Bakıda avtobus sürücüsü piyadanı döyüb. "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb.
Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Məlumata görə, Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub.
Modern.az hadisə ilə bağlı “Bakubus” MMC ilə əlaqə saxlayıb.
Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün, saat 19:30 radələrində BakuBus MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90-JY-786 dövlət qeydiyyat nişanlı avtobusda sürücü ilə piyada arasında insident baş verib.
Qeyd edilib ki, video müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Əsgərov Babək piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş,piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz insident yaşanıb:
“BakuBus MMC xidmət keyfiyyətini və sərnişin məmnuniyyətini fəaliyyətinin əsas prioriteti hesab edir və bu kimi hallarda mövqeyi birmənalıdır. Belə hadisələr zamanı dərhal müdaxilə edilir və zəruri tədbirlər görülür. Sözügedən hadisə ilə bağlı sürücü Əsgərov Babəkin əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib.”.