2025-ci ildə dünyamızı nələr GÖZLƏYİR...


2025-ci il yaxınlaşdıqca ekspertlər və beynəlxalq təşkilatlar gələn il üçün proqnozlar irəli sürür, yeni meyillər və tendensiyalar barədə fikirlərini açıqlayır.

"Institute for the Future" təşkilatının proqnozlarına görə, gələn il çoxqütblü dünya nizamının güclənməsi, ABŞ-ın rolunun azalması, ticarət münasibətlərində gərginliyin artması, süni intellektin həyatımıza daha da dərin inteqrasiyası və ekoloji problemlərin daha geniş miqyasda qarşıya çıxması kimi tendensiyalarla müşahidə olunacaq.

2025-ci ildə qlobal iqtisadi artım 3 faiz ətrafında olacaq ki, bu da 2024-cü ilə nisbətən bir qədər aşağıdır. İqtisadi artımın zəifləməsinin səbəblərindən biri inkişaf etmiş ölkələrdəki demoqrafik problemlər və Çin iqtisadiyyatının struktur problemləri olacaq.

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi qlobal siyasi vəziyyətə böyük təsir göstərəcək. Trampın "Amerikanı yenidən qüdrətli etmək" siyasəti proteksionizmin güclənməsinə səbəb ola bilər. Bu da ABŞ-ın ənənəvi müttəfiqləri ilə gərginliyi artıracaq və Çin ilə ticarət münüasibətlərinin şiddətlənməsinə yol açacaq.

ABŞ və Çin qlobal iqtisadiyyatda lider mövqeyini qoruyacaq, lakin onlar arasındakı rəqabət daha da güclənəcək. ABŞ-ın iqtisadi artım tempinin 2,7 faiz olması gözlənilsə də Çinin artım sürəti 4,5 faizə çatacaq. Ticarət müharibəsi və texnologiya sahəsindəki qarşıdurmalar hər iki ölkə üçün vacib məsələlərdən biri olacaq. Çin ABŞ-ın ticarət tarifləri və texnoloji məhdudiyyətlərinə qarşı mübarizə aparacaq.

2025-ci ildə qlobal münasibətlər daha çox çoxqütblü olacaq. İnkişaf etməkdə olan ölkələrin, xüsusən Çin və Hindistanın təsiri artacaq. Çin və Hindistan yalnız iqtisadi cəhətdən deyil, həm də siyasi və hərbi cəhətdən də öz mövqelərini gücləndirəcək. Bu çoxqütblü nizamda regional güclərin - məsələn, Türkiyə, İran və İndoneziyanın rolu daha da artacaq. Bu ölkələr strateji əlaqələrdən istifadə edərək beynəlxalq səviyyədə öz maraqlarını gücləndirəcəklər. Səudiyyə Ərəbistanı və digər Orta Şərq ölkələri güclü dövlətlərlə əməkdaşlıq edərək regional məsələlərə daha çox təsir edəcəklər.

Süni intellekt sahəsində böyük irəliləyişlər gözlənilir. Bu texnologiyanın müxtəlif sahələrə tətbiqi iş yerlərinin avtomatlaşdırılması və məhsuldarlığın artması ilə nəticələnəcək. Eyni zamanda sosial və iqtisadi məsələlərdə ciddi dəyişikliklərə səbəb ola bilər.

İqlim dəyişikliyi ilə mübarizə və təmiz enerji texnologiyalarına sərmayə qoyuluşu sürətlənəcək. Çin günəş panelləri və elektrikli avtomobillər sahəsində lider olaraq qalacaq.

Qlobal istiləşmə və ətraf mühitin qorunması məsələləri hələ də ən böyük təhdidlərdən biridir. Ekstremal hava hadisələri daha tez-tez baş verəcək. İçməli su və qida məhsulları üzrə qlobal çatışmazlıqlar ciddi şəkildə böyüyəcək, bu da gələcəkdə yeni münaqişələrə və sosial narazılıqlara səbəb ola bilər.

İnkişaf etmiş ölkələrdə əhalinin yaşlanması davam edəcək, bu isə sosial xidmətlər və səhiyyə sistemlərinə əlavə yük qoyacaq. Bu, həm də iqtisadi artımı zəiflədə bilər, çünki işçi qüvvəsinin sayı azalacaq.

Şəhərlərin böyüməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktura böyük sərmayə qoyuluşunu tələb edəcək.

2025-ci ildə kriptovalyutaların və rəqəmsal aktivlərin tənzimlənməsi üzrə qlobal hüquqi çərçivə formalaşacaq. Bu kripto bazarının daha sabit və təhlükəsiz olmasına səbəb olacaq.

Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, ekspertlər 2025-cu ildə qlobal miqyasda aşağıdakı meyllərin müşahidə olunacağını proqnozlşdırır.

— Ticarət münasibətləri kəskinləşəcək,
— Qlobal iqtisadi böhran riski artacaq
— ABŞ qlobal liderlik rolunu itirməyə davam edəcək, regional mərkəzlərin təsiri artacaq;
— Robotlaşdırılmış sistemlərin və süni intellektin rolu güclənəcək
— Rəqəmsallaşma trendi davam edəcək;
— Kriptovalyutaların tənzimlənməsi güclənəcək;
— İçməli su çatışmazlığı artacaq;
— Borc böhranı ehtimalı yüksəkdir;
— Enerji böhranı ehtimalı yüksəkdir;
— İnsanlar yaşlanmağa davam edəcək;
— Şəhərlərə köç davam edəcək.


MANŞET XƏBƏRLƏRİ