Britaniyalı alimlər səkkiz metr uzunluğunda sirli quruluşlara malik “Prototaxites”in müasir analoqu olmayan, qədim və naməlum bir canlı qrupuna aid ola biləcəyini irəli sürüblər. Bu kəşf əvvəlki nəzəriyyələri şübhə altına alır. Əvvəllər bu orqanizmlərin qədim ağaclar, nəhəng göbələklər və ya yosunlar olduğu düşünülürdü.
Turkustan.az xəbər verir ki, Oxu.az-ın verdiyi məlumata görə, elm adamlarının tədqiqatları “bioRxiv” portalında dərc olunub.
“Prototaxites”in qalıqları ilk dəfə XIX əsrdə Kanadada tapılıb və onun təbiəti ilə bağlı alimlər uzun müddət fikir ayrılığı yaşayıblar.
Son araşdırma göstərib ki, o, nə bitki, nə göbələk, nə yosun, nə də heyvandır – onun hüceyrə quruluşu və kimyəvi tərkibi bütün tanınmış canlılardan fərqlənir.
Alimlər hesab edirlər ki, bu varlıq çoxdan məhv olmuş, tamamilə fərqli bir həyat formasına aid olub.
Onun nəyə görə yoxa çıxması isə hələ də sirr olaraq qalır. Ola bilsin, təbii fəlakətlər və ya təkamül dəyişiklikləri bu sirli orqanizmin sonunu gətirib. Gələcək araşdırmalar isə Yer üzündə həyatın keçmişi barədə yeni, sensasiyalı məlumatlar üzə çıxara bilər.