib. Bu səbəbdən alimlər hidrogenin meteoritdə həmişə mövcud olduğunu, sonradan kənardan gətirilmədiyini düşünürlər. Bu, məşhur nəzəriyyəni dəstəkləyərkən, tədqiqatçılar meteoritin ilkin Yerə bənzədiyini söyləyirlər.
Meteoritdə təbii olaraq əmələ gələn hidrogen sulfidin həcminə əsaslanaraq, elm adamları planetdə həyatı mümkün edən ilk su molekullarını əmələ gətirmək üçün lazım olan hidrogenin də ola biləcəyini iddia edirlər.
Tədqiqatın həmmüəllifi Ceyms Brayson deyir:
“İndi planetimizi yaradan materialın hidrogenlə əvvəllər düşündüyümüzdən qat-qat zəngin olduğunu düşünürük”.
Kəşf Yer kürəsindəki suyun planetimizə çırpılan hidratlı meteoritlərdən yox, təbii proses nəticəsində əmələ gəldiyi fikrini dəstəkləyir. Amma yeni araşdırma müzakirələri qəti şəkildə bağlamır. Bu, suyun Yerdə özbaşına əmələ gələ biləcəyinə dair mühüm sübutlar təqdim etsə də, meteoritlər prosesdə mühüm rol oynamış ola bilərlər./teleqraf