Havada böyük çaxnaşma: Sərnişinlərin burun və qulaqlarından qan axdı


“Delta Airlines” şirkətinə məxsus təyyarədə kabinədəki təzyiq problemi səbəbindən sərnişinlərin burnundan və qulaqlarından qan gəlib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Yutadan Oreqon şəhərinə uçan Delta Hava Yollarına məxsus təyyarədə böyük panika yaşanıb.

Bəzi sərnişinlərin kabinə təzyiqində yaranan problemdən sonra burun və qulaqlarından qan axdığı bildirilib.

Təyyarədə baş verən insidentlə bağlı açıqlama verən aviaşirkətin sözçüsü, "15 sentyabrda 1203 saylı uçuşda yaşadıqları təcrübəyə görə müştərilərimizdən səmimi qəlbdən üzr istəyirik. Uçuş heyəti Yutaya qayıtmaq üçün prosedurlara əməl etdi və yerdəki komandalarımız bizə dəstək verdi”.

Sözçünün açıqlamasında bildirilir ki, Delta texniki işçiləri təzyiq problemini həll edib və ertəsi gün təyyarə xidmətə qayıdıb.

Təyyarədə olan bir sərnişin yaşadıqlarını belə izah etdi:

"Həyat yoldaşıma baxdım, o, hər iki əli qulağının üstündə, bir az irəli əyilmişdi. Arxamdakı dəhlizdən o tərəfə baxanda burnu qanamış bir sərnişin gördüm, insanlar ona kömək etməyə çalışırdılar".

Digər bir sərnişin isə qulağının bıçaqlandığını hiss etdiyini və “qulağımı tutub əlimi geri çəkdim, üstündə qan var idi” dedi.

Hadisə zamanı ciddi xəsarət alan olmadığı bildirilsə də, tibb işçiləri uçuşdan sonra müalicəyə ehtiyacı olan 10 nəfərin olduğunu açıqlayıb.

ABŞ Federal Aviasiya Administrasiyası hadisəni araşdıracağını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ