Bakıda qadın sərnişinə zor tətbiq edən "Prius" sürücüsü CƏZALANDIRILDI - VİDEO


Bakıda "Prius" sürücüsü ilə qadın sərnişini arasında baş verən mübahisənin təfərrüatı bəlli olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polisin keçirdiyi tədbirlərlə "Toyota Pirus" markalı avtomobilin sürücüsü müəyyən olunub:

"Araşdırma zamanı məlum olub ki, sürücü mübahisə etdiyi şəxslə əvvəldən tanışdı. Onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Həmin qadın onun müştərisi olmayıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub".

Qeyd edək ki, bu maddənin tələblərinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.


MANŞET XƏBƏRLƏRİ