Blokçeyn texnologiyası haqqında ilk məlumat Satoşi Nakamoto adlı bir internet istifadəçisi tərəfindən açıqlanıb.
Turkustan.az xəbər verir ki, Satoşi Nakamoto 2009-cu ildə blokçeyn əsaslı kriptovalyuta olan Bitkoini istifadəyə verib və blokçeyn texnologiyası ilk dəfə real tətbiq olunub.
Lakin Satoşi Nakamoto adlı internet istifadəçisinin real həyatda kim olduğu bu günə qədər bilinmir. O, 2011-ci ildən etibarən internetdən tamamilə yoxa çıxıb. Bu səbəbdən blokçeyn texnologiyası və Bitkoinin kim tərəfindən, ya da kimlər trəfindən yaradıldığı məlum deyil.
Qeyd edək ki, blokçeyn texnologiyası Bitkoinlə birlikdə yaradılsa da, sonradan bu sistem bankçılıq, sənəd idarəetməsi, səsvermə və bir çox başqa sahələrdə istifadə olunmağa başlayıb.
Hər kəs Bitkoin haqqında məlumatlı olsa da, çox az insan onun nə olduğunu və ümumiyyətlə blokçeyn texnologiyasının necə işlədiyini bilir.
Blokçeyn texnologiyasını rəqəmsal reyestr də hesab etmək olar. Blokçeyn texnologiyasının digər rəqəmsal reyestrlərdən fərqi odur ki, burada məlumatlar vahid bazada toplanmır və heç kim bu məlumatları dəyişdirə bilmir. Blokçeyn texnologiyasına əsaslanan məlumat bazası eyni vaxtda milyonlarla kompüterə bağlı olur. Hər hansı yeni bir məlumat daxil edildikdə həmin məlumatın mövcud olduğu digər daşıyıcılarda da bu məlumatla bağlı müvafiq qeydlər aparılır. Məsələn, siz yeni bir Bitkoin aldığınız və ya satdığınız zaman bu məlumat dünyada mövcud olan digər Bitkoinlərdəki məlumatlarla uyğunluq təşkil etməlidir.
Blokçeyn ən sadə dillə desək, rəqəmsal bir dəftər kimidir. Bu dəftərdə edilən bütün qeydlər (məlumatlar) sıralı, dəyişdirilə bilməyən və hər kəsə açıq şəkildə saxlanılır.
Təsəvvür edin ki, bir qrup insan birgə istifadə etdiyi böyük bir dəftər (blokçeyn) saxlayır. Hər dəfə kimsə kiməsə pul göndərdikdə, bu əməliyyat dəftərə yazılır. Amma bu dəftərdəki qeydləri heç kim silə və dəyişdirə bilmir. Yalnız yeni əməliyyatlar əlavə edilə bilər.
Yaxud, təsəvvür edin ki, siz domino daşlarını düzürsünüz. Hər yeni daş əvvəlkinin üstünə gəlir. Əgər ortadakı bir daşı götürməyə çalışsanız, bütün sistem pozular. Blokçeyn də buna bənzəyir – hər bir məlumat blok şəklində öncəki bloklarla bağlıdır. Əgər kimsə ortadakı bir bloku dəyişmək istəsə, sistemdəki bütün bloklar təsirlənəcək və bu mümkün olmayacaq. /Yeniavaz.com/