Astroloq Səbuhi Rəhimlidən maraqlı proqnozlar: 2025-ci ildə nələr baş verəcək?


“İlan ili tarixən daha çox qıtlıq və bahalaşma ili kimi yadda qalıb”.

Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, ilan illərində həm də boşanmalar və münasibətlərin pozulması çox olur:

“2025-ci ildə dünyada hansısa böyük müharibənin olacağı proqnozlaşdırılmır. Daha çox sülhlər olacaq. Bunu xüsusən də ilin ikinci yarısına aid etmək olar. Məsələn, Rusiya-Ukrayna müharibəsi gələn ilin ikinci yarısına keçməyəcək.

Yəni bu müharibə ilin ilk 6 ayında bitəcək. Lakin yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın dediyi kimi Rusiya-Ukrayna müharibəsi 1 günə bitməyəcək. Çünki heç kim onu 1 günə saxlaya bilməz.

Müharibənin qalibi isə Rusiya və ya Ukrayna deyil, İngiltərə ilə ABŞ olacaq. Böyük ehtimalla, tərəflər arasında atəşkəs imzalanacaq”.

Astroloq Suriyanın gələcəyi barədə də danışıb: “Suriya Əfqanıstan və ya İraq kimi olmayacaq. Suriyada sivil bir dövlət qurulacaq.

Oradakı PKK terrorçuları və digər qanunsuz silahlı birləşmələr zərərsizləşdiriləcək. Colani kimi tanıdığımız Əhməd əş-Şara isə Suriya prezidenti olmayacaq. O, keçid hökumətindən sonra vəzifəsindən gedəcək”.

Səbuhi Rəhimli 2025-ci ildə dünyada baş verməsi ehtimal olunan müharibələrdən də söz açıb: “Yaxın Şərqdəki müharibə 2025-ci ildə davam edəcək. İsrail ən azı payız ayına qədər irəliləyəcək. Lakin gələn il İranla İsrail arasında hər hansısa müharibənin olacağı gözlənilmir.

Bundan başqa, son zamanlarda bəziləri Türkiyə ilə İsrail arasında da müharibə olacağını iddia edirlər. Ancaq yaxın gələcəkdə bu iki ölkə arasında da müharibənin olacağı proqozlaşdırılmır. Həmçinin, Şimali Koreya-Cənubi Koreya, Çin-Tayvan, Hindistan-Pakistan arasında da 2025-ci ildə müharibə olmayacaq. Düzdür, hansısa gərginliklər və atışmalar yaşana bilər, amma bu, müharibəyə çevrilməyəcək. Buna baxmayaraq, bəzi ölkələrdə vətəndaş müharibəsi ola bilər. Donald Trampın ABŞ Prezidenti seçilməsi dünyaya hər hansısa dəyişiklik gətirməyəcək. Onun əsas hədəfi İran olacaq”.

Müsahibimiz sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı da proqnoz verib: “Azərbaycanla Ermənistan arasında 2025-ci ilin ilk yarısında sülh müqaviləsi imzalanmayacaq. Lakin ilin ikinci yarısında bunun olma ehtimalı var. Zəngəzur dəhlizinin isə 2025-ci ildə açılacağını proqnozlaşdırmıram”.

Astroloq nüvə müharibəsi riskinə də toxunub: “Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Bu isə o deməkdir ki, 2025-ci ildə nüvə müharibəsi olmayacaq. Hətta bizim yaşadığımız dövrdə nüvə müharibəsinin olması gözlənilmir”.


MANŞET XƏBƏRLƏRİ