İlahiyyatçı Elşad Mirinin İsa peyğəmbərlə bağlı fikirləri müzakirələrə səbəb olub. Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən dinşünas iddia edib ki, Hz.İsanın həyatı boyu xristianlıqdan xəbəri olmayıb. Bu isə əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb.
Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, İsa peyğəmbər əslində müsəlman olub:
“Elşad Mirinin bu fikri xristianlıq tarixinin formalaşması baxımından müəyyən qədər doğrudur. İsa peyğəmbərin dövründə xristianlıq adlı ayrıca bir din yox idi. O, özünü yəhudi peyğəmbəri kimi təqdim edirdi. Əsas vəzifəsi “Tövrat”ın qanunlarını izah etmək və İsrail övladlarını Allahın doğru yoluna yönəltmək idi. Xristianlıq adı isə İsa peyğəmbərin ölümündən sonra, xüsusilə həvarilərin (İsanın ardıcılları) və Pavelin (xristianlıq tarixində ən böyük missioner) fəaliyyəti nəticəsində formalaşdı. “Xristian” adlandırılan ilk qrup Antakyada ortaya çıxdı. İsanın gətirdiyi dini təlimlər sonradan dəyişdirildi, yepiskoplar şəbəkəsi quruldu və Roma İmperiyası dövründə bu təlimlərə müxtəlif əlavələr edildi. Bununla belə, İsa peyğəmbərin gətirdiyi dinin mahiyyəti islamın təbliğ etdiyi tövhid inancı ilə üst-üstə düşür. O, Allaha ibadət etməyə çağırırdı, lakin sonradan xristian teologiyasında trinitarizm anlayışı ortaya çıxdı. Elşad Mirinin fikri müəyyən tarixi kontekstdə əsaslıdır”.
Əkrəm Həsənov
Ə.Həsənov bütün peyğəmbərlərin insanları təkallahlığa dəvət etdiyini vurğulayıb:
“Quranda açıq şəkildə bildirilir ki, hər bir peyğəmbər öz qövmünə “Allahdan başqasına ibadət etməyin” mesajını verib. Məsələn, Nuh peyğəmbər qövmünü bütpərəstlikdən çəkindirərək, Musa peyğəmbər İsrail övladlarını Fironun zülmündən azad edərək, İbrahim peyğəmbər bütlərə ibadəti rədd edərək yalnız Allaha yönəlib”.
İlahiyyatçı deyib ki, Məhəmməd peyğəmbər tövhid mesajını təsdiq edib və onu bütün insanlığa çatdırıb:
“Beləliklə, Allah tərəfindən göndərilmiş bütün peyğəmbərlər eyni təməl prinsipi yayıblar. Onların gəlişinin məqsədi insanları Allahın qanunlarına uyğun yaşamağa yönəltmək və haqq yola dəvət etmək olub”.