“Ötən günlərdə Bakıda itkin düşən üç rəfiqələrdən biri hazırda bizim sığınacaqdadır. O aqressivdir, boyun hissəsində zədələr var. Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir".
Turkustan.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, belə yeniyetmələr reabilitasiyaya çox çətinliklə cəlb olunurlar:
"Hər zaman qaçmaq ehtimalları var. Düşünürlər ki, onlar ən düzgün addımı atırlar. Qız hələki yeni gəlib. Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq.
Dünən axşam saatlarında isə bizə zəng olundu ki, qızlardan birini valideyn tapıb. Qızın sinif yoldaşının valideyni deyib ki, qızı birtəhər razı salmışıq. Dedim dərhal polisə müraciət etsinlər, getməyə, qalmağa yeri yoxdur. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Bu cür uşaqlar telefon istifadəsindən asılı olduqları üçün qadağalar onları aqressivləşdirir. Amma zamanla düzəlirlər, reabilitasiya başlayandan sonra başları qarışır və telefonu da unudurlar".
K.Ağazadə bildirib ki, yeniyetməni sorğu-suala çəkmək çox tezdir:
"Niyə bu addıma atmasına ilə ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”.
Qızlardan biri iki il əvvəl sığınacağa gətirilib, amma ...
K.Ağazadə itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: “Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burda qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlavə saxlayırdıq, o da bizə “Sabah gətirəcəm”, “Bu gün gətirəcəm” dedi amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi bizdə qeydiyyatda olub, bir gün də qalmışdı".
Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.