Alimlər kainatın taleyini birbaşa müəyyən edən sirli qüvvə - qaranlıq enerjinin mahiyyətini anlamağa çalışırlar. Bu möhtəşəm qüvvə kainatın təxminən 70%-ni təşkil edir, ulduzları və qalaktikaları fasiləsiz olaraq bir-birindən uzaqlaşdırır və hətta bu genişlənmə sürətlənir.
Turkustan.az "APNews"a istinadən xəbər verir ki, indi isə alimlər qaranlıq enerjinin davranış modelini daha dəqiq başa düşməyə bir addım daha yaxınlaşıblar. Əsas sual budur: Qaranlıq enerji alimlərin uzun müddətdir düşündüyü kimi sabit bir qüvvədirmi, yoxsa son bir ildə ortaya atılan və onun zamanla zəifləyə biləcəyini irəli sürən təəccüblü fikir doğrudurmu?
Çərşənbə günü Amerika Fizika Cəmiyyətinin konfransında təqdim olunan yeni nəticələr qaranlıq enerjinin zəiflədiyini göstərən nəzəriyyəni dəstəkləyir. Lakin alimlər hələ də dəqiq nəticəyə gələ bilməyib və bunun kainat anlayışımıza necə təsir edəcəyini araşdırırlar.
Bu son tədqiqat kainatın 11 milyard illik tarixində qalaktikaların necə yayıldığını və qruplaşdığını göstərən üçölçülü bir xəritə yaratmaq üçün beynəlxalq alimlər qrupunun apardığı araşdırmalar nəticəsində əldə edilib. Qalaktikaların hərəkətinin diqqətlə öyrənilməsi, onların hansı qüvvələrin təsiri altında olduğunu anlamağa imkan yaradır.
Qaranlıq enerjinin dəyişən təbiəti?
"Qaranlıq Enerji Spektroskopik Aləti" ("DESI") adlı beynəlxalq tədqiqat qrupu ötən il 6 milyon qalaktika və kvasarın ilk təhlilini yayımlamışdı. İndi isə əlavə məlumatlarla bu rəqəm təxminən 15 milyona çatıb. Partlayan ulduzlar, erkən kainatdan qalan işıq və qalaktikaların formasında baş verən dəyişikliklər kimi müxtəlif ölçmələrə əsaslanan bu yeni nəticələr, qaranlıq enerjinin azalmaqda ola biləcəyini irəli sürən əvvəlki nəzəriyyəni təsdiqləyir.
Tədqiqatda iştirak etməyən Pensilvaniya Universitetinin kosmoloqu Bhuvneş Cain bu nəticələrin "çox təəccüblü" olduğunu və əgər təsdiqlənərsə, "kosmologiya haqqında bildiyimiz hər şeyi yenidən düşünməyə məcbur edə biləcəyini" qeyd edib.
Lakin qaranlıq enerjinin sabit olduğu fikrini tamamilə rədd etmək üçün hələ tezdir. Çünki yeni tapıntılar hələ də fizikanın tələb etdiyi dəqiqlik səviyyəsində statistik sübutlarla təsdiqlənməyib. "DESI" tədqiqat qrupu 2026-cı ilə qədər təxminən 50 milyon qalaktika və kvasarın xəritəsini çıxarmağı hədəfləyir. Bununla yanaşı, "Avropa Kosmik Agentliyi"nin "Euclid" missiyası və Çilidəki "Vera C. Rubin Rəsədxanası" kimi digər beynəlxalq layihələr də qaranlıq enerji üzərində araşdırmalar aparır və yaxın illərdə öz nəticələrini dərc etməyi planlaşdırırlar.
Araşdırmada iştirak etməyən, Cənubi Kaliforniya Universitetinin kosmoloqu Kris Pardo isə belə bir nəticəyə gəlmək üçün "eyni standartlara uyğun aparılmış bir neçə fərqli tədqiqatın bu nəticəni təsdiqləməsini" gözlədiklərini vurğulayıb.
Kainatın sonu necə olacaq?
Əgər qaranlıq enerji sabit qüvvə olaraq qalarsa, alimlər hesab edir ki, kainat sonsuza qədər genişlənəcək və zamanla daha soyuq, daha tənha və daha hərəkətsiz bir hala gələcək.
Lakin əgər qaranlıq enerji zamanla zəifləyirsə – ki, hazırda bu ehtimal daha real görünür – kainat bir gün genişlənməni dayandıra və nəhayət, "Böyük Çöküş" (Big Crunch) adlanan hadisə ilə öz üzərinə çökə bilər. Dallasdakı Texas Universitetinin kosmoloqu və araşdırmanın əməkdaşlarından biri olan Mustafo İşak-Buşaki bu ssenarinin "ən xoşbəxt son" kimi görünmədiyini, lakin bir növ "tamamlanma" hissi verdiyini qeyd edib.
"İndi hər şeyin sona çatma ehtimalı var", deyən İşak-Buşaki, sonda belə bir sual qoyub: "Bunu yaxşı, yoxsa pis bir şey kimi qiymətləndirməliyik? Hələ bilmirəm". /qaynarinfo.az/